1e7489ac-b3b1-4d76-9b86-68d5d5c60e46..jpg

Gülyaz Məmmədova: “Heydər Əliyevin bizi kəşf etməsindən sonra tanınmağa başladıq” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 1. 239 dəfə baxılıb.

Gülyaz Məmmədova: “Heydər Əliyevin bizi kəşf etməsindən sonra tanınmağa
başladıq” – MÜSAHİBƏ + FOTO

“Heydər Əliyev öz övladı kimi əlimizdən tutub “Təki sən səslə məni”, “Küçələrə
su səpmişəm” kimi mahnılarımızı bizimlə birgə oxuyub. Həmişə hal-əhvalımızı
soruşub, maraqlanıb. Ata kimi qayğı göstərib”.

Bu fikirləri “Report”a müsahibəsində Azərbaycan Respublikasının Xalq artisti,
xanəndə Gülyaz Məmmədova deyib.

Xalq artisti ilə müsahibəni təqdim edirik:

– Gülyaz xanım, uzun müddətdir sənətdəsiniz. Sizin sənətə gəldiyiniz vaxtlarda
efirə çıxmağın və ifaçı kimi tanınmağın heç də asan olmadığı deyilirdi.

– Ümummilli lider Heydər Əliyevlə əlaqədar, demək olar ki, bir çox sənət
adamlarının həmin dövrə aid xatirələri var. Uşaqlıqdan onu, sadəcə,
televiziyalardan görüb tanıyırdıq. Lakin Heydər Əliyev ölkəyə rəhbərlik etməyə
başladıqdan sonra istedadlı uşaqların Bakıya gətirilməsində böyük rol oynadı.
Qərar vermişdi ki, musiqi istedadı olan uşaqların Bakıya gətirilib, burada
musiqi məktəblərində təhsil almasına köməklik göstərilsin. O zaman Respublika
Sarayında (indiki Heydər Əliyev Sarayı – red.) konsertlər keçirilir, həmin
konsertlər sayəsində ən istedadlı uşaqlar üzə çıxarılır və inkişafı üçün şərait
yaradılırdı. Bütün bunların da Heydər Əliyevin tapşırıqları əsasında baş
verdiyini hər birimiz bilirdik.

– Heydər Əliyevin incəsənətə xüsusi diqqət ayırdığını bilirik. Siz bu barədə
nə deyə bilərsiniz?

– Heydər Əliyev incəsənətin dostu idi. Mən incəsənət ailəsinin üzvü olduğum
üçün bunu rahatlıqla deyə bilirəm. Hər dəfə konsert proqramlarında kürsüdən
çıxışını dinləyərkən onun incəsənətə nə qədər yaxın olduğunu hər birimiz hiss
edirdik. Onun bizimlə rəftarı, hazırcavablığı hər dəfə bizi heyran qoyurdu.
Konsertlərə gələndə səhnədə kimlərin çıxış edəcəyi, hətta hansı əsərləri
səsləndirəcəyi barədə dəqiq məlumatlı olardı.

1997-ci ildə Gülyanaqla mən Azərbaycan Televiziyasında qonaq olduğumuz zaman
“Heyratı” muğamını səsləndirdik. Bu çıxışımızdan qısa müddət sonra bizə dövlət
tədbirində çıxış etmək üçün dəvət gəldi. Xeyli təəccübləndik, lakin bunun necə
baş verdiyini heç birimiz başa düşməmişdik. Məsələni maraqlanıb öyrəndik ki,
Prezident bizim televiziyada səsləndirdiyimiz muğamı eşidib və bəyənib. Deyib
ki, o “Heyratı” muğamını səsləndirən bacıları da tədbirə dəvət edin. Bu hadisə
Heydər Əliyevin incəsənətə diqqətinin, sadəcə, kiçik bir nümunəsidir. Heç bir
zaman yeni gördüyü sima, istedad onun diqqətindən yayına bilməzdi. Elə ondan
sonra tez-tez dövlət tədbirlərində iştirak edirdik.

– Deməli, tanınmağınızda ulu öndər Heydər Əliyevin rolu olub…

– Bəli, bizim hər ikimizin tanınmağında onun çox böyük rolu var. Heydər
Əliyevin bizi “Heyratı” muğamını oxuyan zaman kəşf etməsindən sonra dövlət
tədbirlərinə cəlb olunmağımız məhz onun adı ilə bağlıdır. Heydər Əliyev öz
övladı kimi əlimizdən tutub “Təki sən səslə məni”, “Küçələrə su səpmişəm” kimi
mahnılarımızı bizimlə birgə oxuyub. Həmişə hal-əhvalımızı soruşub, maraqlanıb.
Ata kimi qayğı göstərib.

– Bildiyimiz qədər, ulu öndər mütəmadi olaraq konsert proqramlarınızda iştirak
edirdi. Onunla bağlı xatirələrinizi də eşitmək istərdik.

– Bir dəfə konsertlərin birinə hazırlıq zamanı müəllimimiz Gülyanağa Zeynəb
Xanlarovanın “Bəri bax” mahnısını onun kimi ifa etməyi öyrətdi və mahnının
sonunda “Şəddi-şahnaz” muğamını oxutdurdu. Gülyanaq “Gülüstan” sarayında həmin
mahnını yüksək səviyyədə səsləndirdi. Mahnı ilə yanaşı, çox maraqlı səhnə
geyimi və səhnə şousu da hazırlanmışdı. Konsertdə ulu öndər Heydər Əliyevlə
yanaşı, bir çox xarici qonaqlar, eyni zamanda Pakistan prezidenti də iştirak
edirdi. Gülyanağın çıxışından sonra ulu öndərin şəxsi tərcüməçisi bizə
yaxınlaşdı və bildirdi ki, Prezident Gülyanaq xanımı çağırır. Gülyanağı iki
prezidentin yanında əyləşdirdilər və ona səhnə çıxışını çox bəyəndiklərini
dedilər. Gənc bir tələbə qızcığaz üçün bu, əvəzolunmaz hədiyyə idi. Gülyanaqla
xatirələrimizlə bağlı hərdən söhbət edirik və həmin həyəcanını bu gün də hiss
etdiyini deyir.

– Ulu öndərin sizin qolbağınızı tapması da maraqlı hadisədir. Həmin qolbaq
indi haradadır?

– Rəşid Behbudovun yubileyi idi. Xaricdən də saysız-hesabsız sənət adamları
qonaq gəlmişdilər. Biz Rəşid Behbudovun ifa etdiyi xalq mahnılarını
səsləndirirdik. Heydər Əliyev də Rəşid Behbudov barədə geniş çıxış etdi və onun
haqqında çox maraqlı söhbət açdı. Adəti üzrə konsert proqramından sonra səhnə
arxasında sənətçilərlə görüş keçirdi, səmimi söhbət mühiti yaranmışdı. Birdən
yaxınlaşıb yerə əyildi. Bir qədər təəccüblənib arxaya çəkildik. Ulu öndər
yerdən qolbağı götürüb havada yellədi ki, bu kimindir? Bu zaman qolbağın mənim
olduğunu dedim. Xeyli zarafat elədi, şəkillərimiz də çəkildi. Həmin qolbağı bu
gün də saxlayıram və elə məhz bu müsahibə ilə əlaqədar yanımda gətirmişəm.
Mənim üçün mənəvi dəyəri çox böyükdür.

– Ən çox hansı mahnıları sevirdi, sizdən hansı mahnıları səsləndirməyi xahiş
edirdi?

– Daha çox “Küçələrə su səpmişəm”, “Ala gözlüm”, “Təki sən səslə məni” kimi
əsərləri şəxsən özünün də dəfələrlə səsləndirdiyini görmüşük. Lakin mahnıları
seçməzdi, hər birini sevirdi, zövq alaraq dinləyirdi. İncəsənət vurğunu idi.

– “Bacılar” adını da ilk dəfə sizə ulu öndər verib. Sizə qədər sənət aləmində
iki bacı ifaçı olmamışdı?

– Əslində, olmuşdu, sadəcə, səbəbi bir qədər fərqlidir. Hər dəfə Gülyaz hansı,
Gülyanaq hansıdır deyə sual verərdi. Nədənsə bizi seçə bilmirdi. Bəzən
Gülyanaz-Gülyanaq bacıları da deyirdi. Axırda bir gün dedi ki, hər dəfə
adlarınızı qarışdırıram, ona görə bundan sonra sizi bacılar deyə çağıracağam.
Həqiqətən də, ondan sonra müsahibələrimizdə, səhnəyə dəvət edəndə hər kəs bizə
bacılar deyə müraciət etdi.

Source link