3298b2dd-f114-416c-bc17-cb6e1709d994..jpg

Enerji bazarını silkələyən qərar – “Kaspi”nin TƏHLİLİ + FOTO

Baxış sayı: 694 dəfə baxılıb.

Enerji bazarını silkələyən qərar – “Kaspi”nin TƏHLİLİ + FOTO

Rusiya ilə Ukrayna arasında davam edən müharibə qlobal böhranı
dərinləşdirməkdədir. İşğal faktına görə sanksiyalarla üzləşən Rusiyanın əsas
gəlir mənbəyi hesab edilən neft və qaz satışına qoyulan məhdudiyyətlər ciddi
itkilərə səbəb olub. Sanksiyalar səbəbi ilə dünyanın enerji bazarındakı mövcud
durum isə son günlərin ən aktual xəbəri olan OPEC-in və tərəfdaşlarının qəbul
etdiyi qərarla yenidən canlanıb.

Səudiyyə Ərəbistanı və bir neçə ölkənin neftin hasilatının may ayının
əvvəlindən azaldılması ilə bağlı qərarı enerji bazarını əməllicə silkələyib.
Toplam hasilatı sutkada 1,649 milyon barel azaltmaq barədə qərarın icrası gələn
ayın əvvəlində başlayıb, ilin sonunadək davam edəcək. Dünyanın əsas neft
ixracatçısı hesab edilən Səudiyyə Ərəbistanı bəyan edib ki, dünya neft
bazarında sabitliyi qorumaq və qiymətlərin bundan sonra da ucuzlaşmasına imkan
verməmək üçün belə addım atıb. Nəticədə neftin bütün markalarının qiyməti 6
faiz artıb. Qəbul edilən qərara görə, neft istehsalını Səudiyyə Ərəbistanı və
Rusiya 500, İraq 211, Küveyt 128, Qazaxıstan 78, Oman 40, Əlcəzair 48, Qabon
isə 8 min barel azaldacaq. Təşkilatın bir sıra üzvləri məhdudiyyət qərarına
qatılmayıblar, çünki onlar zatən “qara qızıl”ı çoxdan bəri razılaşdırılmış
kvotadan aşağı səviyyədə hasil edirlər.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Qərb ölkələrində inflyasiya artacaq

Yüksək neft qiymətləri qlobal iqtisadiyyata ciddi təsir edir. Əksər ekspertlər
hesab edirlər ki, proseslər mütləq şəkildə Qərb ölkələrində inflyasiyanı
artıracaq və mərkəzi bankları uçot dərəcələrinə yenidən baxmağa vadar edəcək.
Çünki qlobal bazarlarda qiymət artımı mütləq halda inflyasiyanı
sürətləndirəcək. Ən əsası, bu, ABŞ Federal Ehtiyatları Sistemini ölkədə
maliyyə-iqtisadi sabitliyin qorunması ilə dərəcənin artımı arasında balans
aramağa vadar edəcək. Qərarın postsovet ölkələrinə təsirinə gəldikdə isə hesab
olunur ki, Azərbaycan itkilər verməyəcək, əksinə, gəlirləri arta bilər.
Proqnozlara gəldikdə, bu il ABŞ-də resessiya, Avropa İttifaqında isə inflyasiya
artımı gözlənildiyindən ABŞ və Aİ-də xam neftə olan tələbat may ayından
etibarən maksimum sutkada 1,1 milyon barel azala bilər. Ümumiyyətlə, tarixən
neft qiymətlərinin sürətlə artması iqtisadi tənəzzüllərlə sıx bağlı olub.
Məsələn, 1973-74-cü illərdə Yom Kippur müharibəsində (Ramazan müharibəsi,
Oktyabr müharibəsi də adlanır) olduğu kimi. Vaşinqtonun İsraili dəstəkləməsi
OPEC-i ABŞ və digər Qərb ölkələrinə qarşı neft embarqosu tətbiq etməyə sövq
edib. Benzin qiymətləri kəskin şəkildə qalxıb. Vyetnam müharibəsi dövründə də
ABŞ-də inflyasiya tənəzzülü daha da gücləndirib.

ABŞ qərardan narazıdır

OPEC+un qərarı Qərb ölkələrində, xüsusilə Birləşmiş Ştatlarda narazılıq
doğurub. Neft hasil edən ölkələrin qərarını məntiqli hesab etməyən ABŞ dünya
bazarlarındakı qeyri-müəyyənliyi nəzərə alaraq indiki şəraitdə hasilatın
azaldılmasını məqsədəuyğun saymır. Bayden administrasiyası bundan əvvəlcədən
xəbərdar olduğunu bildirib və narazılığını ifadə edib. Məsələ ondadır ki, ötən
ilin dekabrından bəri ABŞ-nin xam neft anbarlarında ardıcıl artım qeydə alınır.
Anbarlardakı neftin həcmi son iki ildə ən yüksək həddə çatıb. ABŞ-də sənaye
fəallığı mart ayında son üç ilin ən aşağı həddinə enib. Bu isə öz növbəsində
bankları daha yüksək faizlərlə kredit verməyə məcbur edəcək. City Index
analitik mərkəzindən iranlı ekspert Fəvvad Rəzaqzadə Qərb mediasına
müsahibəsində bildirib ki, neft qiymətləri ilə yanaşı bank faizləri də qalxacaq:

“Adamlar maşın sürməyi və ya təyyarə ilə səfərlər etməyi dayandırmayacaqlar.
Bu səbəbdən də tələb neft qiymətlərinin artmasından yüngülcə təsirlənəcək”.

Avropada Rusiyanın yerini ABŞ doldurur

Bütün bunların fonunda ABŞ Avropa İttifaqının əsas neft təchizatçısına
çevrilməkdədir. İndiyədək bu rolda müstəsna olaraq Rusiya çıxış edirdi.
“Avrostat” (Aİ-nin Statistika Bürosu) yaydığı hesabatda bəyan edir ki,
Avropanın neft təchizatında Rusiyanın payı ötən ilin yanvarında 31 faiz idisə,
hazırda bu rəqəm 4 faizə enib. Ötən il ABŞ-nin Avropanın neft təchizatındakı
payı 13 faiz olub. Hazırda bu rəqəm 20 faizə yaxınlaşmaqdadır. Norveç Avropa
İttifaqı ölkələrinin neft təchizatında ikinci pillədə bərqərar olub. Avropa
neft təchizatının 17 faizi onun payına düşür. Ötən ilin dekabrında Aİ Rusiyadan
tankerlərlə daşınan neftin idxalına qadağan qoyub. Rusiyadan idxal olunan neftə
ən yüksək qiymət həddi – qiymət tavanı da tətbiq edilib. Bu, hazırda 1 barel
üçün 60 dollara bərabərdir. Sanksiyalar üzündən neftini dünya bazar qiymətindən
40 dollara yaxın ucuz satan Rusiya bu ilin əvvəlindən büdcəni doldurmaqda ciddi
çətinliklərlə üzləşib.

Rusiya neft hasilatını azaltmalı olacaq

“Avrostat”ın məlumatında deyilir ki, Aİ neft bazarında dəyişən vəziyyətə
uyğunlaşmaq və Rusiya neftinin asılılığından azad olmaq qabiliyyətini isbat
edib. Rusiya ötən il Hindistan və Çinə neft ixracatını çoxaldıb, lakin satış
çox güzəştli qiymətlərlə reallaşıb. Analitiklərin qənaətincə, neft hasilatının
azaldılması qərarı ciddi nəticələrə gətirib çıxaracaq. Bu səbəbdən dünya
iqtisadiyyatında da ciddi dəyişikliklər olacaq.

Source link