3a812c47-87ba-4bbe-a4f5-6e74380f4cee..jpg

Çörək qırıntıları ilə böyüdü, erməni terrorunda həlak oldu: Böyük bəstəkarımızın faciəvi həyatı – FOTO

Baxış sayı: 979 dəfə baxılıb.

Çörək qırıntıları ilə böyüdü, erməni terrorunda həlak oldu: Böyük
bəstəkarımızın faciəvi həyatı – FOTO

Bu gün Xalq artisti, bəstəkar Rafiq Babayevin doğum günüdür.

Kulis.az onun haqqında maraqlı faktları təqdim edib.

Rafiq Babayev 1936-cı il martın 31-də Bakıda xüsusi xidmət orqanı əməkdaşı
olan Fərzi Babayevin ailəsində dünyaya gəlib. O, doğulandan bir il sonra atası
SSRİ Xalq Daxili İşlər Komissarlığı orqanları tərəfindən həbs olunaraq
güllələnmə cəzasına məhkum olunur. Beş uşaqlı ailənin sonbeşiyi olan Rafiq
atasının üzünü görmür.

Rafiq Babayev repressiya və müharibə dövrünün ağır sınaq günlərini anası
Şahbəyim xanım və digər bacı-qardaşı ilə birlikdə keçir. Şahbəyim xanım çox
böyük əziyyətlərlə övladlarını böyüdüb sənət sahibi edir və ömrünün sonuna
qədər oğlu Rafiqin evində yaşayır.

Beləliklə, Babayevlər ailəsində övladların hər biri peşəkar musiqi təhsili
alırlar. 1937-ci ildə həyat yoldaşının güllələnməsindən sonra evdəki əşyalar
müsadirə edilərkən Şahbəyim xanım böyük çətinliklə də olsa, uşaqlar üçün ən
qiymətli əşyanı – pianonu qoruyub saxlaya bilir.

1943-cü ildə Rafiq musiqi məktəbinə daxil olur. Musiqi istedadı ilə yanaşı, o
riyaziyyat fənnini gözəl bilirdi. Məktəbin direktoru, tanınmış pianoçu Kövkəb
Səfərəliyeva Rafiqə paralel olaraq 160 saylı orta məktəbdə də təhsil almağa
icazə verir. 1950-ci ildə Rafiq Asəf Zeynallı adına musiqi məktəbinin
fortepiano sinfinə daxil olur. Pedaqoq R. S. Levinanın sinfində təhsil alan
Rafiq öz qabiliyyəti sayəsində başqalarından seçilir.

Ailə üzvlərinin demək olar ki, hamısı musiqi ilə məşğul olduğundan bir müddət
sonra Babayevlərin evi musiqi ocağı kimi Bakı gənclərinin diqqətini cəlb edir.
Əzizbəyov küçəsindəki bu mənzildə müzakirələr səhərə qədər davam edirdi. Rafiq
Babayev caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını
təkmilləşdirir. Hətta 160 saylı məktəbdə o, özünün “caz-band”ını da yaradır.
1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə
yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilir.

Rafiq Babayev bəstəkar Fikrət Əliyevin məsləhəti ilə konservatoriyaya daxil
olmağa hazırlaşır. Lakin onun riyaziyyata olan marağı Rafiqi seçim qarşısında
qoyur. Lakin Rauf Atakişiyevin səyləri nəticəsində o, musiqini seçir. Tələbəlik
illərindən Rafiq Babayevlə müəllimi, professor Rauf Atakişiyev arasında möhkəm
dostluq başlayır və bu münasibətlər uzun müddət davam edir.

Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən sənətçi konservatoriyanı
bitirib, musiqi qrupunun rəhbəri kimi Sovet İttifaqının müxtəlif şəhərlərinə
uzunmüddətli qastrol səfərlərinə çıxır. Üç il, 1960-1962-ci illərdə qrupa
rəhbərlik edir. 1962-ci ildə qrup parçalanır və onlar Bakıya cibləri pulla dolu
qayıdırlar. Bu vaxta qədər heç vaxt Azərbaycandan olan caz ifaçıları belə
yüksək qonorar almamışdılar. Gənc sənətçi bu pula anasına mebel, özünə isə
royal alır. Digər tərəfdən bu üç il sənətçinin yaradıcılıq həyatında da mühüm
rol oynayır: onun yaradıcılıq fəaliyyətinin coğrafiyası genişlənir və vətənin
sərhədlərini aşır.

Bəstəkarın qızı Fərizə xanım atası haqqında xatirələrini bölüşərkən deyir:

“Nənəm evində olan bütün əşyalarını satıb ki, uşaqları acından ölməsin.
Sonralar evi dolandıra bilmək üçün tikiş fabrikində üç növbə ilə işləyib. Atam
danışırdı ki, “payok”la alınan çörək doğranandan sonra yerdə qalan qırıntıları
yemək üçün qardaş və bacılar arasında növbətçilik müəyyən olunubmuş. Hər gün bu
qırıntıları ailə üzvlərindən biri ovcuna yığıb yeyirmiş. Yadıma gəlir ki,
sonralar da nənəm heç vaxt çörək qırıntılarını atmırdı. Atamın o biri qardaş və
bacıları işləsə də, onlar yenə də kasıb olublar. Təsəvvür edin ki, onların
evində mebel əşyası olmayıb. Ona görə də atam istəyib ki, anasına maddi kömək
etsin. Üç illik qastrolu seçməyinin səbəbi də maddiyyat olub. Nənəm həmişə
xatırlayırdı ki, atam qastroldan qayıdanda cibindəki pulları “paçka” ilə
çıxarıb göyə səpələyib, anasını qucaqlayıb deyib ki, ana get, evimizə divan,
mebel, ürəyin istəyən hər şeyi al”.

20 yanvar hadisələri, ardınca baş verən Qarabağ müharibəsi bəstəkara dəhşətli
dərəcədə təsir edir. Qarabağ müharibəsi başlananda, səfərbərlik elan olunur. Bu
zaman musiqiçiləri də müharibəyə aparırlar. Rafiq Babayev isə buna kəskin
etiraz edir. Deyir onsuz da müharibə insanları öldürür, heç olmasa musiqiçiləri
qorumaq lazımdır. Çünki onlar mədəniyyətin formalaşmasına xidmət edən
insanlardılar. Onlar olmasa, bu xalqın mədəniyyətini kim təbliğ edəcək. Həmin
vaxtı o, vağzala qədər gedib müharibəyə aparılan musiqiçiləri, rəqqasları
qatardan düşürdür.

Sonralar Cəbrayıl Lotfi adlı mesenat ona kollektivini saxlamaq üçün hər ay
lazım olan vəsaiti ayıracağını, köməklik edəcəyini deyir və bunu yerinə
yetirir. Onun köməkliyi sahəsində bəstəkar kollektivini genişləndirir, böyük
heyətli ansambl yaradır.

Rafiq Babayev çox vətənpərvər adam olub. Ona dəfələrlə Amerikada, Avropada
yaşamaq təklif olunsa da, onunla müqavilə bağlamaq, müəyyən işlər görmək
istəsələr də o, razı olmayıb. Bakıdan kənara çıxmayıb. Hətta ən çətin
vaxtlarda, maddi çətinlik çəkdiyi dövrlərdə belə bu kimi təkliflərdən imtina
edir.

Qızı Fərizə Babayeva müsahibələrinin birində deyir:

“Xüsusi partitura, yaxud nəsə geniş musiqi yazmaqla arası yox idi. Təzə bir
şeyi məşq edirdilərsə, əlüstü hər kəsin parçasını fərdi qaydada onun
tonallığına, ifa qabiliyyətinə uyğun şəkildə işləyib verirdi və sonra həmin
kağızlar atılırdı. Bu səbəbdən evdə onun not yazıları qalmayıb. Səhər
yeməyindən sonra onun idmanı Şopenin etüdlərinin ifası olurdu. Şopen onun üçün
əvəzolunmaz düha idi. Bir də Raxmaninov. Müəllimi Rauf Atakişiyev ona royal
bağışlamışdı, həmin royalda moderator funksiyası vardı, royalın səsini almaq
olurdu. Atam alətin səsini alıb qonşuları narahat etmədən gecələr də rahat
məşğul ola bilirdi”.

1994-cü il martın 19-da erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə
Bakının “20 Yanvar” metro stansiyasında dəhşətli terror aktı törədilir. Bu
terror nəticəsində həlak olan 14 nəfər arasında Rafiq Babayev də olur.

Qızı Gülarə Babayeva xatırlayır:

“Metroda terror baş verməsi xəbəri ildırım sürətilə yayılmışdı. Atam həmin gün
səsyazma studiyasına, sonra Mahnı Teatrına getməli idi. Axşamüstü onu Mahnı
Teatrından axtarmağa başlamışdılar. Bakıda böyük faciə baş vermişdi, bütün
şəhər ayaqda idi, hamı narahat olmuşdu. Ağlımıza gəlmirdi ki, atamız da o
qatarda ola bilər, amma vaxt keçdikcə narahatlıq pik həddə çatırdı. Bacımın
yoldaşı morqları axtarmağa başladı. Bir şey olan kimi bayıra cumurduq. Hər
xəbərə hazır idik, bircə buna yox. Səs eşidən kimi hamımız bayıra cumduq,
mərhum kürəkənimiz həkim idi, atamla çox doğma münasibətləri vardı. Onu görən
kimi hər şeyi başa düşdüm. Çiyinləri sallanmışdı, gözlərindən yaş axırdı…”

Source link