67aee28b-1877-4a77-bf61-5e1844dbe70c..jpg

Hamiləliyini rejissordan gizlətdi, filmə çəkilmədiyi üçün ağladı: Dünyanı fəth edən yöndəmsiz aktrisa – FOTO

Baxış sayı: 1. 186 dəfə baxılıb.

Hamiləliyini rejissordan gizlətdi, filmə çəkilmədiyi üçün ağladı: Dünyanı fəth
edən yöndəmsiz aktrisa – FOTO

Kulis.az İtaliyanın ən məşhur aktrisası Anna Manyani haqqında araşdırmanı
təqdim edir.

Yaraşıqsız, kobud və yöndəmsiz qız…

Anna Manyani 1908-ci il mart ayının 8-də Roma şəhərində qeyri-qanuni uşaq kimi
dünyaya gəlib. Onun atası misirli, anası isə italyan və yəhudi qarışığı olan
qadın olub. Manyani doğulduqdan bir müddət sonra anası onu ana və atasının
yanında qoyub Misirə yola düşür. Annanın anası orada ailə həyatı qurub öz
qızını unudur. Bir müddət nənə və babasının himayəsi altında olan Anna olduqca
ərköyün mühitdə böyüyür.

Sonralar o, öz gündəliyində yazırdı:

“Mən Romada Tibr çayına yaxın bir ərazidə dünyaya gəlmişəm. Mənim doğulduğum
yerdə saraylar və dəbdəbə olmayıb. Heç vaxt şən və xoşbəxt olmamışam. Beş xala
və bir dayının əhatəsində böyümüşəm. Ən böyük çatışmazlığım isə anam olub. Ola
bilsin ki, mənim bir çox komplekslərim məhz bu səbəbdən yaranıb, həyatda mənə
ciddi maneələr törədib”.

Annanın on yaşı olanda onu sərt qaydaları olan qapalı monastıra qoyurlar.
Monastırın qayda-qanunları azadlığa öyrəşmiş qızcığaza əsl həbsxana təsiri
bağışlayır. O, nə yolla olur-olsun, oradan qurtulmağa çalışır. Günlərin birində
isə monastırın bütün su kranlarını açıq qoyur, binanı su basır. Bu hərəkətindən
sonra qohumları onu oradan çıxarıb başqa məktəbə qoyurlar. O, oxuduğu məktəbdə
fransız dilini mükəmməl öyrənir. Daha sonra fortepiano təhsili alır.

On beş yaşının tamamında Anna anasını görə bilmək üçün Misirə gedir. Həmin
görüş isə onun üçün çox kədərli və ağrılı olur. O, bu görüşdən sonra da ona
həmişə ögey münasibətdə olan anasının qəlbini ələ ala bilmir.

1927-ci ilin yanvar ayında Anna heç bir imtahan vermədən İncəsənət Dram
Akademiyasına daxil olur. Müəllimləri onun sənətə olan marağına və sənət eşqinə
heyran olurlar.

Yaraşıqsız, kobud və yöndəmsiz qız səhnəyə çıxarkən başqalaşmağı bacarır. O,
kurs işini təhvil verərkən rolunu o qədər mükəmməl ifa edir ki, dərhal
paytaxtın başqa teatrlarından ona iş təklifləri gəlməyə başlayır.

Etibarsız ər və uğurlu film karyerasının başlanması

3 oktyabr 1935-ci ildə Anna ilk baxışdan aşiq olduğu tanınmış rejissor
Qoffredo Alessandrinlə ailə həyatı qurur. O, səhnə ilə ailə həyatını birlikdə
idarə edə bilməyəcəyini düşünərək bir müddət teatr həyatından geri çəkilib
özünü ailəyə həsr edir. Lakin onun bütün qayğıkeşliyi və səyləri nəticəsiz
qalır. Alessandrin başqa qadına bağlanıb Annadan ayrılır. O, təskinliyi yenidən
iş sahəsində axtarmağa başlayır və teatr səhnəsinə geri dönür.

1940-cı ildən 44-cü ilə qədər Manyani teatr-kabare tərkibində tanınmış gülüş
ustası Toto ilə çıxışlar edir. Filmlərindən və çıxışlarından Annanı izləyən
Vittorio de Sika Annanı özünün çəkəcəyi “Tereza-cümə” filminə dəvət edir. Həmin
film aktrisaya uğur qazandırır. 1940-cı ildə Manyani özündən doqquz yaş böyük
olan aktyor Masimo Serato ilə tanış olur. Onların qısa sevgi məcəralarından
Annanın “taleyin hədiyyəsi” adlandırdığı oğlu Luk dünyaya gəlir.

Roberto Rossellini ilə tanışlıq və gözlənilməz uğur

Günlərin birində isə aktrisa gənc və yaraşıqlı rejissor Roberto Rossellini ilə
tanış olur. Roberto onu “Roma açıq şəhərdir” filminə dəvət edir. Həmin ərəfədə
sevgi münasibətlərində uğursuzluqlara düçar olan aktrisa ilə rejissor arasında
xoş münasibət yaranır. Faşizmə lənət oxuyan bu filmin çəkilişləri zamanı
aktrisa ömürlük əlilliyə məhkum olunmuş üç yaşlı oğlu Lukun atası Masimodan
ayrılır.

Film Annaya çox böyük uğur gətirir. “Roma açıq şəhərdir” filmindən sonra
1948-cil ildə Rossellini Manyanini yenidən öz filmində görmək istəyir. “Sevgi”
adlanan filmdə o, iki obraz yaradır. Həmin filmdən sonra Manyani Rossellinidən
ayrılır. İtaliya mətbuatının yazdıqlarına inansaq, onların ayrılmalarına səbəb
“Stromboli, tanrının torpağı” filmi olur. Belə ki, Roberto öz sevgilisini həmin
filmdə baş rola çəkəcəyini vəd edir. Lakin iş elə gətirir ki, həmin rola
isveçrəli aktrisa İnqrid Berqman təsdiq olunur. Rossellininin bu hərəkətini
bağışlamayan Manyani məhz bu səbəbdən rejissordan ayrılır.

Həmin illərdə aktrisa “Bandit” (1946), “Deputat Anjelina” (1947), “Yollarda
arzular” (1948) kimi filmlərə çəkilir.

Lukino Viskonti: Anna həmin gecə səhərə kimi ağladı

1951-ci ildə Viskonti Manyanini “Belissimo” filminə çəkir. Film aktrisaya uğur
qazandırır. Manyani həmin filmin ardınca Viskontinin “Biz qadınlar” filmində də
çəkilir.

Lukino Viskonti öz xatirələrində yazırdı: “Mən Anna ilə “Belissimo” filminin
çəkilişi vaxtı yaxından tanış olmuşam. Həmin filmdə Renuar ilə birlikdə
işləyirdim. Annanı hələ ilk filmim olan “Vəsvəsə”də görmək istəyirdim. Həmin
filmə Annanı təsdiq etmək mənə o qədər də asan olmadı. Çünki filmin prodüseri
elə fikirləşirdi ki, Anna bu rol üçün uyğun deyil. Lakin mən əmin idim ki,
Annanın heç kimə məlum olmayan dramatik istedadı var. “Vəsvəsə” filminin
çəkiliş meydançasına gəldiyimiz zaman mən Annanın hamilə olduğunu bilirdim. O,
mənə üç aylıq hamilə olduğunu demişdi. Lakin çəkiliş vaxtı məlum oldu ki, o,
altı aylıq hamilədir. Mən çox pis olsam da, aktrisanı dəyişməyə məcbur oldum.
Annanın yerinə həmin rola aktrisa Klara Kalamay çəkildi. Yadıma gəlir ki, həmin
gecə təkbaşına oteldə qalan Anna səhərə qədər ağladı. Lakin bizim dostluğumuz
davam etdi. Biz bir-birimizə çox yaxın idik. Həmişə fikirlərimizə hörmətlə
yanaşardıq. O, digər aktrisalara bənzəmirdi. Və onun üçün xüsusi diqqət və
qayğı əsas şərt idi”.

1950-ci illərin əvvəlində aktrisa üçün arzuolunan rollar birdən-birə yoxa
çıxır. İşsiz qalan aktrisa Amerikaya getməyi qərara alır. O, Hollivudda bir
neçə filmə çəkilir. 1955-ci ildə çəkildiyi “Döyməli Roza” filmi aktrisaya
“Oskar” mükafatı qazandırır. “Oskar” mükafatının 30 illik tarixində ilk dəfə
idi ki, “Oskar” əcnəbi aktrisaya qismət olurdu. Həmin filmdə aktrisanın
tərəf-müqabili olan aktyor Bert Lankaster öz müsahibələrinin birində qeyd
edirdi: “Anna Manyani nə vaxtsa yenidən tərəf-müqabili olmaq istədiyim ən yaxşı
aktrisadır. O, əvəzolunmaz qadın və işıqlı şəxsiyyətdir”.

Bir müddət sonra aktrisa yenidən Romaya geri dönür. 1960-cı ildə aktrisa
rejissor Sidni Lyumetin “Qaçaqların cinsindənəm” filminə çəkilir. Həmin filmdə
onun tərəf-müqabili gənc və yaraşıqlı aktyor Marlon Brando olur.

Deyilənlərə görə, aktrisa özündən 16 yaş balaca olan Marlon Brandoya vurulur.
Lakin Brando Manyanidən xoşlanmır və hər vəchlə aktrisadan uzaq olmağa çalışır.
O, hətta Manyani haqqında belə fikir də səsləndirir: “Beverli Hilzdə olarkən o,
hoteldə məni ciddi cəhdlə öz yatağına çəkmək istəyirdi. Bu isə mənə dişi və
erkək həşəratların birləşməsini xatırlatdı. Və mən geri çəkildim”.

Anna Manyani və Julyetta Mazina

Bir müddət sonra aktrisa çəkiliş meydançasından yorulur və evə qapanır. O,
yalnız yaxın dostları və ətrafı ilə əlaqə saxlayır. Evində saxladığı heyvanları
bəsləməklə vaxtını keçirən aktrisa nadir hallarda Romanın küçələrində gecə
yarıdan keçmiş sahibsiz it və pişikləri yemləyərkən gözə dəyərdi.

Deyilənlərə görə, onun özünə qapanma səbəblərindən biri də 1956-cı ildə
cəkildiyi “Litisiyanın bacısı” filminin Venesiya film festivalında mükafat ala
bilməməsi olur. Həmin festivaldan mükafatsız dönən aktrisa rejissor Lukino
Viskonti ilə bərk mübahisə edib ondan inciyir. Çünki həmin il festivalda jüri
olan rejissor öz səsini Manyaniyə yox, aktrisa Meri Şellə verir.

Manyani ilə Viskonti bir də on iki ildən sonra barışırlar. Şəhər mağazalarının
birində təsadüfən Viskonti ilə rasltlaşan Anna qəfildən Viskontinin üzərinə
atılıb deyir: “Lukino, boş ver. Məncə, bu qədər sənə bəs edər”.

1958-ci ildə Manyani aktrisa Julyetta Mazina ilə birlikdə “Cəhənnəm şəhərdə”
filminə çəkilir. Mətbuatın yazdığına görə, filmin çəkilişi vaxtı çəkiliş
meydançasında əsl cəhənnəm yaranır. Manyaninin ifa edəcəyi rol zəif olduğu üçün
Manyanini qane etmir. Bunun üçün də o tələb edir ki, onun rolu olan hissə
yenidən işlənsin və Mazinanın oynayacağı rolun həcmi ilə bərabərləşsin. Onun
tələbi yerinə yetirilir. Əldə etdiyi nəticə isə gözlədiyindən də artıq olur.
Belə ki, həmin filmdə Annanın ifası Mazinanı kölgədə qoyur.

1962-ci ildə aktrisa Pyer Pazolini ilə tanış olur. Pazolini aktrisanı məxsusi
onun üçün yazdığı “Mama Roma” filminə dəvət edir. İşsiz olan aktrisa həmişə
aldığı qonorardan çox-çox aşağı olan məbləğə həmin filmə çəkilir. Filmdə
oğlunun həyatını xilas etmək üçün fahişəlik etməyə məcbur olan qadının obrazını
canlandıran aktrisa ilə rejissorun münasibətləri film boyu çox gərgin olub.
Pazolini aktrisanın bir şəxsiyyət kimi onu üstələyəcəyindən ehtiyat edib.
Manyani isə filmə çəkiləndən sonra belə bir ifadə işlədib: “Pazolini məndən
istifadə etdi”.

Sonrakı illərdə aktrisa Federiko Fellininin, Franko Zeferillinin də filmlərinə
çəkilir.

Etibarlı Roberto Rossellini və son…

Aktrisa 1973-cü il sentyabr ayının 26-da mədə xərçəngindən dünyasını dəyişir.
Ölümündən əvvəl o, yazırdı: “Mən ölümdən çox qorxuram. Bu bir faciədir. Və
burada nə özümün, nə də kiminsə həyatını dəyişmək artıq mümkün deyildir. Əgər
mən yenidən yaşamağı bacarsaydım, çox işlər görə bilərdim”.

Anna Manyani ömrünün son günlərində qürurundan vaz keçib uzun illər küsülü
olduğu sevimli Robertosuna zəng vurub deyir: “Roberto, tez gəl. Mənim sənə
ehtiyacım var”.

Bircə telefon zəngi ilə Manyaninin xəstə yatağının qarşısında dayanan Roberto
Rossellini aktrisanı son anına qədər tək buraxmır. Anna rəhmətə gedərkən
Rossellini onu öz irsinin nümayəndəsi kimi dəfn etmək üçün göstərişlər verib,
Annanın oğlunu öz himayəsinə götürür.

Onun dəfn olunduğu gün Roma qapalı şəhərə çevrilir. Ofislər işləmir. Hər kəs
aktrisanın dəfninə tələsir. Aktrisa onu sevənlərin əhatəsində torpağa
tapşırılır.

Source link