Dava yorğan davasıdır: İrəvandakı etirazların pərdəarxası – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dünən Ermənistanın paytaxtı İrəvanda Qarabağ erməniləri separatçı rejimin
binasına hücum ediblər. Binaya daxil olan etirazçılar özünü hələ də quldur
rejimin “rəhbəri” sayan Samvel Şahramanyanla görüşüblər. Şahramanyan Qarabağ
ermənilərini sakitləşdirməyə çalışsa da, etirazlar səngiməyib. Açıqlamaya görə,
Qarabağ erməniləri onları maraqlandıran suallara cavab tələb ediblər.
Şahramanyan üzə çıxıb açıqlama versə də, onun dedikləri etirazçıları
sakitləşdirməyib. Bir müddət sonra isə ara qarışıb, məzhəb itib. Etirazçılar
Samvel Şahramanyanın qardaşı Karen Şahramanyanı əməlli-başlı əzişdiriblər.
Bütün bunlar medalın görünən üzüdür. Bəs əslində Qarabağ ermənilərini separatçı
rejimə qarşı qızışdırmaq kimə lazımdır? Bu kimi hallar nəyə xidmət edir?
Etirazlar ilk başlayan dəqiqələrdən qızışdırıcı faktor kimi separatçı rejimin
“təhlükəsizlik şurası”nın keçmiş sədri Samvel Babayanın adı hallanır.
Deyilənlərə görə, Samvel Babayan bir qrup Qarabağ ermənisini Samvel
Şahramanyana qarşı qızışdıraraq binaya göndərib. Bunun isə əsasən iki səbəbi
var. Birincisi, Babayan mühacirətdə “fəaliyyət” göstərən qondarma rejimə
rəhbərliyi ələ almaq, Qarabağdan gətirilən maliyyə resurslarını və xaricdən
göndərilən ianə, yardımları idarə etmək niyyətindədir. Qısacası, az müddətə
varlanaraq, aradan çıxmağı planlaşdırır. Çünki Arayik Arutyunyan, Ruben
Vardanyan kimi separatçıların həbsindən sonra gec-tez növbənin ona çatacağını
gözəl anlayır. Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyanın ifadələri
yaxın aylarda mənzərəni dəyişə bilər. Bu isə təkcə Babayanın yox, həm də
separatçı rejimin digər tör-töküntülərinin yuxusuna haram qatıb. Ona görə də bu
resurslar vasitəsilə varlanıb aradan çıxmaq yolu Samvel Babayan üçün yeganədir.
İkincisi, Samvel Babayan Nikol Paşinyana yaxın adamdır və onun diqtəsi ilə
hərəkət edir. O səbəbdən də bu aksiyanın əsas sifarişçisinin Nikol Paşinyan
olduğunu söyləmək olar. Ermənistan hakimiyyətinə qarşı böyük narazılığın
günü-gündən artdığı bir dövrdə Qarabağ ermənilərinin də artan problemləri ciddi
ictimai narazılığa çevrilə bilər. Dövlətin ayırdığı yardımın azlığı, Qarabağ
ermənilərinə soyuq münasibət, sığortasız avtomobil idarə edənlərin 100 min dram
cərimələnməsi kimi faktorlar da narazılığı get-gedə artırır. Bu hadisələrin
fonunda narazılığı qondarma rejimin “liderlərinə” yönəltmək daha məqsədəuyğun
sayılıb. Çünki bu narazılıqlar bir gün şişərək İrəvanın mərkəzində Nikol
Paşinyana qarşı partlaya bilər.
Aksiyanın əsas sifarişçisinin Nikol Paşinyan olduğunu sübuta yetirən digər
faktorlar da var. Etirazçılar saatlarla qondarma rejimin qarşısında şüar
səsləndirsələr də, Nikol Paşinyana qarşı heç bir tələb və tənqidi fikir
səsləndirilməyib. Bütün hədəflər separatçı rejimin “rəhbərliyi”nə qarşı olub.
Əksinə, aksiya iştirakçılarının əksəriyyəti baş nazirdən razı olduqlarını dilə
gətiriblər. İşsizlik, qida çatışmazlığı, evsiz qalan, günü-gündən süni şəkildə
artan kirayə qiymətləri qarşısında çarəsiz qalan Qarabağ ermənilərinin
birdən-birə baş nazirdən razı və məmnun qalmaları aksiyanın idarə edildiyini və
müəyyən tezislərlə həyata keçirildiyini sübut edir. Bununla yanaşı, aksiya
iştirakçıları qeyd ediblər ki, separatçı rejim illərdir onları qarət edib və bu
pullara bahalı evlər, maşınlar alırlar. Hətta bəziləri təklif ediblər ki, bu
evlər onların əlindən alınmalı və Qarabağ ermənilərinə verilməlidir. Əgər
Ermənistanın hər il separatçı rejimə 100 milyardlarla dram, yəni bir neçə yüz
milyon dollar göndərdiyi faktını nəzərə alsaq, bu açıqlamaların yaxın gələcəkdə
korrupsiya və talançılıq maddəsi ilə yeni cinayət işlərinin açılmasına səbəb
olacağını söyləmək mümkündür. Şübhəsiz ki, dünənki aksiyadan sonra və əvvəl də
qondarma rejimin bir sıra məmurlarının Ermənistanın Milli Təhlükəsizlik
Xidmətinə dəvət olunaraq dindirilməsi də bu məqsədə xidmət edir. Sentyabrın
sonlarından bu yana bir sıra “eks-məmur” dindirilir, barələrində cinayət işi
açılır. Yəqin ki, yaxın vaxtlarda növbə Samvel Şahramanyana da çatacaq. Artıq
Samvel Babayanın verdiyi açıqlamalar fonunda cinayət işinə start verilib.
Ermənistan cinayət məcəlləsinin 550-ci maddəsi (hərbi vəziyyət və müharibə
dövründə komandirin və ya vəzifəli şəxsin öz səlahiyyətlərini yerinə yetirərkən
vicdansız və səhlənkar münasibət sərgiləməsi, öz vəzifələrini layiqincə yerinə
yetirməməsi) ilə açılan cinayət işinə görə, bir sıra məmurun dəmir barmaqlıqlar
arxasına keçəcəyi gün elə də uzaqda deyil.
Paşinyanın separatçı rejimin tör-töküntülərinə qarşı ögey münasibəti ilk
gündən özünü büruzə verir. Təsadüfi deyil ki, Qarabağ ermənilərinin könüllü
köçündən bir ay ötsə də, hələ də Paşinyan quldur rejimin “məmurları” ilə görüş
keçirməyib. Görüş keçirməməklə yanaşı, onların görüşmək üçün təkliflərini rədd
edib, geri çevirib. Əvvəlki mənzərəyə görə, bir çoxları elə düşünürdü ki,
Paşinyan separatçı rejimin tör-töküntülərinə Ermənistan hökumətində iş verəcək,
tez-tez görüş və müzakirələr aparacaq. Amma baş nazir gözləntiləri doğrultmadı
və anladı ki, belə bir addımı həm Azərbaycanın qəzəbinə səbəb ola bilər, həm də
beynəlxalq ictimaiyyətdə separatçı rejim kimi tanınan qurumun məmurlarını
dövlət idarələrinə doldurmaqla separatçı rejimi dəstəkləmə damğası ilə vurula
bilər. Təsadüfi deyil ki, Ermənistan parlamentində üç çağırış millət vəkili
olan və sonradan separatçılara qoşulan Alyoşa Qabrielyan da Nikoldan
şikayətlənib. Qondarma rejimdə Əsgəran şəhərinin “meri vəzifəsini” tutan Alyoşa
bildirib ki, Ermənistanda özünü erməni kimi yox, əcnəbi kimi hiss edir.
Ermənistanda separatçı rejimin fəsadları bununla da bitmir. Yaxın günlərdə
hakim “Mülki müqavilə” partiyasında qızğın müzakirələr aparılıb. Məlum olub ki,
uzun illər Ermənistan hökuməti separatçı rejimə maliyyə dəstəyi göstərib,
istiqrazlarla bağlı da pul axını olub. Separatçı rejimin buraxdığı istiqrazlar
keçmiş prezident Serj Sarqsyanın da yeyinti mənbələrindən biri olub. Serj
Ermənistanda fəaliyyət göstərən bankları məcbur edib ki, qondarma rejimin
buraxdığı istiqrazları alsınlar. Bu gün isə bir sıra banklar Ermənistan
hökumətindən istiqrazlar üçün ödənilmiş pulun kompensasiyasını tələb edirlər.
Ortada olan vəsait isə 800 milyon dollardır. Bu, hər il büdcə kəsiri və xarici
dövlət borcu artan Ermənistan üçün kifayət qədər böyük rəqəmdir. Bu səbəbdən də
ötən həftə hakim fraksiyanın bəzi deputatları baş nazirin müavini Mher
Qriqoryan və Ermənistanın Mərkəzi Bankının sədri ilə qapalı görüş keçiriblər.
Məsələ isə getdikcə böyüyür. Bu məbləğ Ermənistan hökumətinin boğazına ilişən
ilan sümüyünə çevrilib. Hökumət pulu ödəməkdən imtina edə bilmir. Çünki belə
bir qərar ölkədə yeni qalmaqala və etiraza səbəb ola bilər. Paşinyan isə
faktdan yararlanmaq qərarına gəlib. Çünki qurulan sxemə görə, Serj Sarqsyan
banklar vasitəsilə əməlli-başlı pul qazanıb. Buna görə də ona qarşı açılan
cinayət işlərinə biri də əlavə edilə bilər. Bəlkə də bu səbəbdən Sarkisyan son
günlər “Qarabağ mövzusu mənim üçün bağlanmayıb” açıqlamasını səsləndirir.
Yuxarıda sadalananların qısa izahına gəldikdə, el misalında deyildiyi kimi,
dava yorğan davasıdır. Ortada maliyyə faktoru var və nə Qarabağın separatçı
rejimi, nə də Nikol Paşinyan bu resursa nəzarəti itirmək istəmir. Hər iki tərəf
maliyyəyə təkbaşına yiyəlik etmək qərarına gəlib. Baş nazir artıq əlindəki
rıçaqlardan istifadə etməyə başlayıb, “piroqu” separatçı rejimə qapdırmaq
niyyətində olmadığını açıq-aşkar bildirir.
“Report” İnformasiya Agentliyi