4e0b48d1-c07e-4cb2-a056-727836f02aa6..jpg

İlham Əliyev Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub – FOTO

Baxış sayı: 568 dəfə baxılıb.

İlham Əliyev Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə
tanış olub – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa rayonunun
Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub,
burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və
turizm obyektlərinin təməlini qoyub.

AZƏRTAC

xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat
verib.

Bildirilib ki, Şuşa şəhəri üçün strateji əhəmiyyət daşıyan Daşaltı kəndinin
bərpası qarşıya qoyulan əsas məqsədlərdəndir. Kəndin inkişafı, burada
məskunlaşacaq əhali üçün rahat və sağlam yaşayış mühitinin yaradılması,
sakinlərin məşğulluq sahələri və istirahət əraziləri ilə təmin edilməsi
prioritetlər arasındadır. Bunun nəzərə alaraq yenidənqurma üzrə təqdim olunan
konsepsiya ərazinin təbii landşaftını qorumaqla Daşaltı kəndinin müasir
tələblərə cavab verən yenilənəcək simasını nümayiş etdirir. Kənddə ictimai və
yaşayış mərkəzlərinin, mədəniyyət və təhsil ocaqlarının qurulması, sosial və
ictimai obyektlərin inşası, turizm sahələrinin yaradılması, nəqliyyat və
kommunikasiya xətlərinin çəkilməsi, ərazinin yaşıllaşdırılması, kəndin ekoloji
təmiz enerji ilə qidalandırılması üçün infrastrukturun təmin olunması nəzərdə
tutulur.

Qeyd olunub ki, görüləcək işlər 65 hektara yaxın ərazini əhatə edir. Buraya
220 ailənin köçürülməsi planlaşdırılır. Məskunlaşdırılması nəzərdə tutulan
əhalinin ümumi sayı isə 1100 nəfər olacaq. Sakinlərin yaşayışı üçün ümumilikdə
228 ev inşa ediləcək. Bundan başqa, ikimərtəbəli çoxmənzilli 9 bina,
ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) 66 ev və 153 ikimərtəbəli
fərdi ev tikiləcək. Kənddə, həmçinin məscid, Bayraq meydanı, informasiya
mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış
köşkləri, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası,
inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, hotel və
istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının yaradılması
planlaşdırılır.

Bildirilib ki, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) evlər
konsepsiyası kənd ərazisində şəhərin praktikliyini təmin etmək məqsədi daşıyır.
Bir-birindən ortaq divarla ayrılan üçotaqlı və dördotaqlı yaşayış blokları
optimal quruluşuna görə az sahədə bir neçə ailənin yaşamasına imkan yaradır və
eyni zamanda, onların hər birini şəxsi həyət və terras ilə təmin edir. Həmçinin
azmərtəbəli çoxmənzilli tikililər ərazidə yüksək sıxlıq yaratmamaqla əhalini
kiçik sahədə yerləşdirmək imkanı verdiyinə görə kəndin planlaşdırılmasında ən
optimal həll hesab olunur. Binaların ətrafında sakinlər üçün ümumi istirahət
sahələri, yaşıllıqlar, avtomobil dayanacaqları nəzərdə tutulub.

Qeyd edilib ki, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında
nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi “PMD Group” MMC
tərəfindən yerinə yetirilir. Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda hotel
və istirahət mərkəzi tikiləcək. Hotel kompleksi ikimərtəbəli 10 binadan ibarət
olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq hotel kompleksində restoran,
əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət
parkı yaradılacaq.

Source link