Fransda Azərbaycan cüdoçusuna qarşı haqsızlıq edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Fransanın Monpelye şəhərində
keçirilən Avropa çempionatında hakim haqsızlığı ilə üzləşib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, ilk görüşündə italiyalı Andrea Karlino ilə üz-üzə gələn
B.Ağayev hakimin yanlış qərarı nəticəsində sonda rəqibinə məğlub olub:
“Ağayev Karlino ilə görüşə kifayət qədər inamlı başladı. Təbii ki, italyan
passivliyinə görə xəbərdarlıqlar aldı. Lakin sonra döyüşün mənzərəsi bir qədər
dəyişdi. Hakim Balabəyə “şido” verməyə başladı və döyüş “qızıl hesaba”
çevrildi. Əlavə vaxtda da cüdoçumuz fəallıq göstərməsinə baxmayaraq, səbəbsiz
olaraq passivliyə görə üçüncü xəbərdarlığı aldı. O, hakimlərdən jestlərlə
epizodu yenidən nəzərdən keçirməyi xahiş edərək, tatamidən çıxmaqdan imtina
etdi. Lakin qərar qüvvədə qaldı və Balabəy tatamini məyus tərk etdi”.
Qeyd edək ki, Balabəy Ağayev son üç ildə iki dəfə Fransanın paytaxtı Parisdə
keçirilən Böyük Dəbilqənin qalibi olub.