980e36b7-f376-4da9-aa42-6d61ac0d46d2..jpg

İki yarışın həqiqəti: Türk düşmənlərinin ermənilər üçün “qəhrəman”a çevrilməsi – ŞƏRH + FOTO

Baxış sayı: 980 dəfə baxılıb.

İki yarışın həqiqəti: Türk düşmənlərinin ermənilər üçün “qəhrəman”a çevrilməsi
– ŞƏRH + FOTO

Ağır atletika üzrə Avropa çempionatına ev sahibliyi edən ermənilər gerçək
sifətlərini gizlədə bilmədilər.

Bu etnos uzun illərdir türk düşmənçiliyi edir. Ancaq bu cür faşist təfəkkürə
sahib olan Ermənistan hakimiyyəti və cəmiyyəti qonşu Türkiyə və Azərbaycanla
münasibətlərin normallaşmasından, sülhdən danışmaqdan utanmırlar. Onlar
türklərə qarşı cinayət törədənləri, soyqırımı edənləri “milli qəhrəman”
sayırlar. Qaregin Njde, Andranik Ozanyan erməni gənclərinin ideallarıdır. Bu
etnosun yeni nəsli belə “qəhrəmanlar”ın çürük və faşist düşüncələri ilə tərbiyə
olunur. Onların davamçıları Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan,
Serj Sarqsyan idi. Onlar Xocalıda əliyalın dinc sakinlərə odlu silahdan atəş
açıb, soyqırımı törətməklə qürrələniblər. Bu gün də həmin şəxslər Ermənistan
cəmiyyətində aparıcılardan sayılırlar.

Ermənilər fəaliyyəti dünyanın bir çox ölkələrində qadağan olunmuş terrorçu
ASALA təşkilatı ilə fəxr edirlər. İki il əvvəl onun üzvlərindən biri Xambik
Sasunyan İrəvanda “qəhrəman” kimi qarşılanmışdı. O, 1982-ci il yanvarın 28-də
Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı odlu silahdan atəş açaraq
qətlə yetirmişdi. ABŞ-nin ovaxtkı prezidenti Ronald Reyqan hadisəni terror aktı
adlandıraraq qətli qınamışdı. Bu terrorçu 2016-cı ildə Kaliforniyanın Əfv
Komissiyası tərəfindən əfv edilsə də, ştatın qurbernatoru Cerri Braun
X.Sasunyanın cəmiyyət üçün təhlükəli olacağını əsas göstərərək qərara veto
qoymuşdu.

2021-ci il noyabrın 13-də, yəni Ermənistan kapitulyasiya aktını imzalayandan
bir il üç gün sonra Norayr Mirzoyan adlı erməni Azərbaycan və Rusiya
hərbçilərinin üzərinə qumbara atmışdı. Bu, terror aktı idi. Rusiya
sülhməramlıları terrorçunu saxlasalar da, sonradan sərbəst buraxmışdılar.
Mirzoyanı ermənilər “qəhrəman” olaraq qarşıladılar.

Aprelin 15-də İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında
Azərbaycan və Türkiyə bayraqlarına qarşı hörmətsizlik edildi. Bunu edən Aram
Nikolyan adlı erməni də “qəhrəman” kimi alqışlandı. Bu azmış kimi, Ermənistanın
hakimiyyət orqanları qarşı tərəfdən üzr istəməkdənsə, Azərbaycanı
günahlandırmaqla bu vəhşiliyi törədənə haqq qazandırdılar.

Əslində, hadisələrə nəzər salanda Azərbaycan və Türkiyənin ermənilərə qarşı
pis davranmadıqları bir daha təsdiqlənir. İrəvanda yarış olan gün Türkiyənin
Antalya şəhərində də idman gimnastikası üzrə Avropa çempionatı keçirilirdi.
Həmin yarışda Ermənistan idmançısı Artur Davtyan çempion olub. Onun şərəfinə
Ermənistanın dövlət bayrağı qaldırılıb, himni səsləndirilib. “Problem olmadı.
Bizi çox səmimi və yaxşı qarşıladılar. Bayrağımız qalxdı, himnimiz
səsləndirildi”, – idmançı İrəvandan bildirib. Bir neçə gün əvvəl isə Türkiyədə
gənclər arasında gimnastika üzrə dünya çempionatı keçirilmişdi. Ermənistanın
Hamlet Manukyan və Mamikon Xaçatryan adlı iki vətəndaşı da həmin yarışda
iştirak etmişdi.

Ermənistan idmançılarının və siyasətçilərinin Azərbaycanda keçirilən
tədbirlərdəki çıxışları da hay-küysüz və qalmaqalsız keçib, bayraqları isə
təhqir edilməyib.

Xatırladaq ki, 2015-ci ilin yayında Birinci Avropa Oyunlarında erməniəsilli
Gevorq Manukyanın kürsüyə çıxması tamaşaçıların etirazı ilə qarşılanmışdı.
Ancaq onda Azərbaycan Prezidentiİlham Əliyev tolerantlıq nümayiş etdirərək
erməni idmançını şəxsən mükafatlandırmış, izdihamı bir hərəkəti ilə
sakitləşdirmişdi. Bu, o dövr üçün çox mənalı jestlərdən sayıla bilərdi. Çünki
onda Azərbaycan torpaqları işğal altında idi. Bu baxımdan Prezident Ermənistana
və beynəlxalq ictimaiyyətə bir jestinin kifayət etdiyi ismarışını da verdi.
Qeyd edək ki, həmin oyunların açılış mərasimində Ermənistan idmançıları Bakı
Olimpiya Stadionundakı paradda dövlət bayrağı ilə birlikdə keçmişdilər. 2015-ci
ilin sentyabrında Bakıda şahmat üzrə Dünya Kuboku yarışı olub. Bu yarışa
Ermənistanı təmsil edən şahmatçılar da qatılmışdılar. O vaxt bu ölkəni təmsil
edən Levon Aronyan oyunlardan əvvəl bildirmişdi: “Mənə Bakı haqqında çox
danışıblar. İmkan olsa, turnirin sonuna yaxın şəhərə baxmaq istərdim”. Levon
Aronyana Bakını gəzmək üçün şərait yaradılmışdı.

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı isə erməniləri və
Ermənistanı ifşa etdi, onların “əzabkeş” maskalarını yırtaraq vəhşi simasını
göstərdi. Necə deyərlər: bir tərəfdə ermənini səmimi qarşılayan, heç bir
sayğısızlıq etməyən türklər, o biri yanda isə bayrağı yandıranı “qəhrəman” kimi
alqışlayan ermənilər. İndi özünüz seçin, qiymət verin…

“Report” İnformasiya Agentliyi

Source link