Fatih Birol: “Dünya neft bazarı çox böyük tərəddüd və qeyri-müəyyənlik
astanasındadır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Dünyanın neft və təbii qaz tədarüklərinə artan geosiyasi təhdidlər –
antropogen iqlim dəyişikliyi ilə bağlı narahatlıqlara əlavə olaraq – qalıq
yanacaqların etibarlı və təhlükəsiz enerji mənbələri kimi cəlbediciliyini daha
çox sarsıdır”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri
Fatih Birol “S&P Global Commodity Insights” beynəlxalq agentliyinə
müsahibəsində deyib.
“Neft bazarı çox böyük tərəddüd və qeyri-müəyyənlik astanasındadır. Məsələ bir
və ya bir neçə neft istehsalçısı olan ölkənin böhrana
qarışıb-qarışmamasındadır. Bu belədirsə, bazarın tədarüklərdə fasilələr və
yüksək qiymətlər planında əziyyət çəkəcəyini görə bilərik”, – o vurğulayıb.
Onun sözlərinə görə, Yaxın Şərqdə münaqişənin daha geniş yayılması qorxusu
“OPEC+” ölkələrinin tədarüklərini könüllü şəkildə azaldılması ilə Ukraynada
davam edən münaqişə və Rusiyaya qarşı sanksiyalarla bağlı artan geosiyasi
risklərin birləşməsi neft bazarlarında yüksək əhvali-ruhiyyəni gücləndirib:
“Qərbin Rusiya neftinin ixracına tətbiq etdiyi sanksiyalar ötən il Ukraynada
müharibə başlayandan sonra xam neft və dizel yanacağının Avropaya axınının
strukturunu dəyişib. Yəmən isə Yaxın Şərqdə artan eskalasiya səbəbindən qlobal
neft bazarları üçün potensial güclü nöqtəyə çevrilib”.
“S&P Global Platts”ın hesablamalarına görə, 2023-cü ilin əvvəlindən “Brent”
markalı neftin qiyməti təxminən 13 ABŞ dolları artıb.
F.Birol qeyd edib ki, insanlar ekstremal hava hadisələrini də qalıq yanacaq
istifadəsi ilə əlaqələndirirlər və iqlim böhranının dərinləşməsinə də
cavabdehdirlər.
Oktyabrın 12-də neft bazarı ilə bağlı son aylıq hesabatında IEA, İsraildə
münaqişənin eskalasiyası Yaxın Şərqdən neft tədarükünə təsir edərsə, strateji
ehtiyatların koordinasiyalı buraxılması ilə addım atmağa hazır olduğunu
bildirib. İsrail və HƏMAS arasındakı qarşıdurmanın bu günə qədər fiziki neft
tədarükünə birbaşa təsir göstərmədiyini qeyd edən IEA, bu qarşıdurmanın siyasi
cəhətdən bütün Yaxın Şərqə yayıla biləcəyinə dair hər hansı bir əlamət olarsa,
beynəlxalq ictimaiyyət regiona neft axınları üçün mümkün risklərə diqqətini
artıracaq.
Gələcəyi nəzərə alan F.Birol xəbərdarlıq edib ki, Qərbin Rusiyanın neft və
təbii qazından uzaqlaşması bu təbii ehtiyatların tədarükünün tələb və təklif
perspektivləri üçün uzunmüddətli nəticələrə səbəb olacaq.
Oktyabr ayında dərc olunan 2023-cü il Dünya Enerji Perspektivləri hesabatında
IEA bildirib ki, onun mərkəzi ssenarisinə əsasən, kömür, neft və təbii qaza
qlobal tələbin, əsasən günəş enerjisi sahəsində sürətli irəliləyişlə əlaqədar
olaraq onilliyin sonuna qədər pik həddə çatacağı gözlənilir.
“Hökumətlər, şirkətlər və investorlar ekoloji təmiz enerjiyə keçidi
dəstəkləməli və ona müdaxilə etməməlidirlər. Çünki bu, yeni sənaye imkanları və
iş yerləri, daha çox enerji təhlükəsizliyi, daha təmiz hava, hər kəsin enerjiyə
çıxışı və hamı üçün təhlükəsiz iqlim daxil olmaqla böyük üstünlüklər təklif
edir”, – o bildirib.