49d14ec5-569c-4a5e-a521-7874d6ac6ae4..jpg

Dünyanı sınağa çəkən fəlakətlər və insan həmrəyliyi: İran bundan da üzüağ çıxa bilmir – ŞƏRH + FOTO

Baxış sayı: 1. 109 dəfə baxılıb.

Dünyanı sınağa çəkən fəlakətlər və insan həmrəyliyi: İran bundan da üzüağ çıxa
bilmir – ŞƏRH + FOTO

Pis günlər və fəlakətlər bir qayda olaraq insanları birləşdirir. Müharibələr,
zəlzələ, sel, pandemiya, meşə yanğınları və digər bu cür hadisələr fəlakətdir.
İstər bir ölkənin daxilində, istərsə də dünya üzrə bunlar baş verdikdə insanlar
həmrəylik nümayiş etdirirlər.

Cəmiyyətin bu cür davranışı hadisəyə kütləvi reaksiyasıdır və bunu instinktiv
də saymaq olar. Bu, insanların birgəyaşayış zamanı təhlükəyə qarşı verdikləri
cavabın müasir dövrdəki təzahürü də sayıla bilər.

İnsanların bir-birindən uzaq düşdükləri indiki dövrdə fəlakətlər müəyyən
mənada onları yaxınlaşdırır. Bizdən fərdləşməyə, mənləşməyə doğru yuvarlanan
cəmiyyət belə hadisələrdə həmrəylik nümayiş etdirməklə ilkin özəlliyini
itirmədiyini göstərir. Yəni cəmiyyət nə qədər fərdləşsə də, kütləvi olaylara
birgə reaksiya verib, müqavimət göstərir. Bu, həm də insanlığın mərhəmət və
dərd ortaqlığı kimi yüksək keyfiyyətini saxlamasından irəli gəlir.

Azərbaycanda 44 günlük müharibə zamanı cəmiyyət daxili həmrəylik nümayiş
etdirərək, işğala qarşı birliyini dünyaya göstərdi. İnsanların hər yerdə
bir-birinə xoş münasibəti də həmin ağır günün həmrəyliyinə aid
nümunələrdəndir…

Təxminən üç il öncə dünya koronavirus bəlası ilə üzləşdi. Düzdür, bu xəstəlik
hələ davam edir. Ancaq dünya dövlətləri siyasi ambisiyalarını gizlətməsələr
belə, ona qarşı mübarizədə birlik nümayiş etdirdilər. Koronavirusa qarşı
vaksinlərin yoxsul ölkələrə pulsuz verilməsi, virusun yayılmasının qarşısını
almaq məqsədilə karantin rejiminin ölkədaxili və sərhədlərdə tətbiqi
həmrəyliyin nümunələrindən sayıla bilər.

Fevralın 6-da Türkiyənin 10 əyalətində baş verən 7,7 maqnitudalı zəlzələ
cəmiyyətləri bir-birinə yaxınlaşdırdı. Türkiyəyə ABŞ, Böyük Birtaniya, Rusiya,
Hindistan, Çin, Yaponiya, Pakistan, İran, Avropa İttifaqı, NATO, Türk
Dövlətləri Təşkilatına üzv dövlətlər – bir sözlə, yaxın, uzaq ölkələr yardım
edirlər. Bir sıra dövlətlərdə könüllü olaraq zəlzələnin nəticələrinin aradan
qaldırılması üçün yardımlar toplanır. Münasibətlərində gərginlik yaşanan
Yunanıstan və əlaqələri kəsilmiş Ermənistanın yardımlarından belə, Türkiyə
imtina etmədi. Hətta Əfqanıstanda silahlı çevriliş nəticəsində hakimiyyəti ələ
keçirən “Taliban” hökuməti də Türkiyəyə yardım etmək üçün nağd maliyyə vəsaiti
ayırdığını bildirib.

Zəlzələ Suriyaya da böyük ziyan vurub. Burada dövlət böhranı yaşanır. Orada
ölkə ərazisinin bir hissəsinə mərkəzi hakimiyyət nəzarəti itirib. Beynəlxalq
ictimaiyyət Bəşər Əsədi legitim saymır. Bununla belə, ABŞ və Avropa İttifaqı
zəlzələdən zərər çəkən xalqa yardım edəcəklərini bildiriblər. Liviya isə
Suriyaya uçuş üçün hava məkanını açıb.

İran da ilk gündən Suriyada təbii fəlakətdən zərər çəkənlərin yanındadır.
Bəşər Əsədin himayədarı olan Rusiya da Suriya xalqına yardım və xilasedicilər
göndərib.

Nə qədər acı olsa da, Güney Azərbaycanın Xoy şəhərində bir həftə ərzində
ardıcıl iki dəfə baş verən 6 maqnitudalı güclü zəlzələnin nəticələrinin aradan
qaldırılması üçün beynəlxalq həmrəyliyə Tehran rejimi icazə vermədi. Türkiyə və
Azərbaycanın uyğun qurumlarının bu məqsədlə uzatdıqları əli İran tutmadı. Ancaq
təbii fəlakətdən 11 gün sonra Rusiyanın Xoya göndərdiyi 35 tonluq humanitar
yardımı qəbul etdi. Deməli, Xoyda vəziyyət hələ də ağır olaraq qalır. Əks halda
Rusiyanın yardımını Tehran hakimiyyəti niyə qəbul edirdi? Yoxsa rejim bu
məsələdə də fərq qoyur?! Əgər belədirsə, deməli, İran hakimiyyəti xəbis
xislətlidir. Zəlzələ baş verən gün Türkiyə və Azərbaycanın humanitar
yardımlarını qəbul etməyən İran hakimiyyəti hadisədən 11 gün sonra RF-nin 35
tonluq yükünü sevinərək qəbul edir…

Yaxud Xoydakı zəlzələdən zərər çəkənlərə yardımı gecikdirdiyi halda bu
hakimiyyət Suriyada zəlzələ bölgəsinə özünü az qala hamıdan tez çatdırır.

Rejim Güney Azərbaycanın başqa şəhər və rayonlarından, etnik ərəblərin
üstünlük təşkil etdiyi Xuzistandan könüllülərin yardımlarının Xoya
çatdırılmasını da əngəlləyib. Hətta bu işi təşkil edən üç ərəbi həbs edib.

Tehran hakimiyyəti Azərbaycan və Türkiyəyə qıcıq verib, yerli əhalinin
heysiyyəti ilə oynayaraq Xoyda zəlzələdən zərər çəkənlər üçün Ermənistandan
göndərilən 42 ton yardımı qəbul edib.

Bundan sonra İran rejimi Türkiyə və Azərbaycanın İrana yardım etmədiyi, ancaq
çətin vəziyyətdə olan Ermənistanın bu addımı atdığına dair təbliğat aparacaq.

Bu yerdə iki hadisəni xatırlamaq istərdik. 1980-ci illərin sonunda Gürcüstanda
bəzi milliyyətçi dairələr Azərbaycana qarşı qızışdırıcı çıxışlar edirdilər.
Həmin dövrdə, 1987-ci ildə Gürcüstanın Xobi rayonunun Çaladidi kəndini sel
basmışdı. Orada hərbi xidmətdə olan Azərbaycanın Ağdam rayonun Mahrızlı kənd
sakini, 20 yaşlı Rahib Məmmədov kəndin 28 sakinini seldən xilas edərək
qəhrəmancasına həlak olmuşdu. Gürcüstandakı milliyyətçilər, Azərbaycanla
Gürcüstanın münasibətlərinə ziyan vurmağa çalışanlar bunu nəzərə almadılar.
Düzdür, sonralar münasibətlərdə Rahib Məmmədovun adı yad edildi.

1988-ci il dekabrın 7-də Ermənistanın Spitak rayonunda zəlzələ baş verdi.
Həmin ilin fevralında isə ermənilər sovet əsgərləri ilə birlikdə
azərbaycanlıları Ermənistandan zor gücü ilə çıxarmışdılar. Bununla belə,
Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan
biri Azərbaycan oldu. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək
üçün Bakıdan zəlzələ zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük
qrup qəzaya düşdü: “İL-76” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 78
azərbaycanlı könüllü həlak oldu. Hadisənin səbəbləri bu günədək
aydınlaşdırılmayıb.

Bu üç hadisə onu göstərir ki, xəbis xislətlilər insanların həmrəyliyinə həmişə
mane olublar. Sevindirici hal odur ki, onların sayı çox azdır. Belələri heç
insansevərlilik okeanının bir damlasını da təşkil etmirlər. Pandemiya və
Türkiyədəki zəlzələ sübut etdi ki, mənləşmə insanları ümumi dəyərlərdən ayıra
bilməyib. Bəzən informasiya sahəsində texnoloji inqilabın insanların
bir-birindən uazaqlaşmasına xidmət etdiyini söyləyirlər. Bunu inkar etmirik.
Ancaq fəlakətlərin baş verməsi xəbərinin yayılmasında, onun nəticələrinin
aradan qaldırılmasında İT inqilabının əhəmiyyəti də danılmazdır. Beləliklə, son
üç ildə baş verən bu iki hadisə insan cəmiyyətinin ali məqsədlərə hələ əməl
etdiyini bir daha isbatladı. Bu isə dünyanın gözəlliyidir…

“Report” İnformasiya Agentliyi

Source link