Elektron çıxarışın onlayn yoxlanması ilə bağlı sistem işə düşdü

Elektron çıxarışın onlayn yoxlanması ilə bağlı sistem işə düşdü

Baxış sayı: 4. 535 dəfə baxılıb.

Artıq elektron çıxarışa sahib olan vətəndaşlar öz sənədlərinin həqiqiliyini onlayn olaraq yoxlaya bilirlər. Bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, xidmət ödənişsiz olaraq yerinə yetirilir.

Vətəndaşlar Elektron Hökumət Portalına (http://e-emdk.gov.az/eemdk/az/CheckElectronExtract) daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir.

Qeyd edək ki, xidmətin istifadəsində məqsəd daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əlçatanlığı artırmaq, məmnunluğu yüksəltmək, operativliyi təmin etməkdir.

Bununla mülkiyyətçilərin evlərinə kommunal xidmətlər qoşulanda tələb olunan çıxarışı müvafiq idarəyə gətirməsinə ehtiyac qalmır. Həmin qurum elektron çıxarışın yoxlanması sistemindən istifadə etməklə mülkiyyəti təsdiq edən sənədlə tanış ola bilər.

Eyni zamanda, vətəndaşlar hər hansı bir şəxsi mənzillərinə qeydiyyata aldırmaq istədikdə bu elektron xidmətdən istifadə edə bilir. Belə ki, əvvəllər mülkiyyətçi bu işi həyata keçirmək üçün əmlaklarına dair çıxarışını kağız formasında notariusa təqdim edirdilər.

Ancaq indi vətəndaş mülkiyyət sənədini gətirmədən, notarius adıçəkilən xidmətdən istifadə etməklə çıxarışın həmin şəxsə mənsub olub-olmadığını yoxlaya bilir.

Bu xidmət alqı-satqı prosesində də vətəndaşlar üçün olduqca faydalıdır. Belə ki, alıcı əmlakı almaq istədikdə çıxarışın sahibini rahatlıqca dəqiqləşdirə bilər. Mülkiyyət sənədinin kimin adına olduğuna əmin olur. Bununla alqı-satqı prosesində dələduzluq hallarının qarşı alınır.

Nəzərə çatdıraq ki, daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən bütün məlumatlar elektron çıxarışda da əks olunur. Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında istifadə edə bilər.

Elektron çıxarış sistemi kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.

.
www.ÇıxışYolu.Com