cdcc9b4d-0bf2-4470-ba4f-175df36bb90f..jpg

Ekspert: “Azərbaycan qazı Aİ-nin gələcək enerji təhlükəsizliyini təmin edir”

Baxış sayı: 884 dəfə baxılıb.

Ekspert: “Azərbaycan qazı Aİ-nin gələcək enerji təhlükəsizliyini təmin edir”

“Azərbaycan Avropa ölkələri, o cümlədən Bolqarıstan və Rumıniya üçün enerji
təhlükəsizliyi mənbəyidir”.

“Report” xəbər verir ki, bunu rumıniyalı ekspert, analitik, “Smartlink
Communications” şirkətinin direktoru Radu Maqdin deyib.

“Sofiyada imzalanacaq saziş Rumıniya üçün daha böyük uzunmüddətli enerji
planının bir hissəsidir. Bununla həm təbii qazın nəqlinin, həm də onun
təchizatı mənbələrinin şaxələndirilməsinə diqqət yetirilir”, – o deyib.

Ekspert həmçinin qeyd edib ki, bu, Aİ üçün mühüm addım ola bilər, çünki
Rusiyadan enerji asılılığının azaldılması eyni zamanda “yaşıl enerji”yə keçidi
sürətləndirir.

Onun sözlərinə görə, Ukraynadakı hərbi əməliyyatlar fonunda bazar
mexanizmlərinə təsir edən təhlükə və qeyri-sabitlik şəraitində aydınlaşır ki,
Avropanın Moskvadan asılılığı davam etməyəcək. Ekspertin fikrincə, buna görə də
Aİ “yaşıl enerji” sahəsində uzunmüddətli əməkdaşlığa imkan verəcək
alternativlər axtarmalıdır: “Hesab edirəm ki, Azərbaycan təbii qazı Aİ üçün
təkcə qısamüddətli deyil, həm də uzunmüddətli həll yoludur”.

“Yeni saziş Şərqi Avropa ölkələrini, Türkiyəni ən mühüm tranzit ölkə kimi,
Azərbaycanı isə etibarlı təchizatçı kimi birləşdirəcək. Bu təşəbbüs həm də ona
görə sərfəlidir ki, Avropaya təbii qaz nəqli üçün lazımi infrastruktur artıq
mövcuddur. Söhbət Rusiyanın daha əvvəl Ukrayna və Rumıniya vasitəsilə
Bolqarıstan, Yunanıstan, Türkiyə və Şimali Makedoniyaya “mavi yanacaq” tədarük
etdiyi “Transbalkan” kəmərindən gedir”, – R.Maqdin qeyd edib.

Beləliklə, ekspertin sözlərinə görə, yeni sazişin imzalanması Avropanın enerji
təhlükəsizliyinə birbaşa töhfə verəcək, eyni zamanda, Rumıniyanın digər
təşəbbüslərini tamamlayacaq. Buraya BRUA (Bolqarıstan – Rumıniya – Macarıstan –
Avstriya – artıq istifadəyə verilmiş yeni infrastruktur) qaz kəməri, Moldovanın
elektrik və qaz şəbəkələri vasitəsilə interkonnektorların yaradılmasına dair
layihələr və bu yaxınlarda Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi
üçün Rumıniyanın Azərbaycan, Gürcüstan və Macarıstanla birgə hazırladığı
təşəbbüs daxildir”.

“Rumıniya Moldova da daxil olmaqla, həssas regional tərəfdaşları dəstəkləməyə
davam edir və burada etibarlı enerji tərəfdaşlığı şəbəkəsini inkişaf etdirmək
çox vacibdir. Bütün “Şərq Tərəfdaşlığı” ölkələrinin bu istiqamətdə birgə
istehsalı araşdırmaq və investisiya yatırmaq imkanları var”, – o əlavə edib.

Xatırladaq ki, aprelin 25-26-da Sofiyada təbii qaz infrastrukturunun
genişləndirilməsinə dair genişmiqyaslı sazişin imzalanma mərasimi keçiriləcək.
Sənədi Azərbaycan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın
imzalayacağı gözlənilir. Bu saziş Azərbaycan təbii qazının Bolqarıstan
vasitəsilə Mərkəzi Avropaya çatdırılmasına imkan verəcək.

Source link