9450d895-3ace-420b-aec4-30126672466b..jpg

Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törədən 18 nəfər beynəlxalq axtarışdadır” – FOTO

Baxış sayı: 773 dəfə baxılıb.

Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törədən 18 nəfər beynəlxalq
axtarışdadır” – FOTO

“Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər
beynəlxalq axtarışdadır”.

Bunu “Report”a açıqlamasında hərbi prokurorun böyük köməkçisi – Hərbi
Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşlarına qarşı törədilmiş
sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin və digər
cinayətlərin istintaqı, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin
təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud
qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq
hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq
təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 2003-cü il
dekabrın 18-də baş prokurorun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin
vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb:

“2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı, ibtidai
araşdırmaya prosessual rəhbərlik öz təşəbbüsü ilə baş prokurorun müavini, hərbi
prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilməklə, Hərbi
Prokurorluğa tapşırılıb. Cinayət işi Respublika Hərbi Prokurorluğunda icraata
götürüldükdən sonra yeni istintaq-əməliyyat planı tərtib olunub, işin ibtidai
araşdırması əvvəlki illərdən fərqli olaraq, cinayət işinin vahid
istintaq-əməliyyat planına əsasən, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin tələblərinə tam uyğun və
baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb”.

Bildirilib ki, cinayət təqibi üzrə toplanmış materialların həcminin böyüklüyü,
araşdırılmalı olan xüsusatların çoxluğu, eyni zamanda, cinayətlərin törədilmə
üsul və vasitələri, xarakteri nəzərə alınaraq, araşdırmanın səmərəliliyini və
operativliyini təmin etmək məqsədilə iş üzrə beş əsas istiqamət – Azərbaycan
xalqına qarşı soyqırımı; əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı
işgəncə; terror; dövlətə və vətəndaşlara vurulmuş ziyan; müasir dövrdə milli
ədavət və düşmənçilik niyyəti ilə törədilmiş xüsusilə ağır cinayətlər kimi
istiqamətlər müəyyənləşdirilib.

Hərbi prokurorun böyük köməkçisi qeyd edib ki, həmin istiqamətlər üzrə cinayət
hadisələrinin araşdırılması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin
törədilməsində şübhəli olan şəxslərin müəyyənləşdirilməsi, sübutların
toplanılması və təqsirləndirilən şəxs qismində cəlb olunması yönündə işlər
davam etdirilib.

“İstintaq materialları ilə Bağanis-Ayrım soyqırımı epizodu üzrə sübuta
yetirilib ki, 1990-cı il martın 24-də saat 8 radələrində azərbaycanlıları bir
milli qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini
öldürmək, eləcə də beynəlxalq hüquq normaları və Azərbaycan qanunları ilə
müəyyən edilmiş əsaslar olmadan kənd sakinlərini daimi yaşayış yerlərindən
didərgin salmaqla onları qovmaq, azərbaycanlı əhaliyə, onların evlərinə, idarə
müəssisə və təşkilatlara basqınlar etmək və azərbaycanlılara qarşı digər
cinayətlər törətmək məqsədilə qanunsuz erməni silahlı birləşmələri Ermənistan
ərazisindən Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum edərək müxtəlif
istiqamətlərdən çeşidli hərbi texnika, döyüş və xüsusi təyinatlı nəqliyyat
vasitələrlə kəndə daxil olaraq iriçaplı odlu silahlardan, pulemyotlardan,
avtomatlardan, qumbaraatanlardan intensiv atəşlər açmaqla əhalini, yəni dinc
kənd sakinlərini küçələrdə və öz evlərində atəşə tutub”, – F.Əliyev vurğulayıb.

O əlavə edib ki, nəticədə məhz azərbaycanlı olduqlarına görə üçü qadın, biri
39 günlük körpə olmaqla 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi
amansızlıqla qətlə yetirilib, iki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri
yetirilib. Eyni zamanda 12 yaşayış evi qarət edilərək yandırılıb, eləcə də 438
nəfər kənd sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının
qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən
məcburən didərgin salınıb.

Məlumat verilib ki, cinayət işinin istintaqı zamanı konkret olaraq
Bağanis-Ayrım soyqırımı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər
törətmələri sübuta yetirilmiş 18 şəxs barəsində Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya
məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə
dair qərarlar qəbul olunub. Həmin şəxslərin barəsində məhkəmə qərarlarına
əsasən həbs qətimkan tədbiri seçilib və onların axtarışlarının təmin edilməsi
üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə
göndərilib. Hazırda bu istiqamətdə hərtərəfli istintaq-əməliyyat tədbirləri
davam etdirilir.

Qeyd edək ki, Bağanis-Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal
edilmiş və yandırılmış kənd kimi daxil olub. Erməni quldurları bu qanlı
hadisədən sonra Qazaxın daha altı kəndini – Xeyrimli, Aşağı Əskipara, Sofulu,
Barxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal ediblər. Bu gün
Qazaxın yeddi kəndi terrorçuluğu dövlət səviyyəsində həyata keçirən
Ermənistanın işğalı altındadır. 1990-cı ilin martında Bağanis-Ayrımda törədilən
qətliam erməni silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Xocalıda daha geniş miqyasda təkrarlandı.

Xatırladaq ki, ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasətin sayəsində
artıq dünya əhalisinin böyük hissəsi tarix boyu xalqımızın başına gətirilən
müsibətlər, o cümlədən soyqırımları, deportasiyalar, terrorlar, repressiyalar
və sair barədə səhih və ətraflı məlumatlara malikdir. Ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə bu istiqamətdə önəmli işlər görülüb. Soyqırımı
həqiqətlərinə dair tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması,
onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni milli maraqlarımıza
uyğun münasibət bildirilməsi, bununla əlaqədar respublikamızda və ölkəmizdən
kənarda həyata keçirilən sistemli və ardıcıl tədbirlər Prezident, müzəffər Ali
Baş Komandanİlham Əliyevin müdrik siyasətinin, o cümlədən bu sahədəki misilsiz
fəaliyyətinin təcəssümüdür. Birinci vitse-prezidentMehriban Əliyevanın, eləcə
də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə bu
istiqamətdə görülən böyük işlər də mühüm əhəmiyyət kəsb etməkdədir. Həmçinin
Ermənistan silahlı qüvvələrinin Bağanis-Ayrım kəndində törətdiyi soyqırımın
dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə bu faciədə həlak olmuş şəxslərin
xatirəsi əbədiləşdirilib, abidə kompleksi ucaldılıb.

Source link