8100abf6-ef21-432d-869a-ed824193be22..jpg

Heydər Əliyev Mərkəzində Salvador Dalinin əsərləri sərgilənir – FOTO/VİDEO

Baxış sayı: 586 dəfə baxılıb.

Heydər Əliyev Mərkəzində Salvador Dalinin əsərləri sərgilənir – FOTO/VİDEO

Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri – Salvador Dali
əsərlərindən ibarət “Sürrealizm mənəm” sərgisinin açılışı olub. Salvador
Dalinin Azərbaycanda ilk dəfə təqdim olunan əsərləri sırasında rəssamın qrafik
əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri, eləcə də
“canlı kətanlar”ı xatırladan multimedia yer alıb. Heydər Əliyev Mərkəzində
nümayiş olunacaq əsərlər dünyada Salvador Dalinin işlərindən ibarət ən böyük
kolleksiyalardan biridir. Bu unikal layihə ziyarətçiləri rəssamın dünyasına
aparır. Həmin obrazların “canlandığı” multimedia zonası Salvador Dali dünyasını
daha dərindən hiss etdirəcək.

Azərbaycanın “Synergy Partnership” şirkəti və Rusiyanın tanınmış “PS Gallery”
qalereyasının təşəbbüsü ilə keçirilən sərginin əlamətdar hissəsindən biri də
şüşədən hazırlanan sürrealist obyektlərin və rəssamın fotolarının nümayişidir.
Dalinin ifasında olan hər bir əsər təkcə qrafika sənətinin şah əsəri, yeniliyin
təzahürü və təkrarolunmaz müəllif yanaşması deyil, həm də bütöv bir hekayədir.

“Sürrealizm mənəm” sərgisinin Bakıda Heydər Əliyev Mərkəzində açılışının ilin
əlamətdar mədəniyyət hadisəsi, incəsənətsevərlər üçün isə əsl hədiyyə olacağı
şübhə doğurmur.

Sərginin açılış mərasimində çıxış edən “Synergy Partnership” MMC-nin direktoru
Rüfət Abbasov bildirib ki, XXI əsrin ən möhtəşəm memarlıq nümunələrindən biri
olan Heydər Əliyev Mərkəzində ötən əsrin dahi rəssamı Salvador Dalinin
sərgisinin təşkili əlamətdar mədəni layihədir:

“Salvador Dali bir çox insanın incəsənətə baxışını dəyişən sürrealizm
hərəkatının ən parlaq nümayəndələrindəndir. Əminik ki, burada nümayiş olunan
əsərlər ziyarətçiləri Salvador Dalinin daxili dünyasına səyahət etməyə imkan
verəcək”.

Bakının hər zaman ən mühüm mədəniyyət mərkəzlərindən biri olduğunu söyləyən
“PS Gallery”nin təsisçisi və sahibi, kolleksiyaçı Pavel Başmakov deyib:

“Burada mədəniyyəti şahələndirən, onu ucalara qaldıran, öz şəhərinin
şan-şöhrətini tərənnüm edən bir çox şəxsiyyətlər yaşayıb. Dahi ispan
sürrealist-rəssam Salvador Daliyə ithaf olunmuş sərginin məhz Bakı şəhərində
açılışını etməkdən olduqca məmnunam. Əlbəttə ki, mən bunu mütləq olaraq qeyd
etməliyəm ki, bu il Heydər Əliyevin 100 illiyi qeyd olunur. Bu, bizim belə bir
əlamətdar ildə Azərbaycana və xalqına verdiyimiz böyük hədiyyədir”.

Sərgi aprelin 27-dən oktyabrın 8-dək ictimaiyyət üçün açıq olacaq. Biletləri
aprelin 27-dən etibarən Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar.


Source link