0bf10220-e422-4d1e-a747-cbef8c2aa31e..jpg

Halqada adrenalin: Tarixi Bakı küçələri yeddinci dəfə trekə çevrildi – REPORTAJ + FOTO

Baxış sayı: 964 dəfə baxılıb.

Halqada adrenalin: Tarixi Bakı küçələri yeddinci dəfə trekə çevrildi –
REPORTAJ + FOTO

Azərbaycan artıq yeddinci dəfə “Expect the unexpected”, yəni “Gözlənilməzə
hazır olun” şüarı ilə tarixi Bakı küçələrini “Formula-1” trekinə çevirib.
“Formula-1”də mövsümün ən maraqlı mövzularından biri də Xəzər dənizinin
sahilində salınan küçə trekində yarışın necə olacağıdır.

Bildiyiniz kimi, “Formula-1” Azərbaycan Qran-prisi hər il öz unikallığı və
yarışın maraqlı nəticələri ilə yaddaşlarda iz qoymağı bacarır. Bu il də ölkənin
ən gözəl şəhərlərindən biri olan Bakının izdihamlı küçələrində təşkil olunan
yarışlar üçün işlər fasiləsiz olaraq davam edir.

Heç şübhəsiz, Bakı Şəhər Halqası müxtəlif çətinlikli 20 döngəsi və Xəzərə
paralel möhtəşəm trası ilə yenidən təqvimin sevimli treklərdən biri olacaq.

Təkcə paytaxtımızda olanlar deyil, həm də milyonlarla insan televizorları
qarşısında “Formula-1” bolidlərinin qızğın “döyüş”ünü şəhərin mənzərəli
küçələrində, UNESCO tərəfindən qorunan tarixi İçərişəhərin ətrafında, möhtəşəm
Xəzər dənizinin sahillərində və Bakının müasir siluetində izləyəcək. 28-30
aprel tarixlərində keçiriləcək yeddinci “Formula-1” Azərbaycan Qran-prisində
artıq ilk gün həyəcanı yaşanır.

Hər il olduğu kimi, bu təqvim ilində də yeniliklərlə seçilməyi sevən Bakı
Şəhər Halqasında ilk dəfə sprint yarışlarını izləmək imkanımız olacaq.
Bilməyənlər üçün qısaca qeyd edək ki, sprint yarışları həftəsonu əsas yarışın
qısaldılmış versiyasıdır və burada əsas yarışla müqayisədə daha az kilometr
tamamlanır.

Maraqlı digər məqamlardan biri də təbii ki, bu təqvimdə “Bakı sindromu”nun
davam edib-etməyəcəyidir. Dünya çempionatının Azərbaycan mərhələsində indiyədək
hər il müxtəlif pilotlar qalib gəliblər. Bu baxımdan, Azərbaycan Qran-prisinin
nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Məhz ona görə
“Formula-1” mütəxəssisləri yaşanan vəziyyətə “Bakı sindromu” adını veriblər.
“Formula-1”ə təkcə avtoidman yarışları kimi baxmaq ona haqsızlıq olar. Çünki
yarışların keçirildiyi ölkəyə PR və iqtisadi qazanc buketini təqdim edir.

Nəzərə alsaq ki, dünyadan milyardlarla insan bu yarışları “dörd gözlə”
izləyir, o zaman ölkənin tanıdılması üçün bundan yaxşı vasitə, yəqin ki, çətin
tapılar. Bakı yarışlarının gözlənilməz nəticələri, yarış zamanı trasda baş
verən maraqlı, eyni zamanda qeyri-adi hallar Azərbaycan Qran-prisinə marağı
ildən-ilə artırır. Tribunalara olan biletlərinin hamısının satılması və
“Formula-1” yarışlarını izləmək üçün ölkəmizə gələn turistlərin ötən illərlə
müqayisədə daha çox olması Bakı trekinə artan marağın bariz göstəriciləridir.

Ölkənin turizm potensialının tanıdılmasına böyük təsirləri olan yarışlara
biletlər 100-ə yaxın ölkədən alınıb. Buraya Azərbaycan, Birləşmiş Krallıq,
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland, Avstriya, Almaniya, İrlandiya,
İtaliya, İsrail, Argentina, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika
daxildir. Bilet alışına görə ilk üçlükdə isə Azərbaycan, Birləşmiş Krallıq və
Niderland qərarlaşıblar. Hər il yarışlar çərçivəsində maraqlı əyləncə
proqramlarının keçirilməsi artıq ənənə halını alıb. Sürprizlərlə dolu
proqramlar yerli və xarici turistlərin yaddaşında xoş anların təcəssümü kimi
qalacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sosial məsuliyyət layihələri və verdiyi
sosial mesajlarla da seçilir.

Qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadlarının aradan
qaldırılması üçün toplanan yardım kampaniyalarında fəal iştirak edən şirkət
idman adına humanist nümunə olmağı da bacarıb. Yardım çərçivəsində Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Halqası
Əməliyyat Şirkətinin könüllüləri yüzlərlə digər vətəndaşımızla bir arada yardım
məntəqəsində fəal iştirak edərək müxtəlif zəruri tələbat məhsullarının yardım
məntəqəsinə çatdırılmasına, buradan da onların toplanması, çeşidlənməsi,
TIR-lara yığılaraq göndərilməsinə öz dəstəyini göstərib.

Beləliklə, “Gözlənilməzə hazır olaq”! Çünki Bakı yarışlarının iştirakçılara və
izləyicilərə yeni-yeni həyəcanlar yaşadacağı şübhəsizdir.

Daha çox şəkil burada: PhotoStock.az

Aysel Aslanqızı

Source link