7b0344e2-ceb4-49bb-a373-9b886417d9b4..jpg

“Fransanın başqa dövlətlərin daxili işlərinə qarışmağa cəhdlər etməsi qəbuledilməzdir” – RƏY + FOTO

Baxış sayı: 909 dəfə baxılıb.

“Fransanın başqa dövlətlərin daxili işlərinə qarışmağa cəhdlər etməsi
qəbuledilməzdir” – RƏY + FOTO

“Dünyada nüfuzunu itirən, beynəlxalq hüquqa hörmətsizlik edən, postmünaqişə
reallıqlarını hələ də həzm edə bilməyən Fransanın başqa dövlətlərin daxili
işlərinə qarışmağa cəhdlər etməsi birmənalı şəkildə qəbuledilməzdir”.

Bunu “Report”a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi
elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

O xatırladıb ki, Azərbaycan Qarabağda qazandığı tarixi Zəfərdən sonra regionda
dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə
yeni səhifənin açılması üçün qarşı tərəfə beynəlxalq hüququn beş əsas
prinsipini özündə ehtiva edən sülh müqaviləsinin imzalanmasını təklif edib.

Siyasi icmalçı vurğulayıb ki, iki ildən artıq vaxt keçməsinə baxmayaraq,
Ermənistanın bu istiqamətdə konkret addımlarını, eyni zamanda, 10 noyabr
2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək
üçün səylərini görmürük:

“Bu günümüzün reallıqları 30 illik işğal dövründə yaşadıqlarımızı bir daha
yada salır. Dünyanın hələ də ikili standartlara əsaslanan siyasətdən yaxa
qurtara bilmədiyi, bəzi dünya güclərinin belə yanaşmaların dövlətlərarası
münasibətlərdə əsas faktor olan etimad mühitinin möhkəmlənməsinə mənfi təsir
göstərdiyini düşünmək istəmədikləri diqqətdən kənarda qalmır”.

V.Rəhimzadə söyləyib ki, istər işğal, istərsə də postmünaqişə dövründə
Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi daim geniş müzakirə mövzusu olub.
Onun fikrincə, Fransa ilə Ermənistanı eyni dəyərlər birləşdirsə də, bu, hansısa
bir məsələyə yanaşmada qərəz, ədalətsiz mövqe nümayiş etdirməyə əsas vermir:

“Başqa dövlətlərdən beynəlxalq hüququn norma və prinsiplərinə hörmət,
demokratik dəyərlərə sadiqlik nümayiş etdirməyi tələb edən Fransanın özü bu
dəyərlərdən çox uzaqdır. Fransa Prezidenti Emmanuel Makronun erməni sevgisindən
irəli gələn qərəzli mövqeyi davamlılığı ilə diqqətdədir. Görünən budur ki,
Fransa Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir. Fransanın Avropa və
xarici işlər naziri Katrin Kolonnanın qərəzli bəyanatı da bunu təsdiq edir.
Belə ki, Fransa rəsmisinin bu ölkə parlamentində çıxış edərək guya
Laçın-Xankəndi yolunun bağlanması və oradakı ermənilərin humanitar-iqtisadi
blokadaya alınması barədə sərsəm fikirləri qəbuledilməzdir”.

V.Rəhimzadə qeyd edib ki, Fransanın siyasətində aqressivlik özünü qabarıq
şəkildə büruzə verir. Siyasi elmlər doktorunun qənaətinə görə, regionda və
dünyada cərəyan edən proseslərə yanaşmalarda maraqların ədaləti və beynəlxalq
hüququ üstələməsi Fransa hökumətini qərəzli mövqeyinə haqq qazandırmaq üçün bir
aqressivlik nümayiş etdirməyə məcbur edir. O bildirib ki, hazırda Fransada
problemlər, Makronun əleyhinə nümayişlər geniş vüsət alıb:

“Özünü “demokratiyanın beşiyi” kimi təqdim edən Fransada dinc aksiya
iştirakçılarına qarşı tətbiq etdiyi zorakılıq dünya mətbuatında geniş şərh
olunur. Başı bu və ya digər ölkələrin daxili işlərinə qarışmağa cəhd etməyə
qarışan Fransa prezidenti yaxşı olar ki, öz ölkəsindəki problemlərlə məşğul
olsun”.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, artıq neçə aydır ekofəalların
Xankəndi-Laçın yolunda keçirdikləri aksiyanın səbəbi hər kəsə məlumdur:

“Atdığı hər bir qərəzli addımı ilə regionda sülhün tərəfdarı olmadığını sübut
edən Fransanın bu aksiyanı öz maraqlarına uyğun şəkildə təhlil etməyə cəhd
etməsi müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz. Prezident İlham
Əliyevin beynəlxalq tədbirlərdə elə bir çıxışı yoxdur ki, bu məsələyə diqqət
yönəltməsin və mahiyyətini dünya ictimaiyyətinə çatdırmasın. Reallıq budur ki,
aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin
hərəkətinə heç bir maneə yaratmırlar. Ermənistanın, eyni zamanda, beynəlxalq
hüququ, ədaləti arxa plana keçirib qərəzli yanaşması ilə diqqətdə olan
Fransanın etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları, təminat
avtomobillərini buraxmadıqları ilə bağlı iddiaları məqsədli şəkildə ortaya
atılan dezinformasiyadan başqa bir şey deyil”.

O bildirib ki, Azərbaycan müstəqil dövlətdir və heç bir dövlətin diktəsi ilə
oturub-durmur. A.Rəhimzadə söyləyib ki, Fransa ədalətin və beynəlxalq hüququn
qorunmasına, hər bir dövlətin bu dəyərlərə hörmətlə yanaşmasına səy
göstərməlidir:

“Amma əfsuslar olsun ki, onun özünə bu dəyərlərin aşılanmasına böyük ehtiyac
vardır. Dünyada nüfuzunu itirən, beynəlxalq hüquqa hörmətsizlik edən,
postmünaqişə reallıqlarını hələ də həzm edə bilməyən Fransanın başqa
dövlətlərin daxili işlərinə qarışmağa cəhdlər etməsi birmənalı şəkildə
qəbuledilməzdir. Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir. Belə
ki, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə
bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əməkdaşlıq
əlaqələrini quran Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və
özünün də daxili işinə müdaxiləni yolverilməz hesab edir. Azərbaycan dövlətinin
çağırışlarında daim bu məqam xüsusi yer alır ki, hər bir dövlət öz daxili işi
ilə məşğul olub, başqalarının daxili işinə müdaxilə etməsə, dünyada sabitlik,
sülh, təhlükəsizlik və əməkdaşlıq olar”.

Source link