“Dəmirçi Plaza”da meneceri güllələyən sürücüyə 18 il cəza verildi – FOTO

“Dəmirçi Plaza”da meneceri güllələyən sürücüyə 18 il cəza verildi – FOTO

Baxış sayı: 9. 093 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Elşən Bəşirovun (1989-cu il) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il yanvarın 7-də metronun “Xətai” stansiyasının yanında, “Demirchi Plaza” MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə sürücü işləyən Elşən Bəşirov münaqişə zəmnində odlu silahdan atəş açaraq satış üzrə menecer – Masallı rayon sakini Əli Ağalını qətlə yetirib. 

Hadisədən sonra Bəşirov Xətai RPİ 37-ci polis bölməsinə könüllü təslim olub, ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan “COBALT” markalı tüfəng götürülüb.

İstintaqın gedişatında məlum olub ki, qətldən bir gün əvvəl Elşən Bəşirovla Əli Ağalı arasında mübahisə yaranıb. Narazılıq hər iki şəxs şirkətə məxsus avtomobillə Hava Limanına gedərkən baş verib. Aeroportda Ə.Ağalı sürücüyə vitrinin arxasına keçməklə bağlı irad bildirib və tərəflər arasında münasibət daha da kəskinləşib. 

Özündən dörd yaş kiçik iş yoldaşının ona olan münasibətini qəbul edə bilməyən Bəşirov səhərisi gün özünə məxsus olan ov tüfəngini götürüb iş yerinə gəlib. O, ofisdə Ə.Ağalıya yaxınlaşaraq bir neçə dəfə atəş açıb. Başından güllə yaraları alan 24 yaşlı zərərçəkən hadisə yerindəcə keçinib.

Məhkəmənin hökmü ilə E.Bəşirov 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

www.ÇıxışYolu.Com