6fe03516-01ec-42c2-910f-661c50def52e..jpg

Gəncədə yanğın zamanı yaralanan xəstəxana əməkdaşlarının sayı artdı – YENİLƏNİR + FOTO/VİDEO

Baxış sayı: 583 dəfə baxılıb.

Gəncədə yanğın zamanı yaralanan xəstəxana əməkdaşlarının sayı artdı –
YENİLƏNİR + FOTO/VİDEO

Hadisə nəticəsində tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində
müalicə alan 8 pasiyent Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan
Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 10 pasiyent Abbas Səhhət adına
xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə, 18 pasiyent Gəncə Perinatal
Mərkəzinə, 1 pasiyent Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə TƏBİB-dən Gəncədə xəstəxanada baş verən
yanğınla bağlı açıqlamada qeyd olunub.

Bildirilib ki, eyni zamanda tibb müəssisəsinin 3 əməkdaşı hadisə zamanı
xəsarət alıb. Onlardan 2-si Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 1-i
isə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri
stabildir.

Qeyd edək ki, hazırda Abbas Səhhət adına xəstəxananın mərkəzi korpusunun
fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədovanın ölüm səbəbi
ilə bağlı tibbi ekspertiza təyin olunub. Nəticəsi barədə əlavə məlumat
veriləcək.

Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.

12:31

Gəncədə xəstəxanada baş verən yanğın zamanı xəstəxananın iki əməkdaşı yüngül
xəsarət alıb.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Abbas Səhhət adına 1 saylı şəhər
xəstəxanasının baş həkimi Anar Məmmədov deyib.

O bildirib ki, yanğın səhər 10 radələrində baş verib:

“Yanğına səbəb qısaqapanma olub. Yanğın zamanı 63 xəstə stasionar yatışda,
onların 13 nəfəri reanimasiyada olub. Xəstələrdən 12 nəfər başqa xəstəxanaya
köçürülüb. Digər xəstələr isə öz xəstəxanamızda başqa binalara
yerləşdiriliblər. Reanimasiyada müalicə alan xəstələrdən bir nəfəri ölüb. O,
çox ağır vəziyyətdə idi. Bu xəstənin ölüm səbəbi araşdırılır. İlkin məlumata
görə, həmin xəstə yanğından əvvəl ölüb”.

Baş həkim xəstəxanada olan bütün xəstələrin təxliyə olunduğunu bildirib. O
qeyd edib ki, xəstəxananın iki işçisi yanğın zamanı xəsarət alıb, hazırda onlar
başqa xəstəxanaya köçürülüblər.

Baş həkim sabahdan iş fəaliyyətlərini davam etdirəcəklərini deyib.

11:25

Gəncə şəhər prokurorluğu aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas
Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat yayıb.

İlkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şkafında baş
vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.

Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə
Məmmədova ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və
Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələri tərəfindən hazırda tibb
müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə
edilirlər. Artıq 58 nəfər təxliyə edilib.

10:44

Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın binanın
zirzəmisində yerləşən elektrik şkafında baş verib.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, zirzəmidə 9 kvadratmetr ərazi yanıb.

Yanğın zamanı əmələ gələn tüstü havalandırma borusundan binanın digər
mərtəbələrinə daxil olub.

Hadisə zamanı xəstəxananın reanimasiya şöbəsində yatan və ürək
çatışmazlığından əziyyət çəkən xəstə tüstüdən boğulub.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

10:34

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə
Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında
yanğın olması barədə ilkin məlumat daxil olub.

Cixisyolu.com xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb
olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa
müddətdə məhdudlaşdırılaraq söndürülüb.

10:13

Gəncə şəhərində xəstəxanada yanğın olub.

Cixisyolu.com-ın məlumatına görə, hadisə 1 saylı Abbas Səhhət adına Xəstəxanada baş
verib.

Məlumatla əlaqədar FHN-in yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb
olunublar.

Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Samir İsayev

Source link