“İRƏLİ” İctimai Birliyi Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar
tədbirlər keçirib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İRƏLİ” İctimai Birliyi 8 Noyabr – Zəfər Gününü və 9 Noyabr – Azərbaycan
Respublikasının Dövlət Bayrağı Gününü silsilə tədbirlər keçirib.
Birlikdən verilən məlumata görə tədbirlər çərçivəsində təşkilatın nümayəndə və
üzvlərinin iştirakı ilə birinci Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin
məzarı ziyarət olunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş
qəhrəmanların əziz xatirəsi minnətdarlıqla yad edilib.
Tədbirlər planı çərçivəsində “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Gənc
Müəllimlər Assosiasiyası və Azərbaycan Milli Konservatoriyasının birgə
təşkilatçılığı ilə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş “Zəfərin
Səsi” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbir müddətində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün
ərzində Azərbaycan ordusunun qazandığı tarixi qələbədən söhbət açılıb.
Bildirilib ki, İkinci Qarabağ müharibəsində əldə olunmuş zəfər ordumuzun
gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümüdür. Cari il,
sentyabrın 19-da Azərbaycan ordusunun başlatdığı lokal xarakterli antiterror
tədbirləri nəticəsində ölkə ərazisində suverenliyin bərpa olunduğunu qeyd edən
çıxışçılar bütün bu proseslərin təməlində ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam
etdirilən dövlət siyasətinin dayandığını diqqətə çatdırıblar. Tədbirin bədii
hissəsində Azərbaycan Milli Konservatoriyanın tələbələrindən ibarət “Milli
Avaz” xor kollektivi və “Buta” xalq çalğı alətləri orkestrinin ifasında
görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və instrumental
musiqi nümunələri təqdim olunub.
8 Noyabr – Zəfər Günü münasibətilə “İRƏLİ” İctimai Birliyinin təşəbbüsü və
Nizami Kino Mərkəzinin təşkilati dəstəyi ilə Vətən Müharibəsi Qəhrəmanı Ramiz
Cəfərovun döyüş yolundan bəhs edən “Ömür vəfa etsəydi” filminin nümayişi baş
tutub. Bununla yanaşı, “Park Cinema” kinoteatrlar şəbəkəsinin təşkilati dəstəyi
ilə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən
azərbaycanlı hərbçi Natiq Qasımov haqqında olan “Oğul” filminin nümayişi də
keçirilib. Hər iki filmin nümayişində ümumilikdə 300-dən çox gənc iştirak edib.
Tədbirlər proqramı çərçivəsində həmçinin “İRƏLİ” İctimai Birliyinə üzv olan
gənclərin iştirakı ilə Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil olunub.
Səfər müddətində gənclərə muzeyin yaranma tarixi, fəaliyyəti barədə ətraflı
məlumatlar çatdırılıb, habelə iştirakçılar muzeydə nümayiş olunan eksponatlarla
yaxından tanış olublar.
“İRƏLİ” İctimai Birliyinin İntellektual Mərkəzinin təşkilatçılığı ilə “Nə?
Harada? Nə zaman?” intellektual zəfər turniri keçirilib. Yüzə yaxın gəncin
qatıldığı intellektual yarışda iştirakçılar 4-6 nəfərlik komandalar şəklində
birincilik uğrunda mübarizə aparıblar. Turnirin sonunda qalib komandalara
şəhadətnamə və xatirə hədiyyələri təqdim olunub.
Tədbirlər proqramının davamında Azərbaycan Gənclər Fondunun dəstəyi, “İRƏLİ”
İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Müzəffər Əsgərimiz”
layihəsi çərçivəsində hazırlanmış videoçarxların nümayişləri keçirilib. 27
Sentyabr – Anım Günündən start götürmüş nümayişlər ölkəmizin müxtəlif şəhər və
rayonlarında yerləşən sosial xidmət müəssisələri, gənclər mərkəzlərində 1000-ə
yaxın gəncin iştirakı ilə keçirilib.
Qeyd edək ki, “Müzəffər Əsgərimiz” layihəsinin əsas məqsədi 44 günlük Vətən
müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən
qəhrəmanlarımızın tanıdılmasıdır.