a0509f27-3fdf-4f36-824b-dc78c18cfb58..jpg

FHN: “Partlayışda axtarış əməliyyatlarında xüsusi texnikanın tətbiqindən istifadə olunur”-YENİLƏNİB+FOTO/VİDEO

Baxış sayı: 751 dəfə baxılıb.

FHN: “Partlayışda axtarış əməliyyatlarında xüsusi texnikanın tətbiqindən
istifadə olunur”-YENİLƏNİB+FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Biləsuvar şəhərində
yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində
yaranmış dağıntı ilə əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Nazirlikdən verilən məlumata görə, hazırda əməliyyat xüsusi texnikanın tətbiqi
ilə həyata keçirilir.

Qeyd edək ki, axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyi Dövlət
Yanğından Mühafizə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri tərəfindən
həyata keçirilir.

22:53

Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış
binasında partlayış baş verməsi səbəbindən 2 nəfər (1-i qadın cinsi – 2009-cu
il təvəllüdlü, 1-ci kişi cinsi olmaqla – 2013-cü il təvəllüdlü) Biləsuvar Rayon
Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə Cixisyolu.com-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, diaqnozları başın və bədən səthinin yanığı, yuxarı tənəffüs
yollarının yanığı olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti
orta ağır olan 2009-cu il təvəllüdlü pasiyentin müalicəsinə tibb müəssisəsində
davam edilir.

Vəziyyəti ağır olan 2013-cü il təvəllüdlü pasiyent isə hazırda Bakıda yerləşən
müvafiq tibb müəssisəsinə təxliyə edilir.

22:20

Biləsuvarda partlayış baş verən binadan sakinlər təxliyə olunub.

APA-nın xəbərinə görə, 37 ailə Olimpiya kompleksinə yerləşdirilib.

22:07

Biləsuvarda baş verən partlayış hadisənin təfərrüatı məlum olub.

“Report”un məlumata görə, hadisə Nazilə Məmmədovaya məxsus şəhərin H. Əliyev
prospektində yerləşən 5 mərtəbəli, bina 6, mənzil 15 ünvanında qeydə alınıb.

Belə ki, partlayış orda kirayədə yaşayan rayon sakini 1988-ci il təvəllüdlü
Günay Əliyeva mənzilə daxil olan zaman baş verib. Həmin vaxt onun yanında
övladları 2009-ci il təvəllüdlü F. Əliyeva və 2013-cü il təvəllüdlü Y. Əliyev
də olub. Məlumata görə, hadisə vaxtı qadının həyat yoldaşı həyətdə olduğundan
o, xəsarət almayıb.

Hadisədən sonra mənzil tamamilə dağılıb.

Xilasetmə tədbirləri nəticəsində ananın hər iki övladı ağır vəziyyətdə xilas
edilərək, rayon xəstəxanasına aparılıblar.

Hazırda ananın axtarışları davam etdirilir.

21:16

Biləsuvarda yaşayış binasında baş verən partlayışın səbəbi açıqlanıb.

Bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 24-ü saat 19 radələrində Biləsuvar rayonu, Heydər
Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi
barədə məlumat daxil olub.

Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları
hadisə baş verən əraziyə cəlb olunmaqla zəruri tədbirlər həyata keçirilir.

İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub.

Hazırkı vaxtadək dağıntılar altında qalan 2 nəfər xilas edilərək xəstəxanaya
yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci
maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq
ibtidai istintaq aparılır.

21:07

Biləsuvarda partlayışda dağıntılar altından çıxarılan şəxslərin ana və onun
övladı olması məlum olub.

“Report”un məlumatına görə, həmin şəxslər G.Əliyeva və onun oğlu Y.Əliyevdir.

Onlar ağır vəziyyətdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının reanimasiya
şöbəsinə yerləşdirilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

20:53

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən operativ
axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından daha bir nəfər sağ
çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

FHN-dən APA-ya bildirilib ki, axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, daha öncə həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində
yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ
çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

20:41

Biləsuvarda hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi
zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə
baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü
müəyyən edilib.

Bu barədə Cixisyolu.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində
yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ
çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

20:28

Biləsuvarda partlayış baş verən binada xilasetmə işləri aparılır.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev
prospektində 5 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində olub.

Partlayış nəticəsində binaya ziyan dəyib. İlkin məlumata görə, iki nəfər
yaralı xəstəxanaya aparılıb.

19:44

Biləsuvarda yaşayış binasında partlayış olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində
yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.

Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürən qüvvə
və xilasedicilər cəlb olunub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.


Source link