Fərid Şahbazlı: “Kanadanın başqa ölkələri etnik dözümsüzlükdə ittiham etməsi
ikrah doğurur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan torpaqlarının 30 il ərzində Ermənistanın işğalçı siyasətinə məruz
qalmasına, həmçinin bir milyondan çox insanın öz torpaqlarından qovulması,
qətlə yetirilməsi, evlərinin, digər infrastrukturların tamamilə məhv edilməsi
kimi beynəlxalq cinayətlərə susan dövlət və təşkilatların bu gün ölkəmizi
ittiham edən açıqlamalar verməsi ikrah hisi yaradır. Kanadanın xarici işlər
naziri Melani Colinin Ermənistana səfəri zamanı Azərbaycanı “deportasiya”da
ittiham etməsi qərəz və böhtan olmaqla yanaşı, eyni zamanda dövlətimizin
müstəqil xarici siyasətindən və gücündən ciddi narahatlığın ifadəsidir”.
Cixisyolu.com xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin
sədri, siyasi şərhçiFərid Şahbazlı deyib.
Onun sözlərinə görə, Azərbaycanın öz gücü hesabına ərazi bütövlüyünü və
suverenliyini bərpa etməsi, işğaldan azad edilən bölgələrdə geniş abadlıq
quruculuq işlərinin sürətlə davam etdirilməsi Ermənistandan maşa kimi istifadə
edən himayədarlar tərəfindən həzm edilmir:
“Heç bir zamanda müstəqil xarici siyasət həyata keçirmək cəsarəti olmayan,
yeganə funksiyası ABŞ-dən gələn direktivləri icra etmək olan Kanada xarici
işlər nazirinin Azərbaycana qarşı ittihamlar səsləndirməsi anlaşılandır. Çünki
Azərbaycan BMT də daxil olmaqla, özünü ciddi qurum kimi təqdim edən beynəlxalq
təşkilatların Ermənistanla bağlı icra olunmayan bütün qətnamələrini özü icra
edərək, ərazi bütövlüyünü və suverenliyi bərpa etdi. Azərbaycan bununla yanaşı,
dövlətimizə və xalqımıza münasibətdə cinayətə bulaşmış separatçı “lider”ləri
məsuliyyətə cəlb etdi. Əlbəttə bütün bunlar regionda Ermənistandan alət kimi
istifadə edən gücləri narahat etməyə bilməz”.
Fərid Şahbazlı bildirib ki, Kanada və digər ölkələr illərdir Azərbaycan
xalqının başına gətirilən faciələrlə bağlı bir dəfə də olsun çağırış və ya
etiraz etməyiblər:
“Beynəlxalq hüququ müstəqil siyasət yürüdən ölkələrə qarşı cəza mexanizmi kimi
istifadə edən bu ölkələrin indi Azərbaycanı ittiham etməsi qərəz və təzyiq
metodundan başqa bir şey deyil. Tarixdə yerli aborigen xalqların soyqırımı
nəticəsində yaradılmış Kanadanın başqa ölkələri etnik dözümsüzlükdə ittiham
etməsi ümumiyyətlə gülüş və ikrah hissi doğurur. Kanadalı nazirin Azərbaycanı
sanksiyalarla hədələməsi ümumiyyətlə absurddur. Azərbaycan dəfələrlə sübut edib
ki, onunla təhdid dilində danışmaq yolverilməzdir və bu prosesdən itirən yalnız
Qərb olacaq”.