67515a2a-839d-4c43-af71-bee02eb2a52c..jpg

İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər – YENİLƏNİB + FOTO

Baxış sayı: 913 dəfə baxılıb.

İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər – YENİLƏNİB +
FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident
Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış
kəndində görülən işlərlə tanış olublar.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Talış kəndində
Xatirə daşına baxış keçirdilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən azad edib. Talış
kəndində yüksək nöqtələrdən birində bu ərazinin işğaldan azad olunduğu gün
Müzəffər Ali Baş Komandan tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu
Xatirə daşı yerləşdirilib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma Talış
kəndinin Baş planı əsasında görülən işlər barədə məlumat verdi.

Xatırladaq ki, dövlətimizin başçısı 2021-ci il oktyabrın 4-də Talış kəndindəki
Bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. İşğaldan
azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırıqları əsasında Talış
kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri
infrastruktur yaradılıb. Kənddə aparılan təmir-bərpa işlərinin birinci
mərhələsi çərçivəsində Bayraq meydanında abadlıq işləri görülüb. Talış kəndinin
yüksək nöqtələrindən birində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri
üçün istirahət guşəsi və seyr meydanı tikilib.

Görülən işlər çərçivəsində 10 qeyri-yaşayış və ictimai iaşə obyekti də bərpa
olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin ərazisində abadlıq işləri
görülüb. Bunlardan biri də inzibati binadır.

Dövlətimizin başçısı və birinci xanım inzibati binada yaradılan şəraitlə tanış
oldular.

Mövcud ikimərtəbəli inzibati bina əsaslı təmir edilib, dam örtüyü sökülərək
yenidən qurulub. İnzibati binanın qarşısındakı ərazidə kənd meydanının bərpası
həyata keçirilib və burada geniş yaşıllaşdırma işləri aparılıb. Binanın bütün
kommunikasiya sistemləri yenidən qurulub. İnzibati bina yanğın siqnalizasiya,
rabitə və videomüşahidə sistemləri ilə təchiz edilib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Talış
kəndindəki uşaq bağçasında yaradılan şəraitlə də tanış oldular. Uşaq bağçasının
birmərtəbəli binası da əsaslı təmir edilib. Bütün kommunikasiya sistemləri
yenidən qurulub və bina yanğın siqnalizasiya, rabitə, videomüşahidə və
fövqəladə hal xəbərverici sistemləri ilə təchiz edilib. Binanın daxili hissəsi
bütün lazımi texniki xidmət avadanlığı ilə təchiz olunub. Həyətyanı ərazidə
uşaqlar üçün rezin örtüklü oyun meydançası və iki söhbətgah inşa olunub. Bir
sözlə, burada balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün
hərtərəfli şərait yaradılıb.

Talış kəndindəki 78 şagird yerlik məktəb binası ilə tanışlıq zamanı məlumat
verildi ki, ikimərtəbəli binanın da bərpası və yenidən qurulması həyata
keçirilib. Dam örtüyü tamamilə yenilənib, kommunikasiya sistemləri yenidən
qurulub. Bina yanğın siqnalizasiya, rabitə, zəng, videomüşahidə sistemləri ilə
təchiz edilib. Təhsil ocağının binasının birinci və ikinci mərtəbələrində
sinif, tibb və müəllimlər otaqları, mansardda isə akt zalı və kitabxana
yerləşir. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol və idman
meydançaları yaradılıb.

Dövlətimizin başçısı Talış kəndində Novruz tonqalını alovlandırdı və
Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi.
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına
müraciəti
– Əziz bacılar və qardaşlar.

Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ
diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən
qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah
bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman
Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı
bahasına biz doğma torpaqlarımıza qayıtmışıq.

İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi
birləşib. Bütün Azərbaycan xalqını bir daha salamlayıram. Bütün Azərbaycan
xalqına yeni-yeni uğurlar, yeni qələbələr arzulayıram!

Otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi. Ermənistan
xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz
doğma torpaqlarından didərgin salınmış, qaçqın, köçkün vəziyyətinə düşmüşdür.
Xalqımıza qarşı soyqırımı törədilmişdir, ədalətsizlik törədilmişdir, hərbi
cinayətlər törədilmişdir. Biz bunu heç vaxt unutmayacağıq. Biz bunu heç vaxt
unutmamalıyıq.

Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq
səsimizi ucaltmışdıq. Ancaq əfsuslar olsun ki, bizim sözümüzə reaksiya verən
qurum tapılmadı. Əksinə, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər
məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdi. İndi İkinci Qarabağ
müharibəsindən keçən iki il yarım ərzində əldə edilmiş yeni məlumatlar bunu bir
daha təsdiqləyir.

Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün
ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan
Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir.
Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq
kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik.

Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana
hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr
baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına
qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin
əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan
bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik
ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə
heç bir kənar qüvvə təsir edə bilməz.

Otuz il ərzində Ermənistan və onun havadarları, onun arxasında duran
müttəfiqləri bizi haqq işimizdən çəkindirmək üçün müxtəlif imkanlardan,
müxtəlif vasitələrdən istifadə etməyə çalışırdılar, bizi mənasız danışıqlarla
yormaq istəyirdilər, bizi işğalla barışdırmaq istəyirdilər.

İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün nə qədər səylər
göstərilmişdir. Azərbaycan xalqı və Azərbaycan dövləti güclü iradə göstərərək
bütün bu cəhdləri dəf etmişdir. Çünki bizim işimiz haqq işidir. Mən işğal
dövründə dəfələrlə deyirdim ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz
müharibə yolu ilə öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Görün,
Ermənistan rəhbərliyi nə qədər azğınlaşmışdır ki, “Qarabağ Ermənistandır və
nöqtə” sözlərini deyərək, Azərbaycan xalqının haqlı hüququnu əlimizdən almaq
istəyirdi. Əfsuslar olsun ki, Ermənistanın arxasında dayanan qüvvələr, o
cümlədən ovaxtkı Minsk qrupuna həmsədrlik edən ölkələr bu bəyanata heç bir
reaksiya verməmişdilər. İndi Azərbaycan öz doğma torpaqlarını azad edəndən
sonra görün, bizə qarşı nə qədər ədalətsiz addımlar atılır, nə qədər çirkin
əməllər törədilir. Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik
olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər. Bəzi ölkələrdə
Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil
edirlər. Bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın
ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini”
tanıyırlar. Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin
yeganə amalı bu işğalı əbədiləşdirmək idi. Bu münaqişəni həll etmək yox,
dondurmaq idi.

İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər oldu,
Ermənistana nə qədər yardımlar göndərildi. Hər gün silahlarla dolu bir neçə yük
təyyarəsi göndərilirdi, xarici ölkələrdən muzdlular göndərilirdi. Ermənistanın
müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar. Heç kim bizim
qabağımızda dura bilmədi. Mən demişdim ki, öldü var, döndü yoxdur, ya Qarabağın
azadlığı, ya ölüm! Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura
bilmir, sabah da dura bilməyəcək. Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış
çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana
bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək.

“Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün görün nə
deyir. Bu gün deyir ki, bizə imkan verin 29 min kvadratkilometr ərazidə biz
yaşayaq. Bunu işğal dövründə niyə demirdi? İşğal dövründə nə üçün bizim işğal
edilmiş bütün torpaqları dırnaqarası “Dağlıq Qarabağ respublikası” adı altında
birləşdirməyə cəhd göstərmişdilər, kitablar dərc edilirdi. Bu çirkin əməllərə,
bu qanunsuz əməllərə göz yuman beynəlxalq təşkilatlar, bəzi ermənipərəst
ölkələr nə üçün o vaxt Ermənistana irad tutmurdular? Biz nə qədər ikili
standartlarla üzləşməliyik? Biz nə qədər riyakarlıqla üzləşməliyik?

İndi biz öz torpağımızı, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan
ərazilərini güc tətbiq edərək azad etmişik, BMT Nizamnaməsinə uyğun şəkildə öz
ərazi bütövlüyümüzü təmin etmişik, düşməni qovmuşuq, Ermənistan ordusunu məhv
etmişik, diz çökdürmüşük. Bu, bizim haqlı vəzifəmizdir. Bu gün biz
qurub-yaradırıq. O cümlədən burada, Talış kəndində, Suqovuşan qəsəbəsində,
Hadrutda, Şuşada, bütün başqa azad edilmiş torpaqlarda qurub-yaradırıq.
Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları
bir-bir söküb həm Ermənistanda, həm də ki, Ermənistanın qonşu ölkəsində
bazarlarda satdırıb. Biz isə qurub-yaradırıq.

Görün, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib.
Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu
gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr
üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb,
uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz
qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə
qurub-yaradırıq.

Bu gün “Qarabağ Ermənistandır və nöqtə” deyən, bizi yeni müharibə ilə
hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın.
Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün
yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Bunun heç bir
xeyri olmayacaq. Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması
üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı
Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır,
bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə
onlar 29 min kvadratkilometr ərazidə, – hansı ki, indi onlar ancaq bunu
istəyirlər, – rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü
tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə
olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı
bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata
keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü
mövqelərimiz var və güclü iradəmiz var. Müharibə dövründə və müharibədən
sonrakı dövrdə biz bunu nümayiş etdirmişik.

Talış kəndi 2020-ci il oktyabrın 3-də azad edilmişdir. İkinci Qarabağ
müharibəsi başlayandan bir həftə sonra qan tökərək biz artıq Talış kəndini azad
etdik, eyni zamanda, Suqovuşan qəsəbəsini azad etdik.

İkinci Qarabağ müharibəsi dövründə o hərbi əməliyyatın çox böyük əhəmiyyəti
var idi. Çünki biz öz azadlıq savaşımızı müxtəlif istiqamətlərdə aparırdıq, o
cümlədən bu istiqamətdə. Ona görə bu istiqamətdə əldə edilmiş uğurlar
müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda,
ordumuzun və xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin
strateji əhəmiyyəti hər kəsə bəlli idi.

Biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq. Biz
44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi
keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan
olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari
olmuşdur. Bunu onlar yaddan çıxarmasınlar və yaddan çıxarsalar, biz onların
yadına salacağıq. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan
çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir. Bizim torpaqlarımızın 30
il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh
müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Çünki biz bəzi
hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı
“Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq
istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları,
postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq.
Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə,
bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?!

Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və
burada əbədi yaşayacağıq. Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə
yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq
şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün
dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa
edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən
müharibəsində 44 gün ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra
bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.

Mən əziz xalqımı qarşıdan gələn Novruz bayramı münasibətilə bir daha ürəkdən
təbrik etmək istəyirəm, bir daha çıxışımı məşhur olan sözlərlə tamamlamaq
istəyirəm: “Qarabağ Azərbaycandır!”.

Sonra Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və
qızları Arzu Əliyeva Klub icma mərkəzində yaradılan şəraitlə maraqlandılar.

Dövlətimizin başçısı və birinci xanım Talış kəndində fərdi evlərdə aparılan
təmir-bərpa işləri ilə də tanış oldular.

Məlumat verildi ki, birinci mərhələdə 20 ev bərpa edilib və yenidən qurulub.
Evlərin daxili hissələri və fasadı əsaslı təmir edilib, dam örtükləri tamamilə
sökülərək yenilənib. Daxili və xarici divarlarda konstruktiv möhkəmləndirmə
işləri yerinə yetirilib. Hər evin həyətyanı ərazisində əsaslı landşaft işləri
görülüb, fərdi əkin sahələri yaradılıb və təsərrüfat anbarları inşa edilib.
Bütün evlərin mövcud hasarları sökülüb, əvəzində yeni hasarlar tikilib. Evlərin
daxili kommunikasiya xətləri yenidən qurulub.

Bildirildi ki, Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər
rayonunun Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və
Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma
yerlərində yaşayan 20 ailə köçürülüb. İlk mərhələdə Talış kəndində
məskunlaşdırılan 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında
ev bölgüsü aparılması məqsədilə püşkatma keçirilib. Püşkatma nəticəsində
ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i
üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Arzu
Əliyeva kənd sakini Əyyub Əkbərovun evində yaradılan şəraitlə tanış oldular.

Prezident İlham Əliyev: Salaməleyküm.

Ev sahibi Əyyub Əkbərov: Xoş gördük, cənab Prezident. Var olsun, Prezidentimiz.

Birinci vitse-prezident Mehriban Əliyeva: Salam, xoş gördük, təbrik edirəm.

Ev sahibəsi Arzu Əkbərova: Salam, Mehriban xanım, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Necəsiniz?

Əyyub Əkbərov: Gözəl, necə olacağam? Buradan gedəndə cavan oğlan idim, 30
yaşında getmişdim.

Prezident İlham Əliyev: Neçənci ildə buradan getmişdiniz?

Əyyub Əkbərov: 1993-də getmişdim. İndi şükürlər olsun. Gözlərimə inanmıram.

Prezident İlham Əliyev: Ovaxtkı Talış kəndi də bu cür idi?

Əyyub Əkbərov: Bəli.

Prezident İlham Əliyev: Bu da eviniz.

Əyyub Əkbərov: Bəli, mənim evim budur. Şükürlər olsun, elə gələn kimi də işlə
təmin olunmuşam. İcma mərkəzini mənə verdilər.

Prezident İlham Əliyev: Orada işləyirsiniz?

Əyyub Əkbərov: İnşallah, burada da bir 20-30 adam işlədəcəyəm.

Prezident İlham Əliyev: Hə, çox yaxşı.

Əyyub Əkbərov: Şükürlər olsun, cənab Prezident, hər şeyimiz var, şükür Allaha.

Prezident İlham Əliyev: Gəl, baxaq. Nə vaxt gəlmisiniz, iki gün qabaq
gəlmisiniz?

Əyyub Əkbərov: Bəli, bir-iki gün olar gəlmişik. Buyurun.

Prezident İlham Əliyev: Yemək otağı.

Əyyub Əkbərov: Çox şadıq.

Prezident İlham Əliyev: Siz harada yaşayırdınız?

Əyyub Əkbərov: Bakıda yaşayırdıq. Ancaq inanırdıq ki, nə vaxtsa gələcəyik,
buranın həsrəti ilə yaşayırdıq.

Prezident İlham Əliyev: Əlbəttə. Çox keçdi, amma qayıtdıq.

Əyyub Əkbərov: Şükürlər olsun, qayıtdıq. Bilirsiniz, cənab Prezident, o vaxt
burada işləyirdim, təsərrüfatda. Kəndimizin əhalisi üzümçülüklə məşğul olurdu.
Çox qorxa-qorxa yaşayırdıq. İndi heç kimdən qorxmuram, heç kimdən qorxmuruq.

Prezident İlham Əliyev: İndi bizdən qorxurlar.

Əyyub Əkbərov: Bəli, əlbəttə, indi bizdən qorxurlar. Biz heç kimdən qorxmuruq.
Şükürlər olsun, buraya gəlmişik, yaşayacağıq, yaradacağıq. Buranın füsunkar
gözəlliyini də qoruyub saxlayacağıq.

Prezident İlham Əliyev: İnşallah.

Əyyub Əkbərov: Mən də indi buradakı icma ilə bir ağsaqqal kimi söhbət etmişəm,
buranı daha da gözəlləşdirəcəyik.

Prezident İlham Əliyev: İndi buranın ancaq birinci mərhələsidir, daha 178 ev
tikiləcək, camaat da köçəcək. Burada yəqin ki, mindən çox insan yaşayacaq. Siz
o vaxt burada yaşayanda nə ilə məşğul olurdunuz, heyvandarlıqla?

Əyyub Əkbərov: Təsərrüfatla məşğul idik, üzüm sahələrimiz var idi. Gözəl
becərmişdik. O mənfurlar buraya da Xocalıdakı kimi fevral ayında hücum etdilər.
Özü də gecə vaxtı. Buradan hamımız piyada Borsunlu kəndinə üz tutduq.

Prezident İlham Əliyev: Borsunlu kəndinə?

Əyyub Əkbərov: Bəli, Borsunlu kəndinə. Üzüm bağlarında budama işlərini
qurtarmışdıq, bol məhsul gözləyirdik.

Prezident İlham Əliyev: Əsas üzümçülük idi?

Əyyub Əkbərov: Bəli, əsas üzümçülük idi, hər şey, kartof da əkirdik, gözəl
torpaqdır.

Prezident İlham Əliyev: İndi hamısını bərpa etmək lazımdır. Hamısını bərpa
edəcəksiniz, üzümü də, kartofu da.

Əyyub Əkbərov: Əlbəttə, edəcəyik, hamısını dövlətin üstünə atmayacağıq ki,
dövlət etsin. Gəlmişik, biz də yaradacağıq.

Prezident İlham Əliyev: Burada hər şey var, su var.

Əyyub Əkbərov: Şükürlər olsun.

Prezident İlham Əliyev: Kənd təsərrüfatı üçün, məşğul olmaq üçün şərait
yaradılacaq. Hava da ki, kurort havasıdır.

Əyyub Əkbərov: Bəli, burada yaşayanda xəstələnmirdik, cənab Prezident.

Prezident İlham Əliyev: Əlbəttə, burada adam sağalır, xəstələnmir.

Əyyub Əkbərov: Burada biz xəstəlik görmürdük. İndi, şükürlər olsun o füsunkar
təbiəti, bu gözəl havası, gəldik, çox xoşbəxtik çox.

Prezident İlham Əliyev: Görün, nə günə salmışdılar ermənilər, bu kəndləri, bu
yerləri. Bütün binalar dağılmış vəziyyətdə idi. İşğal dövründə bir daş-daş
üstünə qoyulmadı, ancaq talamaq, dağıtmaq, sökmək.

Əyyub Əkbərov: İndi maraqlı bir şey deyim. Qardaşım Almaniyadadır. Oradan
danışır, orada onun bir yeməkxanası var. Mənə deyir ki, o küncdə oturan 8
nəfərə bax, ermənilərdir Talışı izləyirlər. Deyirlər ki, o uçuq yerlərə bax, o
biz, o da Azərbaycan. Baxın, görürsünüz, özləri də bunu deyirlər.

Prezident İlham Əliyev: Bu, hələ başlanğıcdır.

Əyyub Əkbərov: Biz buyuq, heç kimin torpağında gözümüz yoxdur, bizim
yaşayışımız budur. Bizim xalqımız budur. Biz səliqəli xalqıq. Biz oğru xalq
deyilik. Heç kimin torpağında gözümüz yoxdur.

Prezident İlham Əliyev: Bəli.

Əyyub Əkbərov: Biz burada əsrlər boyu yaşayacağıq.

Prezident İlham Əliyev: Əbədi, əbədi.

Əyyub Əkbərov: Oğlanlarım, nəvələrim, hər kəs deyir ki, Qarabağ Azərbaycandır.
O yazıya baxıram, nəvələrim də gəlib oxuyur, əzbər bilirlər. Uşaq anadan olanda
qulağına pıçıldayacağıq ki, Qarabağ Azərbaycandır! Bir daha təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Əyyub Əkbərov: Prezidentim bir də gələndə samovar çayına qonaq olacaq.

Prezident İlham Əliyev: Gələcəyəm, əlbəttə, gələcəyəm. Hələ kənd tam tikilsin.
Kənd tam tikiləndən sonra mütləq gələcəyəm.

Sonra Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Arzu
Əliyeva kənd sakinləri ilə görüşüb söhbət etdilər.

Prezident İlham Əliyev: Qarşıdan gələn bayram münasibətilə və Talış kəndinə
qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Biz qayıtmışıq, əbədi burada yaşayacağıq.

Qadın sakin: İnşallah.

Prezident İlham Əliyev: Baxın, bu Talış kəndinin birinci mərhələsidir. Görün
nə qədər gözəldir. Göz oxşayır bütün binalar.

Sakinlər: Allah Sizi qorusun, Allah Sizə dəyməsin.

Prezident İlham Əliyev: Yəqin ki, uzağı bir ildən sonra qalan bütün 158 ev də
tikiləcək.

Sakinlər: Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Burada mindən çox insan yaşayacaq. Ondan sonra
minlərlə insan yaşayacaq.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Biz öz doğma torpaqlarımıza qayıtmışıq, qan tökərək,
şəhidlər verərək. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Sakinlər: Amin.

Prezident İlham Əliyev: Onların qanı bahasına biz gəlmişik, sizi də
gətirmişik. Siz də artıq iki gündür ki, buradasınız, bilirəm.

Sakinlər: Çox sağ olun, təşəkkür edirik.

Prezident İlham Əliyev: Məşğulluqla bağlı, ictimai işlərdə işləməklə bağlı,
dövlət işində işlə bağlı bütün məsələlər həll olunub. Qarabağ cənnətdir.

Qadın sakin: Azərbaycandır!

Prezident İlham Əliyev: Azərbaycandır!

Sakinlər: Şəkil çəkdirək.

Prezident İlham Əliyev: Hə, gəlin çəkdirək.

Kişi sakin: Çox sağ olun, Allah canınızı sağ eləsin. Bizə bu cür şərait
yaratdığınız üçün Sizə minnətdarıq. Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Harada yaşayırdınız?

Kişi sakin: Bərdə rayonunda. İndi isə öz kəndimizdəyik. Allah canınızı sağ
eləsin.

Gənc qız: Cənab Prezidentimiz, mən Sizi Talış kəndinin gəncləri və sakinləri
adından salamlayıram.

Prezident İlham Əliyev: Sağ olun.

Gənc qız: Mən bu dəqiqə ikiqat qürur duyuram. Çünki işğaldan azad edilmiş
torpağımızda dayanmışam, Sizin qarşınızda dayanmışam. Bilirəm ki, biz hamımız,
bu günü səbirsizliklə gözləyirdik. Çox şükür ki, biz bu günü gördük. Talış
kəndinin işğaldan azad edilməsi mühüm əhəmiyyətə malik idi. Mən Sizə çox
təşəkkür edirəm. Allah Sizi qorusun. Bir şey də deyim, gənclərə yaratdığınız
şəraitə görə Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Allah Sizə ömür versin. Sevincimizin həddi-hüdudu yoxdur, Allah
haqqı. İcazə verin şəkil çəkdirək, cənab Prezident.

Digər kişi sakin: Sizi verən Allaha qurban olum. Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Görürsən, qız necə qucağımda durur?

Kişi sakin: Heç atasına gəlmir.

Qadın sakin: Babasına gəlir də, babasına. Sağ olun, çox təşəkkür edirik.

Kişi sakin: Cənab Prezident, bildirmək istəyirəm ki, biz iki qardaşıq. Elə
ikimiz də bu kənd uğrunda döyüşmüşük. İkimiz də Sizin sayənizdə kəndimizə
gəlmişik. Evlərimiz, həyətlərimiz hamısı çox gözəl, yüksək səviyyədədir. Çox
sağ olun, minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Amin.

Kişi sakin: Siz onsuz da masada qalib gəlmişdiniz, biz döyüş meydanında onlara
bir daha göstərdik. Çox sağ olun hər şey üçün.

Prezident İlham Əliyev: Elədir, sağ olun.

Sakinlər: Allah Sizi qorusun. Çox sağ olun. Allah Sizi var eləsin.

Kişi sakin: Qardaşım da, mən də burada döyüşmüşdük.

Prezident İlham Əliyev: Çox sağ olun.

Kişi sakin: Siz sağ olun.

Prezident İlham Əliyev: Bu döyüş çox önəmli idi, bilirsən. Bu, strateji nöqtə
idi. Biz Talışı azad edəndən sonra ermənilər artıq gördülər ki, bu, ciddi
məsələdir.

Kişi sakin: Bəli, sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Prezidentlə bizim də şəklimizi çəkin.

Prezident İlham Əliyev: Gəlin çəkdirək.

Kişi sakin: Qarabağ Azərbaycandır!

Qadın sakin: Qızım da çox istəyərdi Sizinlə görüşsün, amma burada deyil, gələ
bilmədi.

Prezident İlham Əliyev: Gələcək?

Qadın sakin: Gələcək.

Prezident İlham Əliyev: Burada yaşayacaq?

Qadın sakin: Bizə qonaq gələcək.

Kişi sakin: Allah Sizi qorusun, bizi evlə təmin etmisiniz. Çox sağ olun.

Prezident İlham Əliyev uşağa müraciətlə: De, nə deyəcəkdin?

Sakin: Deyir ki, babanın da bayramını təbrik edək.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Sakinlər: Çox sağ olun. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Burada minalar çox idi, bilirsiniz.

Sakin: Bəli, 44 günlük döyüşlərdən sonra burada Beynəlxalq Avrasiya Mətbuat
Fondunun nəzdində İcma Mina Aksiyası komandasında çalışıram. Orada minalar var,
təmizlənməsində iştirak edirəm.

Birinci vitse-prezident Mehriban Əliyeva: Cənab Prezident, bu gözəl qızı da
yanınıza alın.

Prezident İlham Əliyev: Gəl, gəl.

Sakin: Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ ol, çox sağ ol.

Sakin: Xoş gəlmisiniz. Minnətdarıq Sizə. Qürur duyuruq ki, gəldiniz.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Allah Sizə ömür versin, cansağlığı versin ki, belə şərait yaratmısınız.
Allah haqqı, sevincimizin həddi-hüdudu yoxdur.

Qadın sakin: Torpaqlarımız azad olundu, minnətdarıq.

Sakin: Bəli, əsas odur. Allah uzun ömür, cansağlığı versin. İnşallah, bütün
Azərbaycan torpaqlarını Prezidentimiz birləşdirəcək, inanırıq biz buna.

Digər kişi sakin: Biz fəxr edirik ki, bizim belə güclü Prezidentimiz var,
Qarabağ Azərbaycandır! Allah Sizə ömür versin, cansağlığı versin. Bu, hələ
harasıdır.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Sizin səmimiliyiniz adama bəs edir.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Çox sağ olun, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ ol qızım, çox sağ ol.

Sakin: Var olasınız.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Cənab Prezident, Allah Sizə dəyməsin, Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Sağ olun. Gəlin hamımız birlikdə şəkil çəkdirək. İndi
də hamımız “Qarabağ Azərbaycandır!” deyək.

Hamı bir ağızdan: Qarabağ Azərbaycandır!

Sakin: Burada bir kilsə var.

Prezident İlham Əliyev: Yuxarıda. Bəli, mən orada olmuşam.

Sakin: Orada bir kitab tapmışdıq, oxuyurdum orada, Osmanlı türkləri.

Digər sakin: Osmanlıya aiddir, albanlara aid deyil. Buranın birinci sakini də
biz olmuşuq, axırıncı sakini də.

Prezident İlham Əliyev: Orada bir kilsə, bir də rus kilsəsi var idi. Mən keçən
dəfə orada olanda gedib baxmışam. Yarı dağılmış vəziyyətdədir.

Sakin: Var idi yuxarıda, amma o, osmanlılara aid idi, çünki mən oradan bir
kitab gətirib oxuyurdum, Osmanlı imperiyasına aid idi. Albanlara yox,
osmanlılara aid idi o kilsə.

Prezident İlham Əliyev: İndi orada məscidin yeri də müəyyən olundu, məscid də
tikiləcək.

Sakin: Buranın birinci sakini də biz olmuşuq, axırıncı sakini də. Çox gözəl
idi. Mən burada üzümçülük briqadiri işləmişəm.

Prezident İlham Əliyev: O vaxt kolxoz var idi?

Sakin: Var idi, üzümçülük var idi. Mən burada camaatı üzümçülüyə öyrədirdim.
Amma indi heç nə yoxdur.

Prezident İlham Əliyev: Süfrə üzümü, yoxsa texniki sortlar?

Sakin: Şərab üçün üzüm idi, çox gözəl. Üzüm bağlarının sahəsi çox böyük idi,
100 hektar. Bir də ki, çox gözəl ərik bağı var idi.

Prezident İlham Əliyev: İndi onların hamısını əkmək lazım olacaq. Torpaq çox,
su var, havası gözəl. İndi kənd təsərrüfatı üçün ən gözəl şərait buradadır.

Sakin: Çox sağ olun, bəli, torpağı da münbitdir.

Prezident İlham Əliyev: Torpağı qara torpaqdır.

Sakin: Buranın çox bulaqları var idi, buradan çay axırdı, indi məəttəl
qalmışıq, o çay yoxdur.

Prezident İlham Əliyev: Onlar bəzi yerlərdə, Qarabağda kanallar, gölməçələr
tikiblər, ona görə kəsmişdilər. İndi hamısını siz yavaş-yavaş aşkar edəcəksiniz.

Sakin: Bax, orada, dağın dibində elə gözəl bulaqlar var idi.

Prezident İlham Əliyev: İndi də?

Sakin: Bu saat əsl turizm yeridir oralar.

Prezident İlham Əliyev: İçməli su?

Sakin: Bəli, içməli su, bulaqlar var orada.

Prezident İlham Əliyev: Burada məktəb tikilib, uşaqlar məktəbə gedəcəklər.
Uşaq bağçası da var.

Sakin: Çox sağ olun, təşəkkür edirik.

Prezident İlham Əliyev: Əlbəttə, burada çox iş görülüb. Borcumuz idi bu
torpaqları geri götürmək və bu torpaqları yenidən qurmaq, sizi də buraya
yerləşdirmək.

Qadın sakinlər: Çox sağ olun, minnətdarıq.

Kişi sakin: Bundan sonra biz buradan heç yerə getməyəcəyik, dünya dağılsa da
yerimizdən tərpənməyəcəyik.

Prezident İlham Əliyev: Heç kim sizi tərpədə bilməz bundan sonra.

Sakin: Nümayəndələriniz də çox gözəl, səmimi. Minnətdarıq hamısına, çox yaxşı,
çox razıyıq Sizdən. Allah razı olsun Sizdən, dövlətimizdən.

Prezident İlham Əliyev: Allaha şükür burada çox gözəl həyat olacaq. Siz çoxuna
layiqsiniz, 30 il əziyyət çəkdiniz orada-burada, yataqxanalarda, çadırlarda.
İndi bax belə gözəl şəraitiniz var.

Sakin: Allah şəhidlərimizə rəhmət eləsin. Ən çox əziyyəti Siz çəkdiniz, cənab
Prezident. Bütün dünya Sizinlə bacara bilmədi, maşallah olsun.

Digər sakin: Ürəyində çəkdi, bütün dünya da bacarmadı, var olsun.

Prezident İlham Əliyev: Siz durdunuz arxamda, ona görə də öldü var, döndü
yoxdur, qurtardı getdi.

Sakin: Hər zaman da arxanızdayıq.

Prezident İlham Əliyev: Çox sağ olun. Bayram ərəfəsindəyik. Sizə yaxşı
bayramlar arzulayırıq.

Sakin: Çox sağ olun, minnətdarıq cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Sağ olun.

19:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident
Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər
ediblər.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Talış-Tapqaraqoyunlu-Qaşaltı
sanatoriyası avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh
Məmmədov görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il oktyabrın 3-də
Tərtər rayonunda təməli qoyulan və 4 yaşayış məntəqəsini birləşdirən yeni
avtomobil yolunun uzunluğu 22 kilometrdir. Talış-Tapqaraqoyunlu-Qaşaltı
sanatoriyası yeni avtomobil yolunun eni 19 kilometrlik hissədə 9 metr, 3
kilometrlik hissədə isə 6 metr təşkil edir.

Bu yolun inşası layihəsi çərçivəsində İncəçay üzərində uzunluğu 84 metr olan
avtomobil körpüsü tikilib. Üçaşırımlı körpünün eni 14,5 metrdir. Körpü 9 bal
seysmiklik nəzərə alınmaqla inşa edilib.

Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun
yüksək keyfiyyətlə həyata keçirilib. Layihə üzrə yolboyu avtobus dayanacaqları
inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb.

Prezident İlham Əliyevə Tərtər rayonunun Talış kəndinin daxili yollarının
tikintisi layihəsi barədə də məlumat verildi. Bildirildi ki, kənddaxili
yolların ümumi uzunluğu 4,2 kilometrdir.

Qeyd edək ki, Tərtər rayonunun işğaldan azad edilmiş Talış, Goranboy rayonunun
Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə
doğru uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin
sakinlərinin rahat gediş-gəlişi ilə bərabər, bölgənin sosial-iqtisadi
inkişafına töhfə verəcək. Yeni yol, həmçinin Tərtər şəhəri ilə yanaşı,
alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə rahat və təhlükəsiz
hərəkəti təmin edəcək.

14:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident
Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər
ediblər.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısı Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası
yolunun açılışında iştirak edib.

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları
Arzu Əliyeva Suqovuşan qəsəbəsində orta məktəb binasında yaradılan şəraitlə
tanış olub, yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı, Birinci vitse-prezident və qızları Arzu Əliyeva
Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su
anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə də
tanış olublar.

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları
Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gəlib, burada kəndin Baş planı ilə
tanış olub, inzibati binada, uşaq bağçasında, tam orta məktəbdə yaradılan
şəraitə baxıblar.

Sonra dövlətimizin başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb və
Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına
müraciəti:

“Əziz bacılar və qardaşlar.

Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ
diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən
qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah
bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman
Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı
bahasına biz doğma torpaqlarımıza qayıtmışıq.

İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi
birləşib. Bütün Azərbaycan xalqını bir daha salamlayıram. Bütün Azərbaycan
xalqına yeni-yeni uğurlar, yeni qələbələr arzulayıram!

Otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi. Ermənistan
xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz
doğma torpaqlarından didərgin salınmış, qaçqın, köçkün vəziyyətinə düşmüşdür.
Xalqımıza qarşı soyqırımı törədilmişdir, ədalətsizlik törədilmişdir, hərbi
cinayətlər törədilmişdir. Biz bunu heç vaxt unutmayacağıq. Biz bunu heç vaxt
unutmamalıyıq.

Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq
səsimizi ucaltmışdıq. Ancaq əfsuslar olsun ki, bizim sözümüzə reaksiya verən
qurum tapılmadı. Əksinə, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər
məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdi. İndi İkinci Qarabağ
müharibəsindən keçən iki il yarım ərzində əldə edilmiş yeni məlumatlar bunu bir
daha təsdiqləyir.

Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün
ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan
Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir.
Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq
kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik.

Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana
hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr
baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına
qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin
əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan
bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik
ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə
heç bir kənar qüvvə təsir edə bilməz.

Otuz il ərzində Ermənistan və onun havadarları, onun arxasında duran
müttəfiqləri bizi haqq işimizdən çəkindirmək üçün müxtəlif imkanlardan,
müxtəlif vasitələrdən istifadə etməyə çalışırdılar, bizi mənasız danışıqlarla
yormaq istəyirdilər, bizi işğalla barışdırmaq istəyirdilər.

İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün nə qədər səylər
göstərilmişdir. Azərbaycan xalqı və Azərbaycan dövləti güclü iradə göstərərək
bütün bu cəhdləri dəf etmişdir. Çünki bizim işimiz haqq işidir. Mən işğal
dövründə dəfələrlə deyirdim ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz
müharibə yolu ilə öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Görün,
Ermənistan rəhbərliyi nə qədər azğınlaşmışdır ki, “Qarabağ Ermənistandır və
nöqtə” sözlərini deyərək, Azərbaycan xalqının haqlı hüququnu əlimizdən almaq
istəyirdi. Əfsuslar olsun ki, Ermənistanın arxasında dayanan qüvvələr, o
cümlədən ovaxtkı Minsk qrupuna həmsədrlik edən ölkələr bu bəyanata heç bir
reaksiya verməmişdilər. İndi Azərbaycan öz doğma torpaqlarını azad edəndən
sonra görün, bizə qarşı nə qədər ədalətsiz addımlar atılır, nə qədər çirkin
əməllər törədilir. Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik
olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər. Bəzi ölkələrdə
Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil
edirlər. Bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın
ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini”
tanıyırlar. Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin
yeganə amalı bu işğalı əbədiləşdirmək idi. Bu münaqişəni həll etmək yox,
dondurmaq idi.

İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər oldu,
Ermənistana nə qədər yardımlar göndərildi. Hər gün silahlarla dolu bir neçə yük
təyyarəsi göndərilirdi, xarici ölkələrdən muzdlular göndərilirdi. Ermənistanın
müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar. Heç kim bizim
qabağımızda dura bilmədi. Mən demişdim ki, öldü var, döndü yoxdur, ya Qarabağın
azadlığı, ya ölüm! Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura
bilmir, sabah da dura bilməyəcək. Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış
çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana
bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək.

“Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün görün nə
deyir. Bu gün deyir ki, bizə imkan verin 29 min kvadrat kilometr ərazidə biz
yaşayaq. Bunu işğal dövründə niyə demirdi? İşğal dövründə nə üçün bizim işğal
edilmiş bütün torpaqları dırnaqarası “Dağlıq Qarabağ respublikası” adı altında
birləşdirməyə cəhd göstərmişdilər, kitablar dərc edilirdi. Bu çirkin əməllərə,
bu qanunsuz əməllərə göz yuman beynəlxalq təşkilatlar, bəzi ermənipərəst
ölkələr nə üçün o vaxt Ermənistana irad tutmurdular? Biz nə qədər ikili
standartlarla üzləşməliyik? Biz nə qədər riyakarlıqla üzləşməliyik?

İndi biz öz torpağımızı, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan
ərazilərini güc tətbiq edərək BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazi
bütövlüyümüzü təmin etmişik, düşməni qovmuşuq, Ermənistan ordusunu məhv
etmişik, diz çökdürmüşük. Bu, bizim haqlı vəzifəmizdir. Bu gün biz
qurub-yaradırıq. O cümlədən burada, Talış kəndində, Suqovuşan qəsəbəsində,
Hadrutda, Şuşada, bütün başqa azad edilmiş torpaqlarda qurub-yaradırıq.
Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları
bir-bir söküb həm Ermənistanda, həm də ki, Ermənistanın qonşu ölkəsində
bazarlarda satdırıb. Biz isə qurub-yaradırıq.

Görün, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib.
Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu
gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr
üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb,
uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz
qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə
qurub-yaradırıq.

Bu gün “Qarabağ Ermənistandır və nöqtə” deyən, bizi yeni müharibə ilə
hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın.
Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün
yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Bunun heç bir
xeyri olmayacaq. Ermənistanın 29 min kvadrat kilometr ərazidə rahat yaşaması
üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı
Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır,
bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə
onlar 29 min kvadrat kilometr ərazidə, – hansı ki, indi onlar ancaq bunu
istəyirlər, – rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü
tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə
olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı
bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata
keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü
mövqelərimiz var və güclü iradəmiz var. Müharibə dövründə və müharibədən
sonrakı dövrdə biz bunu nümayiş etdirmişik.

Talış kəndi 2020-ci il oktyabrın 3-də azad edilmişdir. İkinci Qarabağ
müharibəsi başlayandan bir həftə sonra qan tökərək biz artıq Talış kəndini azad
etdik, eyni zamanda, Suqovuşan qəsəbəsini azad etdik.

İkinci Qarabağ müharibəsi dövründə o hərbi əməliyyatın çox böyük əhəmiyyəti
var idi. Çünki biz öz azadlıq savaşımızı müxtəlif istiqamətlərdə aparırdıq, o
cümlədən bu istiqamətdə. Ona görə bu istiqamətdə əldə edilmiş uğurlar
müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda,
ordumuzun və xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin
strateji əhəmiyyəti hər kəsə bəlli idi.

Biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq. Biz
44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi
keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan
olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari
olmuşdur. Bunu onlar yaddan çıxarmasınlar və yaddan çıxarsalar, biz onların
yadına salacağıq. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan
çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir. Bizim torpaqlarımızın 30
il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh
müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Çünki biz bəzi
hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı
“Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq
istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları,
postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq.
Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə,
bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?!

Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və
burada əbədi yaşayacağıq. Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə
yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq
şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün
dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa
edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən
müharibəsində 44 gün ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra
bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.

Mən əziz xalqımı qarşıdan gələn Novruz bayramı münasibətilə bir daha ürəkdən
təbrik etmək istəyirəm, bir daha çıxışımı məşhur olan sözlərlə tamamlamaq
istəyirəm: “Qarabağ Azərbaycandır!”.

Daha sonra Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və
qızları Arzu Əliyeva Klub icma mərkəzində yaradılan şəraitlə tanış olub, kənd
sakinləri ilə görüşüb söhbət ediblər.

12:14

Source link