Elçin Əliyev: “Naxçıvanda real sektorun kreditləşməsi 35%-dən çox artıb” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında banklar və
digər kredit təşkilatları tərəfindən verilmiş kreditlərin 35,4%-i və ya 104
milyon 304 min manatı regionda real sektorun inkişafına yönləndirilib”.
“Report”un yerli bürosunun verdiyi məlumata görə, bunu Mərkəzi Bankın Naxçıvan
Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev iş adamlarının iştirakı ilə
keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin müvafiq göstəricisindən 2,8 dəfə çoxdur.
E.Əliyev qeyd edib ki, bu ilin ötən dövründə regionda fəaliyyət göstərən
banklar və digər kredit təşkilatları tərəfindən ümumilikdə 294 milyon 344 min
manat kredit verilib:
“Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2% çoxdur. Əlbəttə ki, bu
artım göstəriciləri bankların iqtisadiyyatı maliyyələşdirmə baxımından da öz
töhfəsini verib”.
Qeyd edək ki, hazırda Naxçıvanda 7 bankın 18 filialı, 2 banka məxsus 7 bank
şöbəsi, 2 bank olmayan kredit təşkilatı və bir kredit ittifaqı fəaliyyət
göstərir.