403ed11d-43ab-4a8d-b157-6c0d302be5db..jpg

Deputat: “Ermənistanın bu qətlləri dayandırılmasa, bizim cavabımız sərt və kəskin olacaq”

Baxış sayı: 1. 078 dəfə baxılıb.

Deputat: “Ermənistanın bu qətlləri dayandırılmasa, bizim cavabımız sərt və
kəskin olacaq”

“Baş verən hadisələr göstərir ki, Ermənistanın niyyəti və məqsədi Azərbaycana
qarşı davamlı təxribatlar törətmək və bölgəyə sülhün gəlməsi istiqamətində
başlanan prosesin qarşısını almaqdır”.

Bu sözləri Cixisyolu.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Şuşada 3
hərbçimizin minaya düşməsi haqqında danışarkən deyib.

Parlamentarinin sözlərinə görə, bu artıq neçənci dəfədir ki, Azərbaycan
vətəndaşları minaya düşürlər, həyatlarını itirirlər, ağır xəsarətlər alırlar:
“Bu gün hərbçilərimizin də minaya düşməsi ermənilərin əsl niyyətini ortaya
qoyur. Torpaqlarımızda fəsadlar törədən minaların əksəriyyəti 2020-ci ildən
sonra basdırılan, erməni təxribatının nəticəsi olanlardır. Ermənistan
tərəfindən davamlı olaraq, minalar ərazilərimizə gətirilir və basdırılır.
Azərbaycan dəfələrlə xəbərdarlıq etsə də, Ermənistanın mina təxribatı bu gün də
davam edir.

Belə olduğu halda Azərbaycanın bir yolu qalır, o da öz ərazilərində antiterror
əməliyyatlarının keçirilməsidir. Sülhməramlı kontingent bu məsələlərə reaksiya
verməlidir, erməni təxribatının qarşısı alınmalıdır. Rusiya sülhməramlıları
bunu etmirsə, Ermənistana təzyiq göstərmirsə, Azərbaycan öz gücünə bu problemi
həll etməlidir. Başqa çıxış yolumuz qalmır. Xalqımız bu təxribata daha artıq
dözə bilməz, artıq iradə ortaya qoyulur. Ermənistanın bu qətlləri
dayandırılmasa bizim cavabımız sərt və kəskin olacaq. Müharibə dayanıb, 2 ilə
yaxındır hərbi əməliyyatlar aparılmır, amma hələ də insanlarımız həlak olur.
Yüzlərlə vətəndaşımız ya həyatını itirib, ya da ağır yaralar alıb. Bu nə
barbarlıqdır?! Düşünürəm ki, sərt addımlar atmağın vaxtı çatıb”.

Xatırladaq ki, aprelin 22-də Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu,
Allahqulular kəndi ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi
qulluqçumuz xəsarət alıb.

Aysel Aslan

Source link