fa11497e-cf85-4d9a-9c56-043cef77b3f0..jpg

Deputat: “Sülh üçün antiterror əməliyyatları beynəlxalq hüquqla tanınan haqqımızdır”

Baxış sayı: 920 dəfə baxılıb.

Deputat: “Sülh üçün antiterror əməliyyatları beynəlxalq hüquqla tanınan
haqqımızdır”

“Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin
imzalanması ehtimalları ayrı-ayrı zamanlarda artsa da, bölgədə sülh və
sabitlikdə marağı olmayan güclərin bu prosesi məqsədli formada ləngitdiyini,
yaxud maneə yaratdığını görməkdəyik. Əslində bu, Azərbaycan üçün yeni təcrübə
deyil, eyni davranışa biz 30 illik münaqişə dövründə davamlı şəkildə şahid
olmuşuq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, 27 il ortada BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
olmasına, Livan ölçüdə bir ərazidə ekosid və urbisidin davam etməsinə
baxmayaraq beynəlxalq ictimaiyyət, ixtisaslaşmış təsisatlar və iri güclər
məsələni görməzdən gəlməyə üstünlük verdilər:

“Konkret olaraq münaqişənin həlli ilə məşğul olmalı olan təsisatlar isə daha
çox münaqişənin dondurulması, vəziyyətin Ermənistanın lehinə inkişafına şərait
yaradılması kimi açıq formada riyakar səylər nümayiş etdirdilər. Son nəticədə
cənab İlham Əliyevin rəhbərliyi altında siyasi və iqtisadi müstəqilliyinə tam
nail olmuş Azərbaycan özü prosesə müdaxilə edərək BMT qətnamələrini
hərbi-siyasi yolla icra etdi.

Sarsıdıcı məğlubiyyətdən sonra ilk dövrlər istisnasız olaraq kapitulyasiya
şərtlərini icra edən, Ağdam, Laçın və Kəlbəcəri dinc yolla tərk etməyə məcbur
olan Ermənistan Fransa və İrandan, o cümlədən Avropa Parlamenintdən gələn
təhrikedici dəstək fonunda yenidən hərbi ritorikaya üz tutmağa və revanşist
mövqeni sərtləşdirməyə başlayıb.

Təəssüflər olsun ki, proseslərin bu cür arzuolunmaz gedişatına Rusiya
sülhməramlıları da alternativ yollarla Azərbaycanın Qarabağ bölgəsinə hərbi
sursat və canlı qüvvə daşınması və xüsusi texnika cəlb edilməklə yeni yolun
tikintisinə rəvac verməklə, qeyri-adekvat davranışlarla öz “töhfələrini”
verməkdədir. Demək ki, tarix yenidən təkərrür edir və istər beynəlxalq cameə,
istərsə də sülh prosesinin gedişatı üzrə üzərinə öhdəlik götürmüş güclər
yenidən öz köhnə ampluasındadır”.

Deputat əlavə edib ki, əgər sülhməramlılar öz missiyalarının öhdəsindən
gəlmirsə, yaxud, qanunsuz təxribat proseslərinin bir hissəsinə çevrilirsə,
beynəlxalq birlik Livan ölçüdə bir ərazinin xarabazara çevrilməsini görmək
istəmirsə, utanmazcasına Azərbaycandan öz ərazilərindən separatçılara hərbi
yüklərin daşınmasına imkan yaratması tələb olunursa, demək ki, artıq Azərbaycan
2020-ci ildə olduğu kimi bu problemlərə özü müdaxilə edərək həll etməyə
məcburdur:

“Bunun üçün bizim kifayət qədər gücümüz də, imkanlarımız da, nüfuzumuz da var.
Cənab İlham Əliyevin ötən ilin noyabrın 8-də Şuşadan bəyan etdiyi kimi,
“Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və
bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!”

Bəli, biz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq,
sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət
göstərməyi konstitusion niyyət kimi bəyan etmişik.

Lakin bizim üçün ilk növbədə özümüzün milli maraqlarımız önəmlidir və biz öz
suveren ərazilərimizdə Ermənistanın fərari ordusunun hissələrinin qalmasına,
qanunsuz erməni quldur dəstələrinin mövcudluğuna, habelə Ermənistandan gizli
yollarla silah-sursat və canlı qüvvə daşınmasına göz yummayacağıq. Bunun üçün
bütün tədbirlər, ilk növbədə Azərbaycan Ordusu tərəfindən alternativ yolların
nəzarətə götürülməsi, Laçın-Xankəndi yolunun Ermənistanla şərti sərhəd
hissəsində buraxılış məntəqələri quraşdırılması artıq zərurətdir.

Eyni zamanda Qarabağ iqtisadi rayonumuzda Ermənistan ordusunun hissələrinin və
erməni quldur dəstələrinin mövcudluğuna son qoyulması üçün hərbi məcburetmə
tədbirləri istisna edilməməlidir. Davamlı sülh üçün, həmçinin bütövlükdə
regionun təhlükəsiz gələcəyi naminə antiterror əməliyyatları, yaxud digər
formada hərbi əməliyyatlar bizim beynəlxalq hüquqla tanınan haqqımızdır”.

Source link