Əli Əsədov: “İlham Əliyev 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün
vədləri tərəddüdsüz yerinə yetirib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət
siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə
bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun
qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır”.
“Report”un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının rəhbəri Samir Niriyevin həmsədrliyi ilə
“Gülüstan” sarayında keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin
20 ili” adlı konfransda deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev dövlət başçısı kimi 20 illik
fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirib:
“Möhtəşəm prezidentlik dövrünün zirvəsində, təbii ki, işğal altındakı
torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş
Vətən müharibəsi dayanır. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və
qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin
vətəndaşlarıyıq”.
Baş nazir qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər
və bir günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq
müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük
Qayıdışa açıb:
“Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin
başlanması ilə əlamətdardır. Qələbədən sonrakı üç il müddətində Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən
yeddi milyard ABŞ dolları vəsait ayrılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramı
qəbul olunub və uğurla icra edilir. Həyata keçirilən məqsədyönlü və
genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə
dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi
aktivliyinin təmin olunmasına xidmət edir.
Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə işğaldan
azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq
işlərinə bilavasitə başçılıq edir. Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı
sayəsində üçrəngli bayrağımızın Qarabağın hər tərəfində dalğalanması və
suverenliyimizin bərpası tarixi hadisədir və hədsiz qürur hissi doğurur”.