33049010-ac2b-42a1-9786-15a7d9cd7a1f..jpg

“Dəmir yumruğun” Qırxqız dağlarında ikinci sədası: Separatçıların sonu çatdı – ŞƏRH + FOTO

Baxış sayı: 605 dəfə baxılıb.

“Dəmir yumruğun” Qırxqız dağlarında ikinci sədası: Separatçıların sonu çatdı –
ŞƏRH + FOTO

Qarabağ bölgəsində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələrinin
birləşmələri Azərbaycan Ordusunun qısamüddətli antiterror tədbirlərindən sonra
silahı yerə qoyaraq təslim olmağa məcbur edildilər. Azərbaycan Müdafiə
Nazirliyinin bu gün yaydığı məlumata əsasən, Azərbaycanın Qarabağ bölgəsində
yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni
silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan
çıxır və tam şəkildə tərk-silah olunurlar. Paralel şəkildə bütün silah-sursat
və ağır texnika da təhvil verilir. Bundan əlavə, Prezident Administrasiyasının
təklif etdiyi kimi, ölkə Konstitusiyası və qanunları əsasında reinteqrasiya
məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin
nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.

Üç ilə yaxın müddətdə Azərbaycan Ermənistan rəhbərliyi ilə dünyanın müxtəlif
şəhərlərində sülh danışıqları apardı və hər dəfə də qarşı tərəf müxtəlif
bəhanələr gətirib, prosesi uzatmağa çalışdı. Dünya birliyi də şahid oldu ki, 44
günlük Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ iqtisadi zonasında yaşayan
ermənilərin reinteqrasiyası, onların problemlərinin həlli ilə bağlı çoxsaylı
təkliflərlə çıxış etdi. Bəs, əvəzində nəyin şahidi olduq? Ermənistan və onun
Qarabağdakı uzantıları bu təkliflərin reallaşmasına nəinki imkan verdilər,
əksinə, hər vəchlə sülh danışıqlarını sabotaj etməyə, kommunikasiyaların
açılmasını əngəlləməyə, regionun problemlərinin həlli və inkişafı ilə bağlı
bütün səyləri heçə endirməyə çalışdılar. Hətta müharibədən ötən 3 il ərzində
Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı terror həmlələri həyata
keçirməyə çoxsaylı cəhdlər etməkdən belə çəkinmədilər, ərazilərin yenidən
minalanması, yeni hərbi obyektlərin yaradılması, mühəndis qurğularının inşası,
Ermənistandan silah-sursat daşınması istiqamətində fəaliyyət göstərdilər.
Görünən o idi ki, Qarabağda yerləşən 10 minə yaxın qanunsuz silahlı
birləşmələrin köməyi ilə növbəti təxribatlar davam edəcək. Bir sözlə,
danışıqlar nəticə vermədi. Dəfələrlə qanunsuz hərbi birləşmələrin silahı yerə
qoyub Azərbaycan ərazisini tərk etmək çağırışları qulaqardına vuruldu.

Xocavənddə vətəndaşlarımızın həlak olması ilə nəticələnən son terror hadisəsi
isə göstərdi ki, artıq İrəvanla danışıqlar aparmaq yersizdir, müvafiq təmizləmə
əməliyyatlarının vaxtı çatıb. Azərbaycan tərəfi antiterror tədbirlərə
başlamazdan əvvəl Qarabağda yaşayan erməniəsilli insanlara müraciətlə çıxış
etdi. Bəyan edildi ki, hədəf silahlı qruplaşmalardır, dinc sakinlər deyil.
Lakin erməniəsilli sakinləri girova çevirən xunta rejiminin qalıqları çağırışa
nəinki səs verib silahı yerə qoydular, əksinə, təxribatlarını davam etdirdilər.
Bütün bunlar da antiterror tədbirlərinin keçirilməsini zəruri edirdi.

Nəhayət, gözlənilən tədbirlərə start verildi. Önəmli olan odur ki, Azərbaycana
bu antiterror tədbirlərini başa çatdırmaq üçün cəmi bir neçə saat kifayət etdi.
Qısa müddətdə onlarla hərbi texnika, obyekt və səngərlər darmadağın edildi,
xeyli sayda texnika və silah sursat hərbi qənimət kimi götürüldü. Nəticədə
qanunsuz hərbi birləşmələr ağ bayraq qaldırdılar…

Erməni tərəfi bu müddət ərzində hər vəchlə dezinformasiya tipli xəbərlər
yayaraq guya dinc sakinlərin hədəfə alındığını irəli sürsə də, bu
dezinformasiya tipli xəbərlər Azərbaycan Müdafiə Nazirliyinin keçirdiyi
brifinqlərdə tutarlı sübutlarla təkzib edildi.

Prosesdə Azərbaycanın antiterror tədbirlərinin onun qanuni haqqı olduğu bir
sıra dövlətlər və media qurumları tərəfindən təsdiqləndi. Rusiya tərəfinin
yaydığı açıqlama xüsusilə diqqət çəkdi. Rəsmi Moskva Qarabağın Azərbaycan
ərazisi olması barədə Ermənistan rəhbərliyinin səsləndirdiyi bəyanatı bir daha
xatırlatdı. Xüsusi vurğulandı ki, Azərbaycan öz torpağında qanunsuz hərbi
birləşmələri zərərsizləşdirmək üçün tədbirlər həyata keçirir.

Beləliklə, ümid etmək olar ki, sentyabrın 21-də Yevlaxda baş tutacaq
danışıqlarda Qarabağ erməniləri reinteqrasiya prosesinə dəstək verəcək,
Azərbaycan qanunlarına tabe olacaq, qanunsuz dəstələrin tərk-silah olunmasına
razılıq verəcəklər, uzun illər girovuna çevrildikləri xunta rejimindən üz
döndərib sülh şəraitində yaşamağa üstünlük verəcəklər. Bundan başqa yol da
yoxdur. Nəhayət, başa düşməlidirlər ki, Azərbaycan qanunlarına tabe
olmalıdırlar və bu, müzakirə predmeti deyil, əsas tələblərdən biridir.

“Report” İnformasiya Agentliyi

Source link