6c0294e6-603d-4ef2-80b2-fc0abad92197..jpg

İkiüzlü, qərəzli və riyakar Qərb obyektiv ola bilməz – ŞƏRH + FOTO

Baxış sayı: 432 dəfə baxılıb.

İkiüzlü, qərəzli və riyakar Qərb obyektiv ola bilməz – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan öz ərazisində separatizmə son qoyan ölkə kimi tarixə düşdü. Bu
reallığı beynəlxalq aləm, hətta Ermənistan belə etiraf edir. Çünki başqa
yolları da yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyanı təmtəraqla
qarşılayan Avropa Parlamentinin bu məsələyə toxunmaması onun da reallığı qəbul
etməsi anlamına gəlir. Təsadüfi deyil ki, Paşinyan da Avropada Parlamentində
Qarabağ mövzusuna geniş yer vermədi. Lakin məsələ ondadır ki, Qərb, xüsusən də
Fransa və himayəsində olan təşkilatlar, dövlətlər “Roma papasından artıq
katolik olmaq” funksiyasını öz üzərilərinə götürməyə çalışırlar. Onlar
Ermənistanı silahlandırıb yeni müharibəyə təhrik edirlər.

Uzun illər Rusiyanın Qafqazda forpostu rolunu oynayan İrəvan da kor-koranə
şəkildə bu yolla getməyə çalışır. Başa düşmür ki, növbəti müharibə Ermənistanın
bir dövlət kimi məhvinə gətirib çıxara bilər. Ermənistanı sülh yolundan
çəkindirən bu qüvvələr hər vəchlə bölgəni yeni gərginliyə sövq edirlər.
Beynəlxalq hüquq prinsipləri ilə təsbit olunan ərazilərində suverenliyini bərpa
etməklə yanaşı, 100 illik separatizmə son qoyan Azərbaycana minnətdar olmaq
əvəzinə, onlar ölkəmizi “etnik təmizləmə”də ittiham edirlər. Halbuki, bunu
sübuta yetirən bir fakt, bir dəlil belə yoxdur.

Fransa və əlaltıları müstəmləkə təfəkkürünü davam etdirir, özləri barədə ağır
korrupsiya ittihamlarına cavab verməkdənsə, artıq arxivə atılan Qarabağ
münaqişəsini yenidən alovlandırmağa cəhd göstərirlər.

Gəlin, Qafqazda əbədi sülh və əmin-amanlığa qarşı çıxan anti-Azərbaycan
qurumların siyahısına nəzərə salaq; bu sırada liderlik korrupsiya ittihamları
ilə üzləşən, erməni lobbisindən yemlənən Avropa Parlamenti və Avropa İttifaqına
məxsusdur. Halbuki, korrupsiya yuvası kimi tanınan bu qurumlarda ötən ilin
dekabrında ortaya çıxan rüşvət qalmaqalı beynəlxalq əks-səda doğurmuşdu. Avropa
Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Yeva Kayli milyonlarla
dollarlıq korrupsiya cinayətində ittiham edildi. Bu səbəbdən də
korrupsiyalaşmış deputatlardan ibarət Avropa Parlamentindən ədaləti və
beynəlxalq hüququ ayaqlar altına salan istənilən addımı gözləyə bilərik.

Oktyabrın 17-də Avropa Parlamentinin Ermənistanın baş naziri Nikol Paşinyana
xüsusi münasibəti, onun qurumun iclasındakı çıxışında qeyri-ciddi bəyanatlar
səsləndirməsinə geniş imkanlar yaratması da Avropanın ikiüzlü siyasətini bir
daha ortaya qoydu.

Qatı azərbaycanofob və ermənipərəst mövqe ortaya qoyan Fransa bu məsələdə
mərkəz rolunu oynayır. Ola bilsin, onun diktəsi ilə Azərbaycana qarşı qərəzli
olan təşkilatların sırası gələcəkdə genişlənsin, lakin əvvəlkilər kimi bunlar
da effektsiz olacaq.

Bir fakt gün kimi aydındır; Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən
müstəqil siyasəti və onun uğurları əksər hallarda ikili standartları ilə
diqqətdə olan ölkələr və beynəlxalq qurumlar tərəfindən qısqanclıqla
qarşılanır. Görünən odur ki, Ermənistanın əsas havadarı və himayəçisi
funksiyasını öz üzərinə götürən Fransa bu qurumları və dövlətləri
azərbaycanofob fəaliyyətə keçməyə məcbur edib. Onlar Azərbaycanla Ermənistan
arasında qarşıdurma başlayandan bəri qərəzli və ikili mövqedən çıxış ediblər,
işğalı həyata keçirən Ermənistanla işğala məruz qalan Azərbaycan arasında fərq
qoymadan ədalətsiz mövqe sərgiləyiblər.

Belə olan halda biz hansı Avropaya inteqrasiya etməliyik – beynəlxalq
prinsipləri ayaq altına atan, islamofob, miqrantlara qarşı sərt mövqe ortaya
qoyan Avropayamı? Axı, hansı inteqrasiyadan söhbət gedə bilər? Müsəlmanlara və
digər dinlərdən olanlara, miqrantlara ikili standartlar tətbiq edənlərlə bir
olmalıyıqmı? Təbii ki, yox. Əgər sentyabrın 19-20-də həyata keçirilmiş
antiterror tədbirlərinin mahiyyətinə və nəticəsinə ədalətlə yanaşılsaydı, yenə
nəsə düşünmək olardı. Amma təəssüf ki, bunu hələ müşahidə etmirik.

Yeri gəlmişkən, Fransaya və ona qulbeçəsi olan qurumların islamofob, irqçi və
müstəmləkəçi siyasəti Prezidentİlham Əliyevin dahiyanə şəkildə səsləndirdiyi
fikirlərlə ifşa edilib. Ölkə Prezidenti Bakıda bu gün “Neokolonializm: İnsan
hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq
konfransın iştirakçılarına ünvanladığı müraciətində bəyan edib ki, məhz
Fransada neokolonializm meyilləri ilə paralel olaraq irqçilik və
islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik.

Dövlət başçısı qeyd edib ki, bu gün burada təmsil olunan insanların bəziləri
müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qalır.
Prezidentin sözlərinə görə, daxildə bu cür narahatedici və təhlükəli meyillərlə
mübarizə aparmalı olan Fransa hakimiyyəti başqa dövlətlərə dərs keçməyə, digər
ölkələrin daxili işlərinə qarışmağa cəhd edir:

“Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa
törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik
təmizləmələrdən danışır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü
statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə
edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur”.

Təəssüflə qeyd etməliyik ki, Avropa dövlətləri, eləcə də onların müvafiq
qurumları bir dəfə də olsun nə Fransanın, nə də onunla həmrəy olan
təşkilatların mövqeyini tənqid edən bəyanat və yaxud qərar qəbul edib.

Sadəcə, başa düşmək istəmirlər ki, ikili standartlara əsaslanan siyasətləri
ilə ölkələr arasında vacib amil olan etimad mühitini sıfıra endirmiş olurlar.

“Report” İnformasiya Agentliyi

Source link