2524513b-7e09-435a-a5e5-eae61b714374..jpg

Gəray bəy ömrü yaşayan sənətkar

Baxış sayı: 910 dəfə baxılıb.

Gəray bəy ömrü yaşayan sənətkar

Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar səsi ilə yaddaqalan obrazlar
yaratmış aktyorlar çox olub. Onların sırasında Hüseyn Ərəblinski, Hüseynqulu
Sarabski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Möhsün Sənani
və başqalarının adlarını qürur hissi ilə çəkə bilərik. Bu sırada XX əsrin səhnə
salnaməmizin nadir simalardan biri – Xalq artisti, Dövlət mükafatı laureatı
Həsənağa Turabovun öz yeri var.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Həsənağa Turabovun anadan
olmasının 85-cü ildönümü tamam olur.

Bakıda dünyaya göz açmış Həsənağa Turabov 31 nömrəli orta məktəbdə təhsil
alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil
olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə
həmin ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi
fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda aktyor, 1987-2001-ci
illərdə isə teatrın direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. Onun
rəhbərliyi dövründə teatr binası əsaslı təmir edilib, neçə-neçə klassik və
müasir əsərlər səhnəyə qoyulub.

Görkəmli aktyor səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji
üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş
rolları ifa edib. Aktyorun yaratdığı obrazlar arasında Vahid (“Kəndçi qızı”),
Azər (“Yaxşı adam”), Hamlet (“Hamlet”), Lionel (“Orman qızı”), İsgəndər
(“Ölülər”), Xəyyam (“Xəyyam”) xüsusilə seçilir.

Azərbaycan kinematoqrafiyasının inkişafında da Həsənağa Turabovun xidmətləri
böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən televiziya filmlərində
yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının böyük bir
hissəsini təşkil edib və yüksək sənətkarlıq bacarığını bariz şəkildə nümayiş
etdirib. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük
maraqla qarşılanıb və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna əbədi daxil
edilib.

Kinoda da özgə bir aləm yaradıb. Gəray bəyin (“Yeddi oğul istərəm”) misilsiz
obrazı onun ifasında kinomuzun nadir qəhrəmanlarından biridir. Bu rol elə bil
onun boyuna biçilib. Həsən müəllim bu rolundan söz düşəndə həmişə
təvazökarcasına – “bu rejissorun seçimidir, – deyərdi. – Mən yalnız onun
dediklərini etmişəm”. Yox, elə deyildi, Həsən müəllim rejissorun istəyindən
qat-qat üstün ifa edərdi rolları. Onunla səhnəyə, yaxud kamera qarşısına çıxan
aktyorlar həmişə ehtiyatla hərəkət edərdilər. Çünki onun sənəti məktəb idi.

“Yeddi oğul istərəm” filmindən sonra hamı onu Gəray bəy kimi tanımağa və
sevməyə başlayıb. Həsənağa Turabovun qızı Sevinc Turabova deyir ki, atası Gəray
bəy obrazı ilə həyatını yaşayıb:

“Atam Gəray bəy obrazı ilə öz həyatını yaşayıb. Elə bil Gəray bəy özüdür ki,
var. Xasiyyəti eyni idi. Mərd, qürurlu idi. Heç kimə baş əyməzdi, sözündən heç
vaxt dönməzdi. Baxmayaraq ki, mənfi obraz idi Gəray bəy, kişilik rəmzi kimi
tanındı. Hər yerdə onu Gəray bəy deyə çağırırdılar. Hətta vəziyyət o yerə
çatmışdı ki, məni də Gəray bəyin qızı Humay adlandırırdılar. Yadımdadır, 6-7
yaşım olanda nənəmgilə getmişdim. Pəncərədə dayanıb həyətdə oynayan uşaqlara
baxırdım. Məni görən uşaqlar başlayırlar qışqırmağa: “Komsomolu güllələyib
öldürən Gəray bəyin qızı Humaydır”. Bu, məni o qədər qəzəbləndirdi ki…”

Həsənağa Turabov kinonu da teatr qədər sevib. Hətta, mənfi rolları da
ustalıqla oynayıb. Afşin (“Babək”), Gəray bəy (“Yeddi oğul istərəm”) rolları
təzadlı tiplər olsalar da, sənətkarlıq baxımından yaddaqalan olublar. O, müsbət
rollarını sevdirə bildiyi qədər də mənfi obrazlara tamaşaçıda kəskin nifrət
hissi yarada bilib.

Həsənağa Turabovun “Axırıncı aşırım”, “Ürək… Ürək…”, “Sevinc buxtası”,
“Çarvadarların izi ilə”, “Qəm pəncərəsi” və başqa filmlərdəki rolları da öz ifa
tərzi ilə seçiliib. Amma Kəbirlinskini (“Dantenin yubileyi”) özgə bir
gözəlliklə yaradıb. Gəray bəy nə qədər çılğın, enerjili, hirsli-hikkəli obraz
olubsa, Kəbirlinski bir o qədər mülayim, sakit bir insan olub. O, hər iki
obrazı öz xarakterinə uyğun şəkildə çox məharətlə yaradıb. Hətta rejissorluq
etmək fikrinə də düşüb. “Bəyin oğurlanması”nda rejissor rolunda çəkilib. “Qaçaq
Nəbi”ni isə rejissor kimi çəkib. Hər ikisində Həsənağa Turabovun yaradıcılıq
xüsusiyyətləri aydın hiss edilib. Son çəkildiyi filmlər isə “Ailə” və “Nə
gözəldir bu dünya…” filmləri olub.

Azərbaycan radiosunda səsləndirdiyi “Lirika dəftərindən” adlı ədəbi-bədii
veriliş Həsənağa Turabovun ecazkar səsinin, ifa tərzinin sehrini, cazibəsini bu
gün də yaddaşlarda qoruyub saxlayır.

Həsənağa Turabov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
professoru kimi pedaqoji fəaliyyətlə də məşğul olub. Gənclərin aktyorluq
sənətinin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam
etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.

Xalq artisti Həsənağa Turabov 2003-cü ilin fevralın 23-də 64 yaşında vəfat
edib.

Source link