Hakimlərin Seçki Komitəsi məlumat yaydı – FOTO

Baxış sayı: 822 dəfə baxılıb.

Hakimlərin Seçki Komitəsi məlumat yaydı – FOTO

Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların
dərinləşdirilməsi haqqında” 2019-cu il 03 aprel tarixli Fərmanına uyğun olaraq
məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən məhkəmələrə əlçatanlığın
yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin və şəffaflığın
artırılması üzrə ardıcıl tədbirlər görülüb.

Bu barədə Məhkəmə Hüquq Şurası məlumat yayıb.

Bildirilib ki, həmçinin, hakimlərin iş yükünün azaldılması, işlərə daha
keyfiyyətlə və çevik baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid
artırılıb. Bununla əlaqədar açıq müsabiqə elan olunaraq namizədlərin
sənədlərinin qəbulu fasiləsiz xarakter alıb. Seçim prosesi zamanı hər cür
şəffaf və əlverişli şəraitin yaradılması, sualların müasir texnologiyaların
tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılması, nəticələrin
dərhal elan edilməsi təmin olunub.

Ötən dövrdə yeni nəsil hakim korpusunun formalaşdırılması məqsədilə 1500-dək
hakimliyə namizədlə şəffaf prosedurlarla seçim keçirilib. Bu mərhələli prosesi,
o cümlədən Ədliyyə Akademiyasında tədris və məhkəmələrdə təcrübəni uğurla başa
vurmuş 123 nəfər ölkə Prezidentinin Sərəncamı ilə müxtəlif birinci instansiya
məhkəmələrinə hakim təyin edilib.

243 hakimliyə namizəd isə seçim prosesinin müxtəlif mərhələsindədir.

Onlardan 175 nəfəri test imtahanında müvəffəqiyyət qazanaraq müsabiqənin
növbəti mərhələsinə – yazılı imtahana keçmişlər. Avqust ayının 04-də Dövlət
İmtahan Mərkəzində həmin namizədlərlə yazılı imtahan keçirilib.

İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi həmin binada, qapalı iclasında
imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli
suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin
suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid
suallar seçiblər.

4 saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları
cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət
vermək, qanunun məzmununu dolğun açmaqla onun səlis izahını vermək
bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək
dəyərləndirilib.

Anonimləşdirilmiş cavab vərəqələri ikiqat yoxlama üsulu ilə
qiymətləndirilməklə yaxın zamanda nəticələr elan olunacaq.

Source link