Ermənistanın təcavüzünün fəsadları Perunun aparıcı telekanalında – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Perunun aparıcı xəbər kanallarından biri “Latina TV”də efirə getmiş proqramda
Ermənistanın təcavüzkar siyasətinin nəticələri, Azərbaycanın torpaqlarını
çoxillik işğaldan azad edərək tarixi ədaləti bərpa etməsi, həmçinin regionda
yeni reallıqlar yaratmasından bəhs olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, veriliş zamanı
telekanalın ölkəmizə ezam olunmuş müxbirinin işğaldan azad olunmuş ərazilərdə
lentə aldığı videogörüntülər nümayiş etdirilib, perulu jurnalistin Ağdam, Gəncə
və digər şəhərlərimizdə şahidi olduğu erməni terroru və vandalizminin
dəhşətverici olduğu vurğulanıb.
Həmçinin süjetdə Qarabağın artıq müzakirə mövzusu olmadığı, Azərbaycanın
erməni işğalına son qoyaraq bölgədə yeni reallıqlar yaratdığına diqqət çəkilib.
Qeyd olunub ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və tezliklə
iki ölkə arasında çoxdan gözlənilən yekun sülh müqaviləsinin imzalanması
regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına, inkişaf və tərəqqiyə
xidmət edəcəkdir.
Yayım zamanı məsələ ilə əlaqədar ölkəmizin Perudakı səfiri Məmməd Talıbovdan
götürülmüş müsahibə də əksini tapıb. Səfir Azərbaycanın Qarabağ bölgəsində
cərəyan edən son hadisələr və ölkəmizin sülh gündəliyi haqqında ətraflı məlumat
verib, hazırda Azərbaycan Hökuməti qarşısında duran əsas vəzifələrdən birinin
vaxtilə etnik təmizləmə nəticəsində öz torpaqlarından didərgin düşmüş
yüzminlərlə həmvətənimizin doğma yurdlarına təhlükəsiz və layiqli qayıdışının
təmin edilməsi olduğunu bildirib. Davam edən erməni mina terrorunun fəsadlarına
baxmayaraq, işğaldan azad edilmiş torpaqlarda sürətli və genişmiqyaslı
bərpa-quruculuq işlərininin həyata keçirildiyi vurğulanıb.
Diplomat, həmçinin Qarabağın erməni əhalisinin Azərbaycan Respublikasının
Konstitusiyası və qanunları çərçivəsində ölkəmizin sosial-iqtisadi və
ictimai-siyasi həyatına reinteqrasiyasının əhəmiyyətinə toxunub, bu məqsədlə
zəruri tədbirlərin görüldüyünü qeyd edib. Xüsusi vurğulanıb ki, BMT missiyası
Qarabağa səfəri zamanı yerli erməni sakinlərə qarşı heç bir zorakılıq halı və
mülki ictimai infrastrukturda heç bir ziyan qeydə almayıb.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən söz açan
səfir M.Talıbov iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanmasının,
sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsinin, eləcə də
regional nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasının vacibliyini qeyd edib.