c25b927b-6d47-46ea-aefb-84cc6d1b415a..jpg

Erməni diasporu Qarabağla bağlı məqalə yazan ukraynalı jurnalisti təhdid edir – VİDEO

Baxış sayı: 568 dəfə baxılıb.

Erməni diasporu Qarabağla bağlı məqalə yazan ukraynalı jurnalisti təhdid edir
– VİDEO

“Beynəlxalq jurnalistlərin Qarabağa gedib nəyin baş verdiyini görmək imkanları
oldu. Artıq Azərbaycanın səsi dünyada eşidilir”.

“Report” xəbər verir ki, bu fikirləri Ukraynanın UNIAN İnformasiya
Agentliyinin direktoru Mixail Qannitski “Haber Global”a müsahibəsində deyib.

O xatırladıb ki, ermənilər Qarabağda hər şeyi, o cümlədən şəhərləri tamamilə
dağıdıblar:

“Ərazilər minalanıb. Gəzmək belə, təhlükəlidir. Eyni zamanda ərazidə ümidi də
gördük. Belə ki, hökumət yeni yollar çəkir. İnsanların Qarabağa geri
qayıtmaları üçün yeni evlər inşa edilir”.

Jurnalist Qarabağla Ukraynanı müqayisə edib:

“Baxmut kimi şəhərlər tamamilə yox edilib. Baxmut müharibənin qaynar nöqtəsi
olaraq qalır. Ruslar oradakı hər şeyi məhv etməyə çalışırlar. Eynisini
Qarabağda da gördük. Erməni işğalçılar rusların dəstəyi ilə bunu elədilər. İki
müharibə bir-birinə bənzəyir. Yüzlərlə mülki şəxsin öldürüldüyü Ağdamda
faciənin izlərini gördük”.

M.Qannitski bildirib ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi yenidənqurma
işləri Ukrayna üçün modeldir:

“Azərbaycanın təcrübələrindən öyrənməliyik. Bu təcrübə bizimlə bölüşülməlidir.
Çünki Azərbaycan bunu çox yaxşı şəkildə həyata keçirdi. Nəticələri indidən görə
bilirik. Qarabağ və Ukraynadakı işğalın oxşar tərəfləri kimi, fərqli yanları da
var. Dünya 30 il ərzində Azərbaycanın haqlı səsini eşitmədi və erməni işğalı
ilə bağlı “sinifdə qaldı”. Bu məsələdə erməni diasporunun da rolu var”.

UNIAN-ın direktoru vurğulayıb ki, 30 il əvvəl müharibənin görüntülərini
dünyanın dörd tərəfində yaymaq mümkün deyildi:

“30 il əvvəl pis adamların pis işlər görməsi və bunun üstünü örtmələri mümkün
idi. Bütün sənədləri yox edib dünyaya yalan danışırdılar. Hücumlarını gizlədə
bilirdilər. Ermənilərin dünyanın dörd bir tərəfində böyük diasporu var. Ona
görə də təsir gücünə sahibdirlər, öz fikirlərini yaya bilirlər, hətta lazım
olanda yalanlarını da yaya bilirlər. Ruslar da bunu bizə eləmək istəyirlər”.

Jurnalist söyləyib ki, Qarabağ və Ukraynada baş verənləri müqayisə etdiyi
məqaləsi erməni diasporunu narahat edib:

“Ukrayna Ombudsmanı məqalə haqqında araşdırmalara başlandığını açıqlayıb. Amma
mənə Ukrayna polisindən bildiriş gəlməyib. Fikrimcə, erməni diasporu ombudsmana
təzyiq göstərib. Ombudsman da mənə hansısa məlumat vermədən belə bir addım
atıb. Əgər polis, həqiqətən, nəyisə araşdırırsa, kömək etməyə hazırıq. Əgər
polis mənə müraciət edərsə, əlimdəki bütün informasiyaları bölüşməyə hazıram”.

M.Qannitski xatırladıb ki, Azərbaycan Rusiya ilə müharibədə Ukraynanın
müttəfiqidir:

“Ermənistan isə Rusiyanın müttəfiqidir. Ermənistan sanksiyalardan xilas olması
üçün Rusiyaya yardım edir. Bunu bilirik”.


Source link