Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar tədbir
keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Gəncə şəhərində silsilə
tədbirlər keçirilir.
“Report”un məlumatına görə, silsilə tədbirlər çərçivəsində Gəncə Şəhər İcra
Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 28 nömrəli tam
orta məktəbin həyətində ağacəkmə aksiyası gerçəkləşib.
Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin
Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin
müdiri Anar Qədiməliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul
əməkdaşları, müəllim və şagird kollektivi iştirak ediblər. Ağacəkmə aksiyasında
ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi
ilə əlaqədar olaraq 100 ədəd ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.
Aksiyadan sonra məktəbin kollektivi tərəfindən tədbirin bədii hissəsi
keçirilib. Əvvəlcə Türkiyə və Azərbaycanın Dövlət Himnləri səsləndirilib. Daha
sonra hər iki ölkənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Türkiyə Cümhuriyyətinin tarixi barədə çıxışlar dinlənilib.
Məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbləri və məktəbdənkənar
təhsil müəssisələrinin şagirdləri müxtəlif kompozisiyalarla çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.