III “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimi olub – FOTO
Oktyabrın 8-dən 11-dək III “Korkut Ata” Türk Dünyası Film Festivalının
bağlanış mərasimi keçirilib.
Bağlanış və mükafatlandırma mərasimində “Bakı Media Mərkəzi”nin prezidenti
Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli, türk dünyasının tanınmış sənət
adamları, rəsmi şəxslər, ümumilikdə isə kino bayramında türk xalqlarının
kinematoqrafçılarından ibarət 100-dən çox qonaq iştirak edib.
Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev
Mərkəzi, Kino Agentliyi, “Bakı Media Mərkəzi”nin və TÜRKSOY-un birgə
təşkilatçılığı ilə reallaşıb.
Mükafatlandırma mərasimini TÜRKSOY-un baş katibi Sultan Raev açıb.
O, festivalın uğurlu təşkilinə görə minnətdarlıq edib.
Sonra mükafatlandırma hissəsi başlayıb.
Əvvəlcə festivalın fəxri mükafatları təqdim edilib.
Sonra əsas nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.
Ən yaxşı aktyor nominasiyası üzrə – “Qızıl alma” filmindəki roluna görə Ahmet
Amandurdiyev (Türkmənistan);
Ən yaxşı aktrisa nominasiyası üzrə – “Məryəm” filmindəki roluna görə, Təhminə
Rafaella (Azərbaycan);
Ən yaxşı ssenari nominasiyası üzrə – “Abdulla Oripov” (Özbəkistan);
Ən yaxşı rejissor nominasiyası üzrə – rejissoru Zhuraeva Asel Talibzhanova
olan “Tanrıverdi” filmi (Qırğızıstan);
Ən yaxşı bədii film nominasıyası üzrə – Ahmet Sönmezin “Yıldız tozu” filmi
(Türkiyə) mükafata layiq görülüb.
Sənədli filmlər üzrə isə 3 qalib müəyyənləşib: “Mənim dairəm” (Özbəkistan),
“Arqau” (Qazaxıstan) və “Sonuncu” (Azərbaycan).
Mükafatlandırmanın ardından tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları
arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə
ortaq audiovizual məkan yaradaraq xalqlarının bu məkana inteqrasiyasına töhfə
vermək olub.
2021-ci ildən təşkil olunan festival ilk dəfə Türkiyənin İstanbul şəhərində,
ikinci dəfə isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilib.
Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan,
Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova),
Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan,
Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli
və animasiya filmi təqdim olunub.