fcdecb4f-007e-4bfc-9f13-a7e6c8645556..jpg

HDQ-də Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib – FOTO/VİDEO

Baxış sayı: 965 dəfə baxılıb.

HDQ-də Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib – FOTO/VİDEO

Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan
edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq
etdiyi plana əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) ulu öndər Heydər Əliyevin
100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.

Müdafiə Nazirliyi rəsmilərinin, HDQ şəxsi heyətinin və ictimaiyyət
nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, xalqımızın böyük oğlu Heydər Əliyevin abidəsi qarşısına
qızılgüllər düzülüb, xatirəsi ehtiramla yad edilib.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü
polkovnik Abdulla Qurbani təntənəli mərasim iştirakçılarını salamlayaraq
bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Ordusunun qoşun
növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil
müəssisələrində də müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq
etdiyi plana əsasən silsilə tədbirlər həyata keçirilir. Ulu öndərin mənalı ömür
yolu dərindən öyrənilir, zəngin irsi geniş təbliğ olunur və Azərbaycan
Ordusunun şəxsi heyəti Heydər Əliyevin ideyalarına gələcəkdə də sədaqət nümayiş
etdirəcəklərini, Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını
bəyan ediblər.

Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi,
ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi
uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik
sükut elan edilib, Dövlət Himni ifa olunub.

Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov geniş məruzə
ilə çıxış edib.

Komandan Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan, öz xalqını
zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl
mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş, hər bir azərbaycanlı üçün
vətənpərvərlik nümunəsinin rəmzinə çevrilmiş ümummilli liderin ömür yolundan,
müstəsna xidmətlərindən danışıb.

Bir daha vurğulanıb ki, xalqımız yeni əsrə və yeni minilliyə məhz Heydər
Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla
irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Fəaliyyətinin bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də
əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışan
vitse-admiral nəzərə çatdırıb ki, hələ 52 il öncə, 1971-ci ildə ulu öndərin
şəxsi təşəbbüsü və rəhbərliyi ilə indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey
yaradılıb.

Keçmiş Sovetlər İttifaqı tərkibində olduğumuz bir zamanda, totalitar rejimin,
kommunist ideologiyasının hökm sürdüyü bir dövrdə nəinki analoqu olmayan belə
bir məktəbi yaratmaq, hətta təşəbbüs göstərmək böyük cəsarət tələb edirdi. Bu,
Moskvanın, Kremlin tələblərinə tamamilə zidd olan bir təşəbbüs idi. Ümummilli
lider müsahibələrin birində qeyd etmişdir ki, biz bu addımları atarkən
düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığını və dövlət
müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq.

Xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı Hərbi liseyin
yetirmələri Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra
respublikamızın silahlı qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi
işinə dəyərli töhfələr verib, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda
aparılan hərbi əməliyyatlarda həmişə ön cəbhədə yer alıblar. Onlardan 19 nəfər
böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı”, 11 nəfər
“Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülüb, yüzlərlə hərbi qulluqçu
orden və medallarla təltif olunub.

Diqqətə çatdırılıb ki, müasir mütəşəkkil ordunu yaratmaq Heydər Əliyevin
Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir. Bu ordunu isə ulu
öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali
Baş Komandanİlham Əliyev qalib ordu səviyyəsinə yüksəldib.

Son 20 il ərzində ordumuzun maddi-texniki bazası daha da möhkəmlənib, şəxsi
heyətin sosial-məişət problemləri ardıcıl olaraq həll edilir, müasir silahlar,
hərbi texnika alınır, yüksək ixtisaslı peşəkar hərbçilər yetişdirilir. Bütün
bunların nəticəsində 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin mayında
“Günnüt zəfəri” ilə hərb tariximizə parlaq səhifələr yazılıb, Tovuz döyüşləri
zamanı düşmən təxribatlarının qarşısı qətiyyətlə alınıb.

Komandan böyük iftixar hissi ilə bildirib ki, Azərbaycan Ordusunun bütün qoşun
növlərində olduğu kimi, HDQ-nin şəxsi heyəti də ulu öndərin 100 illiyini Vətən
müharibəsində qazanılan böyük zəfərin yaratdığı qələbə əhval-ruhiyyəsi ilə
qarşılayır.

Bu müharibədə HDQ-nin dəniz xüsusi təyinatlıları müharibənin ikinci günündə
Goranboy rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan “Mübariz
postu” istiqamətində ilk döyüş tapşırığını itki vermədən uğurla yerinə yetirib.
Sonra hərbi dənizçilərimiz Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində
hücumu davam etdirərək bir çox yaşayış məntəqələrini, eləcə də düşmənin hərbi
şəhərciyini və zastavasını azad edib, Xudafərin körpüsünə bayraq sancaraq azad
edilən əraziləri aidiyyəti üzrə digər qoşunların bölmələrinə təhvil veriblər.

HDQ xüsusi təyinatlılarının fədakarlığı nəticəsində Qubadlı rayonunun bir neçə
yaşayış məntəqəsi, eləcə də Qubadlı şəhəri işğaldan azad edilib. Dənizçi
zabitimiz Qubadlı şəhərinin azad olunması barədə Prezident, Ali Baş Komandan
İlham Əliyevə məruzə edərək Qubadlı şəhərinin azad edildiyini bildirib.

Komandan vurğulayıb ki, Xocavənd rayonunun yaşayış məntəqələrinin, bir çox
strateji yüksəkliklərin azad edilməsində əsl qəhrəmanlıq, igidlik nümunələri
göstərən hərbi dənizçilərimiz düşmənin alınmaz qalaya çevirdiyi və onlarla
igidimizin şəhid olduğu “Qızılqaya” yüksəkliyinin alınması uğrunda ağır
döyüşlərdə də fərqləniblər. Hərbi dənizçilərdən 3 nəfər, biri ölümündən sonra
“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, 7 nəfər “Qarabağ” ordeni, o
cümlədən digər döyüş orden və medalları ilə təltif olunub.

Vitse-admiral S.Bəkirov çıxışının sonunda Müzəffər Ali Baş Komandan İlham
Əliyevi, Müdafiə Nazirliyinin rəhbərliyini və xalqımızı əmin edib ki, HDQ-nin
şəxsi heyəti bundan sonra da ulu öndərin ideyalarına daim sadiq qalacaq,
qarşıya qoyulan bütün vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylərini
əsirgəməyəcək, Azərbaycanın dövlət müstəqilliyinin daimiliyi, əbədiliyi,
sarsılmazlığı naminə Vətənin çağırışına hər an hazır olacaqlar.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələrindən Müdafiə Nazirliyinin
Mühəndis Qoşunları İdarəsinin rəisi, “Zəfər” ordenli general-mayor Anar
Kərimov, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov, Milli Müdafiə
Universitetinin professoru, tarix elmləri doktoru, birinci dərəcəli kapitan
Nurulla Əliyev, Respublika Veteranlar Təşkilatı sədrinin müavini, siyasi elmlər
üzrə fəlsəfə doktoru ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Əməkdar jurnalist,
professor, siyasi elmlər doktoru Vüqar Rəhimzadə və başqaları çıxış edərək Ulu
Öndər Heydər Əliyev haqqında ən səmimi sözlərini deyib, xatirələrini
söyləyiblər.

Bakı Bələdiyyə Teatrı və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət
Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə Abdulla Qurbaninin “Xilaskar”
poeması əsasında hazırlanmış və vizual görüntülərlə müşayiət olunan
ədəbi-musiqili kompozisiya tədbir iştirakçıları tərəfindən böyük maraqla
qarşılanıb.

Tədbirin sonunda bir qrup incəsənət nümayəndəsi “Heydər Əliyev İli”
çərçivəsində keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə HDQ
komandanlığı adından fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb,
xatirə şəkli çəkdirilib.

Source link