31f6bba8-4477-4976-847c-48eea55d3057..jpg

Ekspert: “İlkin Süleymanov tutulandan sonra telefonuna müdaxilə olunub”

Baxış sayı: 683 dəfə baxılıb.

Ekspert: “İlkin Süleymanov tutulandan sonra telefonuna müdaxilə olunub”

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə
yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə
araşdırması davam etdirilib.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun
sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov saxlanıldıqdan sonra telefonunu
tədqiq etmiş ekspertlərdən biri – Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza
Mərkəzinin keçmiş eksperti Məmməd Ramazanov dindirilib.

Ekspert məhkəmədə ekspertiza ilə bağlı tərəfləri maraqlandıran sualları
cavablandırıb.

İlkin Süleymanov əvvəlki ifadələrində deyib ki, 2020-ci ilin yanvarın 6-da.
yanmış cəsəd tapılan vaxt hadisə yerinə gələn polislər onu Tovuz Rayon Polis
Şöbəsinə aparıblar, telefonu əlindən alınıb. Sonradan ekspertiza rəyində
göstərilib ki, həmin telefonda müxtəlif cizgi filmlərinə, müğənnilərin şəkil və
videolarına baxılıb. Rəyə əsasən, yanvarın 8-də saat 11:50-də telefonda intim
görüntülərə baxılıb. İlkin Süleymanov ifadəsində telefonunda iddia olunan cizgi
filmlərini, intim xarakterli görüntüləri izləmədiyini deyib.

Ekspert Məmməd Ramazanov məhkəmədə vəkilin suallarını cavablandırarkən məlum
olub ki, mobil telefon 2020-ci ilin yanvarın 6-da götürülsə də, götürülmə
yanvarın 8-nə sənədləşdirilib.

Telefonun fevralın 4-də – İlkin Süleymanov saxlanılandan bir aya yaxın müddət
sonra – ekspertizaya verildiyi ortaya çıxıb.

Ekspert deyib ki, telefon istintaqda qaldığı bir ay ərzində ona müdaxilələr
edilib:

“Yanvarın 8-də telefonun yaddaşında doqquz foto yaradılıb. Yanvarın 21-də isə
telefona “WhatsApp”, “Instagram” proqramları yüklənib və silinib”.

Vəkil Zabil Qəhrəmanovun “Bu fotolar yaradılıb, yoxsa bərpa edilib?” sualına
ekspert: “Bunu dəqiq demək mümkün deyil, yaradıla da bilinər, bərpa edilə də
bilər”, – cavabını verib.

Hakim Faiq Mahmudov ekspertin konkret cavab verməsini istəyib:

“Mənə konkret deyin, yanvarın 8-də telefona müdaxilə olub, ya yox?”

Ekspert hakimin sualına “olub” deyərək cavab verib.

Müdafiə tərəfi həmçinin “Nərmin Quliyeva noyabrın 29-da yoxa çıxdığı halda
nəyə görə İlkinin telefonunun tədqiqi dekabrın 21-dən sonrakı müddəti əhatə
edib?” sualını ünvanlayıb.

İlkin Süleymanov: “Niyə dekabrın 21-dən əvvəlki yaddaş tədqiq olunmayıb,
Nərmin yoxa çıxandan dekabrın 21-nə kimi olan müddət niyə maraqlı olmayıb?” –
deyə ekspertə sual verib.

Prokuror da ekspertdən bunun səbəbini soruşub.

Ekspert isə suallara cavab olaraq: “Deyiblər, bu tarixdən başla, tədqiq et. Nə
deyiblərsə, onu etmişəm”, – cavabını verib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar
Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyeva qətlə yetirilib. Onun yandırılmış
meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər
Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından
ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində
həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış
tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd
sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa
cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi,
məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri
istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin
120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam
oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.

Source link