f95d1036-3f25-4416-b5f5-12d419bbc887..jpg

Elnur Məmmədov: “Azərbaycan Filippinlə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını dərinləşdirməkdə maraqlıdır”

Baxış sayı: 933 dəfə baxılıb.

Elnur Məmmədov: “Azərbaycan Filippinlə müxtəlif sahələrdə əməkdaşlıq
imkanlarını dərinləşdirməkdə maraqlıdır”

“Azərbaycan Filippinlə ikitərəfli münasibətləri canlandırmaq istəyir, ona görə
də mədəniyyət, turizm, ticarət və enerji kimi müxtəlif sahələrdə daha dərin
əməkdaşlıq imkanlarını araşdırmaqda maraqlıdır”.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə Manilada səfərdə olan Azərbaycan xarici
işlər nazirinin müavini Elnur Məmmədov “Manila Times”a müsahibəsində deyib. O,
hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin
birinci raundu üçün Filippinə yollanıb.

Nazir müavininin sözlərinə görə, bu görüşdə Azərbaycan Mədəniyyət Nazirliyi
ilə Filippinin Mədəniyyət və İncəsənət üzrə Milli Komissiyası arasında ilk
hökumətlərarası saziş imzalanacaq.

“Bizim səfərimizin əsas məqsədi budur. Ancaq əlbəttə ki, bu, həm də
pandemiyadan sonra əlaqələrimizi canlandırmaq üçün bir şansdır”, – deyə o əlavə
edib.

Nazir müavini COVID-19 pandemiyası zamanı ölkə sərhədlərinin üç ilə yaxın
bağlı qaldığını qeyd edib və etiraf edib ki, pandemiya Azərbaycanın bir çox
ölkələrlə, xüsusən də coğrafi baxımdan regiondan kifayət qədər uzaq olan
dövlətlərlə ikitərəfli əlaqələrinin inkişafına mənfi təsir göstərib. Bu
baxımdan görüş həm ikitərəfli, həm də çoxtərəfli gündəliyi, eləcə də regiondakı
hadisələri müzakirə etmək üçün çox yaxşı şansdır.

Məmmədov onu da vurğulayıb ki, məsləhətləşmələrin birinci raundu Azərbaycan və
Filippin arasında ikitərəfli münasibətlərin bütün sahələrinə “quşbaxışı” nəzər
salmağa imkan verəcək.

“Lakin ikinci raundda, siyasi məsləhətləşmələrin növbəti mərhələsində, çox
güman ki, bu məsələlərin daha ətraflı müzakirəsi olacaq”, – deyə o sözlərini
yekunlaşdırıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan və Filippin arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib.

Source link