0e09920e-1ed4-4245-8416-bbce162b914a..jpg

I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa Bəyannaməsi qəbul olunub

Baxış sayı: 677 dəfə baxılıb.

I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa Bəyannaməsi qəbul olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa Bəyannaməsi qəbul olunub.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində
ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən I
Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları tərəfindən Şuşa Bəyannaməsi
qəbul edilib.

Bəyannamədə qeyd olunur:

“1. Türk dünyasının ilk mədəniyyət forumuna dəstəyinə görə Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyevə bütün iştirakçılar adından təşəkkür
edirik.

2. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, eləcə də Türk Dünyasının
2023-cü il üzrə mədəniyyət paytaxtı Şuşaya Böyük Qayıdışı və bu yolda sürətlə
aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini və mədəni mühitin
canlandırılmasını alqışlayırıq.

3. 30 illik işğal dövründə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur
bölgələrində türk dünyası mədəni irsinin ayrılmaz tərkib hissəsi tarixi və
mədəni abidələrin genişmiqyaslı dağıdılması, həmçinin, mədəni mülkiyyətin
qaçaqmalçılığı və qanunsuz dövriyyəsi kimi ağır beynəlxalq humanitar hüquq
pozuntularını qəti şəkildə pisləyir və bütün aidiyyəti beynəlxalq təşkilatlar
tərəfindən bu məsələdə sərt mövqe tutulmasını tələb edirik.

4. Şuşada baş tutan diskussiyalar və geniş fikir mübadilələri çərçivəsində
türk mədəniyyətinin dünəni, bu günü və sabahı nəzərə alaraq mövcud çağırışların
birgə əməkdaşlıqda həlli üçün yeni mexanizmlərin yaranmasını dəstəkləyirik.

5. Türk dilləri və ədəbiyyatı vasitəsilə ortaq mədəni mövqeyimizin
gücləndirilməsini zəruri hesab edir və bu irsin rəqəmsal mühitə
transformasiyasını sürətləndirməyə çağırırıq.

6. I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində əldə edilmiş müsbət nəticəni
nəzərə alaraq türk tarixi-mədəni irsinin araşdırılması, bərpası, mühafizəsi və
təbliği sahəsində birgə fəaliyyət və ən yaxşı təcrübənin bölüşülməsinə xidmət
edəcək türk dünyasının irs üzrə rəhbərlərinin şəbəkəsinin yaradılmasını
alqışlayır və mütəmadi əsaslı platforma fəaliyyətinə başlamasını tövsiyə edirik.

7. Türk dünyasında mədəni marşrutlar proqramının təsis edilməsini və ilk
mədəni marşrutun yaradılması təşəbbüsünü perspektivli ortaq layihə kimi yüksək
qiymətləndirir və bütün maraqlı tərəfləri bu təşəbbüsün irəlilədilməsində fəal
iştiraka çağırırıq.

8. Mədəniyyətin rəqəmsallaşması, habelə XXI əsrdə türk mədəniyyəti qarşısında
duran çağırışlara cavab verən ortaq həlləri təşviq edirik və mədəniyyət
sahəsindəki yaradıcı sənayelərin ortaq bazarların yaradılması üzrə
müzakirələrin intensivləşməsini təklif edirik.

9. Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılmış Türk Dünyası Mədəniyyət
Forumu bütün əsas maraqlı tərəflərin təmsilçilərini bir araya gətirən mühüm
universal platforma kimi uğurlu olduğunu qeyd edirik və Forumun iki ildən bir
keçirilməsinə təklif edirik”.

Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkilləri çəkdiriblər.

Source link