f2edef72-6c55-4cde-9f1d-2478e9c4a90d..jpg

İcma: “BQXK-nı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında təhlükəsiz gediş-gəlişi təmin etməyə çağırıq”

Baxış sayı: 492 dəfə baxılıb.

İcma: “BQXK-nı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında təhlükəsiz
gediş-gəlişi təmin etməyə çağırıq”

“Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) Azərbaycanın əsas hissəsi ilə
Naxçıvan Muxtar Respublikası arasında təhlükəsiz gediş-gəlişi təmin etməyə
çağırırıq”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının BQXK-yə ünvanladığı müraciətdə yer alıb.

“Biz, Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan
İcması bir daha beynəlxalq aləmin diqqətini Ermənistanın monoetniklik və ərazi
ekspansiyasına əsaslanan radikal ideoloji siyasətinin doğurduğu ağır nəticələrə
yönəltmək istərdik. 1987-1991-ci illərdə Ermənistandan azərbaycanlıların
hamısının qovulması, 1991-1994-cü illərdə Azərbaycan ərazilərinin 20 faizinin
işğalı, azərbaycanlıların işğal edilmiş torpaqlardan qovulması, işğal altındakı
bütün Azərbaycan yaşayış məntəqələrinin dağıdılması və mina döşəməklə o
torpaqların yaşayış üçün yararsız hala salınmasını ehtiva edən bu mənfur
siyasətin ən ağır təzahürlərindən biri də Azərbaycanın Naxçıvan Muxtar
Respublikasına qarşı davam edən blokadadır. 1991-ci ildə Ermənistan
Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına gedən avtomobil
yollarını, dəmir yollarını, qaz kəmərlərini və elektrik xətlərini kəsmişdir.
Hələ də davam edən bu qeyri-insani blokada muxtar respublikanın sayı yarım
milyona yaxın olan əhalisinə ölçüyəgəlməz çətinliklər və iztirablar
yaşatmaqdadır”, – qeyd edilib.

Müraciətdə, həmçinin bildirilib: “Ermənistanın bu blokadanı tətbiq etməkdə
məqsədi muxtar respublikanı ələ keçirmək idi. Ümummilli Lider Heydər Əliyevin
və onun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli siyasəti,
Naxçıvan sakinlərinin qəhrəmancasına müqaviməti qarşısında muxtar respublikanı
hərbi yolla işğal edə bilməyəcəyini anlayan Ermənistan, əhalini məhrumiyyətlərə
düçar etməklə Naxçıvanı tərk etməyə məcbur etmək üçün bu mənfur blokadanı
tətbiq edib.

Azərbaycan Türkiyə və İran üzərindən alternativ tranzit marşrutları təşkil
edilməsini 2005-ci ildə tamamlayana qədər, sərt iqlimə malik Naxçıvan əhalisi
şiddətli soyuqdan əziyyət çəkmiş, qida və tibbi vasitələr çatışmazlığı ilə
üzləşmişdi. Sözügedən tranzit alternativləri işə düşsə də, coğrafi və digər
səbəblərə görə Ermənistandan keçən marşrut ən qısa, effektiv və sərfəli variant
olaraq qalır.

Ermənistan beynəlxalq hüquqda, o cümlədən 2020-ci il 10 noyabr tarixli
üçtərəfli Bəyanatda əks olunmuş, Azərbaycanın əsas hissəsi və onun Naxçıvan
Muxtar Respublikası arasında maneəsiz tranziti təmin etməyə dair konkret
öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Ermənistan bu qeyri-insani
blokadanı israrla saxlamaqla, əhalinin iztirablarına açıq-aşkar etinasızlıq
nümayiş etdirir, faktiki olaraq ərazi iddiasını davam etdirir və regionda
vəziyyəti daha da gərginləşdirir.

Ermənistanın blokadası səbəbindən Naxçıvan sakinlərinin üzləşdiyi
əzab-əziyyətlərə otuz il ərzində susqunluq nümayiş etdirən bəzi beynəlxalq
dairələrin indi qəfildən Azərbaycanın Qarabağ bölgəsində əslində heç mövcud
olmayan “humanitar vəziyyət”lə bağlı narahatlıqlarını səsləndirmələri çox
məyusedicidir. Bu cür ayrı-seçkilik və qərəz insan haqlarını müdafiə etdiyini
iddia edənlərin etibarını sarsıdır və onların ikiüzlülüyünü ortaya qoyur.

Biz Ermənistandan beynəlxalq hüquqa və 2020-ci il 10 noyabr tarixli üçtərəfli
Bəyanatda əks olunmuş öhdəliyinə uyğun olaraq Zəngəzur dəhlizinin fəaliyyətə
başlamasını təmin etməyi və Naxçıvan Muxtar Respublikasına qarşı davam
etdirdiyi qeyri-insani blokadanı aradan qaldırmağı tələb edirik.

Bundan əlavə, biz Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) Ermənistanın
ərazisi ilə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası
arasında təhlükəsiz gediş-gəlişin həyata keçirilməsini təmin etməyə çağırırıq”.

Source link