Ekoloq Bakı üçün həyəcan təbili çaldı

Ekoloq Bakı üçün həyəcan təbili çaldı

Baxış sayı: 3. 050 dəfə baxılıb.

Bakıda əhalinin sayı artdıqca, yeni hündürmərtəbəli binaların inşası, yaşıllığın məhvi, tullantıların və çirkab sularının miqdarının artması, havanın çirkləndirilməsi, maşınların sayının artması ətraf mühitə ciddi ziyan vurur.

Bunu ÇıxışYolu.Com-a Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın təxminən doqquz milyon əhalisi varsa, onun yarısı Bakıda məskunlaşıb. 

“XX əsrdə paytaxtda təxmini iki milyona yaxın insan yaşayıb, indi isə bu göstərici iki dəfə artıb.

Əhalinin sayı artdıqca, yeni hündürmərtəbəli binaların tikintisi, yaşıllığın məhvi, tullantıların miqdarının və çirkab sularının artması, havanın çirkləndirilməsi, maşınların sayı artımı ekologiyanı korlayır. Bunun nəticəsində Bakıda havanın temperaturunun normadan artıq olması müşahidə edilir. 

Bilirsiniz, BMT-nin və Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələrə görə, hər bir insana 25-50 kvadratmetr yaşıllıq ayrılmalıdır, ancaq bu yaxınlarda Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə adambaşına beş kvadratmetr yaşlıqla təyin edilib.

Bu, nə deməkdir? Yəni olan yaşıllığı da məhv edin?!”

Ekoloq qeyd edib ki, paytaxtda tikinti aparılan zaman yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi məsələsinə riayət etmirlər:

“Götürün, İngiltərə, Fransada, yaxud digər inkişaf etmiş ölkələrdə şəhərsalmanı. Orada köhnə tikililəri söküb, göydələnlər tikmirlər, hündürmərtəbəli binaların tikilməsi üçün yer ayırırlar.

Bu təcrübəni öyrənməliyik. Biz aləmi qatmışıq bir-birinə. Adi park inşa edəndə, yaşıllıqdan çox mərmər və cansız tikililər salınır. Bu halların sayı gündən-günə çoxalır”. 

Elvin Əhmədov
www.ÇıxışYolu.Com