27f602e1-4f81-4dd2-9139-7c4e9f10a28b..jpg

“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” – BAŞLIBEL SAKİNİ +FOTO

Baxış sayı: 820 dəfə baxılıb.

“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri
yandırıblar” – BAŞLIBEL SAKİNİ +FOTO

Bu gün Başlıbel faciəsinin ildönümüdür. Kəlbəcərin işğalı zamanı ermənilər
tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından 30 il ötür.

Həmin dövrdə baş verən hadisələr, ermənilərin hücumu, Birinci Qarabağ
müharibəsinin başlanması və Kəlbəcərdə törədilən qırğınlar haqqındaCixisyolu.com-a
danışan Başlıbel sakiniMusa Əzizov düşmənin separatçılıq əməllərinin 1988-ci
ildə Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılması ilə aktivləşdiyini deyib.
Kəlbəcər sakini Başlıbel sakinlərinin faciə ilə qarşılaşmağı ağıllarına belə,
gətirmədiklərini söyləyib:

“1988-ci ildə ulu öndər hakimiyyətdən uzaqlaşdırılandan sonra ermənilər bizə
qarşı zülmə başladılar. Bir neçə il sonra hakimiyyətə gələn AXC-Müsavat cütlüyü
isə ölkəni idarə edə bilmədi. Vəziyyəti yaxşılaşdırmaq əvəzinə, bir-birləri ilə
dava edib, daha da pisləşdirdilər. Ölkədə durum get-gedə çətinləşirdi. Qarabağ
müdafiəsiz qalmışdı. Kəlbəcər sakinləri özünümüdafiə batalyonu yaratmışdılar,
amma silah-sursatsız əllərindən bir şey gələ bilməzdi. Heç bir yerdən köməyimiz
yox idi. Hərc-mərclik baş alıb gedirdi. Başlıbel sakinləri məcbur olub, kəndi
tərk etməli oldular.

Kəndimizin iki minə yaxın əhalisi var idi, hərə bir tərəfə qaçqın düşəndə 73
sakin evlərini vaxtında tərk edə bilməmişdi, çoxu qocalar, xəstələr, uşaqlar,
köməksiz insanlar idi. O zamanlar maşın yolu cəmi bir dənə idi, onu da
bağlamışdılar. Məcbur olub, piyada, dağlardan keçərək ermənilərdən can
qurtarmağa çalışdıq. Kəndimizdən Murov dağına qədər piyada gəlmişdik. Yolboyu
ermənilər çox adamı öldürmüşdülər, kənddən çıxanların heç də hamısı Göygölə
salamat çata bilmədi. Göygöl sakinləri bizə kömək etdilər, Murovdan sonra bir
az rahat Kəlbəcəri tərk etdik.

Torpaqlarımızın işğal olunmasının başlıca səbəbi o dövrdə ordunun olmaması
idi. Silah-sursat tapılmırdı, insanlar öz gücü hesabına nə qədər mübarizə apara
bilərdilər?”

Musa Əzizov deyib ki, Başlıbeldə qətl edilən təkcə onun kəndinin sakinləri
deyildi:

“Ətraf kəndlərdən qaçıb, bizə sığınanlar, dağ yolları ilə Laçından gələnlər də
var idi. Dəqiq yadımdadır, kənddə qalan sakinlərin bir hissəsi dağlardakı
kahalara çəkildi, onların arasında laçınlı doqquz nəfər və bir ata ilə iki qızı
da var idi. Yaşlıların, xəstə sakinlərin bir hissəsi isə kənddə evlərdə
qalmışdı, onları dağlara çıxara bilməmişdilər.

Qənaət adlı qoca kişi ermənilər kəndə basqın edəndə onların üzünə tüpürüb:
“Sizin yeriniz-yurdunuz yoxdur, bizim torpaqlarımızda da müvəqqətisiniz, rədd
olub, gedəcəksiniz”, – demişdi. Onu işgəncə ilə öldürmüşdülər. Qonşu kənddən
gələn, axsayan Seyid kişi də kəndimizdə qalmışdı. Ermənilər o xəstə qocanı da
Mədəniyyət evinin yanında diri-diri yandırmışdılar. Jurnalist Zülfüqar
Hüzeynzadənin nənəsi Pəri arvadı evində yandırmışdılar. Kəlbəcər azad olunandan
sonra Zülfüqargil onun meyitinin qalıqlarını çox axtardılar, heç nə tapa
bilmədilər.

Mələkxanım adlı yaşlı qadını da evində öldürmüşdülər. Çiçək adlı birinci qrup
əlil qadın isə yadımdadır, nəvəsi ilə birlikdə ermənilərdən qaçan sakinlərə
qoşulub, Kəlbəcərdən çıxmaq istəyirdi. Yolda halı pisləşdi, camaat məcbur olub,
onu yolda qoymalı oldu. Ermənilər tapan kimi öldürmüşdülər, meyiti belə
tapılmamışdı. İyirmiyə yaxın kənd sakinini ermənilər işgəncələrlə, bəzilərini
yandıraraq öldürmüşdülər, onların meyitlərini heç kim tapa bilmədi.

Kahada əsirlikdə olanların da başına gəlməyən qalmamışdı. Ən dəhşətli
hadisələrdən biri bacı-qardaş Aygün və Çingizin yaşadıqları olub. Sakinlər
danışırdılar ki, Aygün nişanlı imiş. Kahada artıq ümidləri üzüləndə,
ermənilərin yaxınlaşdığını biləndə Aygün qardaşına yalvarıb ki, məni öldür,
ermənilərə əsir düşməyim. Ermənilərə insan demək olmaz, onlar canidirlər. Hamı
bilirdi ki, qadınlar, qızlar onların əlinə keçəndə başına min oyun açırlar,
işgəncələrlə öldürürlər. Kahaya sığınan laçınlıların bir neçə silahı olub.
Həmin silahlardan birini Çingizə veriblər, içində iki gülləsi qalıbmış. Çingiz
ermənilər kahaya hücum edəndə güllənin biri ilə bacısını, biri ilə də özünü
öldürüb”.

Ermənilərin Başlıbeldə əsir götürdükləri insanların bəzilərinin geri
qaytarıldığını qeyd edən kənd sakini dəhşətli hadisələri, işgəncələri onların
dilindən eşitdiyini söyləyib:

“Ermənilər hər kəsə işgəncə vermişdilər. Öldürdüklərini bir güllə ilə
öldürmürdülər. Zülmlə, əziyyətlə qətlə yetirirdilər. Əsirlikdən qayıdan
insanlara o qədər işgəncə vermişdilər ki, onlar çox yaşaya bilmədilər, qısa
müddət sonra öldülər.

Erməni zülmü hələ sovet dövründən başlamışdı. O xalq bizə qarşı həmişə kin
saxlayıb. Erməni həkimlər neçə azərbaycanlını sağalda bilməmək bəhanəsi ilə
qəsdən öldürmüşdülər. Çox adamın adi problemlərinə “qanqrena olub” deyərək,
əlini, ayağını kəsirdilər. Adi apendisitdən ölənlər, müalicəsi səhv edilib,
şikəst qoyulanlar o qədər idi ki… Həmin dövrdə ermənilər sovetin göz bəbəyi
idilər, onlardan heç kimə şikayət etmək mümkün deyildi.

Dağlarda kahada qalanlar bir az ara sakitləşən kimi çıxıb, ölənləri dəfn
edirmişlər. Onların dəfn olunduğu məzarlıq var, heç birinin başdaşı yox idi.
Olan-qalan qəbirləri də ermənilər dağıtmışdılar. İndi orada abidə qoyulması,
faciə qurbanlarının anılması üçün addım atılması planlaşdırılır.

Kəlbəcər azad olunandan sonra kənd camaatının çoxu Başlıbelə getdi. Faciə
qurbanlarının yaxınları, həyatda qalanlar şəhidlərin məzarlarını ziyarət
etdilər. Onlar danışırdılar ki, Başlıbeldə ermənilər daşı daş üstündə
qoymayıblar. Düşmən işğal dövründə hər şeyi yerlə bir edib, 30 ildə Başlıbel
insan ayağı dəyməmiş torpaqlara çevrilib. Mən ötən il də, bu il də gedə
bilmədim, xəstəyəm deyə alınmadı. Kəlbəcər çox soyuqdur, ona görə yayda
gedəcəyəm.

Hər birimiz işğal günlərini, xalqımızın başına gətirilən müsibətləri kədərlə
xatırlayırıq. Amma Zəfərimiz, torpaqlarımıza qayıda bilməyimiz çox
sevindiricidir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılan cinayət
işinin istintaqı zamanı müəyyən edilib ki, Azərbaycanın digər rayonları ilə
yanaşı, 1993-cü ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələri
hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən həmin rayonun Başlıbel kəndində
mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər.

Ermənistan silahlı qüvvələrinin avtomat və iriçaplı silahlarla silahlanmış
ünsürləri öz azğınlıqlarını davam etdirərək 18 aprel 1993-cü il tarixdə
silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri
axtararaq aşkar etmiş, həmin gün saat 15-dən 21 radələrinədək köməksiz
vəziyyətdə qalmış mülki şəxslərin gizləndikləri mağaraları atəşə tutmağa
başlamışlar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik
olmayan 12 nəfər – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat
Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd
Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz
Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək
Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz
Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz
oğlu sığındıqları yerdə qəsdən öldürülüb.

Hücum nəticəsində 14 nəfər – 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı
Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı
Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı
Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı
Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı
Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı
Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı
Mənsimov Hüseyn İbrahim oğlu girov götürülüb. Həmin şəxslər sonradan
girovluqdan azad edilsələr də, onlardan doqquz nəfəri aldıqları mənəvi və
psixoloji sarsıntılardan vəfat edib.

İstintaq materialları ilə həmçinin müəyyən edilib ki, cinayətkar qruplaşmanın
üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını
qurtarmağa çalışan 36 şəxsdən yeddisi mühasirə şəraitində aldıqları
xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişib.

Aysel Aslan

Source link