1c1c3b68-d556-41e8-b914-423fcb0cdecc..jpg

İsveç səfiri: “Yaşıl keçidə diqqətimiz Azərbaycan üçün xüsusilə əhəmiyyət kəsb edir” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 754 dəfə baxılıb.

İsveç səfiri: “Yaşıl keçidə diqqətimiz Azərbaycan üçün xüsusilə əhəmiyyət kəsb
edir” – MÜSAHİBƏ + FOTO

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş
ərazilərinin minalardan təmizlənmə işləri dövlət siyasətinin əsas istiqamətinə
çevrilib. Mina təhlükəsi bərpa və yenidənqurma işləri, eləcə də keçmiş məcburi
köçkünlərin öz evlərinə qayıtmaları üçün əsas problemdir. Beynəlxalq
ekspertlərin hesablamalarına görə, mina problemini həll etmək üçün Azərbaycana
təxminən 30 il vaxt və 25 milyard ABŞ dolları lazım gələcək. Bu baxımdan,
beynəlxalq təşkilatlardan və dövlətlərdən istənilən yardım faydalı və vaxtında
ola bilər. İsveç də minalardan təmizləmə sahəsində əməkdaşlığı inkişaf
etdirməkdə maraqlıdır.

İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson “Report”a müsahibəsində
ikitərəfli əlaqələrin inkişafı, İsveç və Azərbaycan arasında yaşıl enerji
sahəsində əməkdaşlıq, mədəni əlaqələr və minatəmizləmə sahəsindəki yardımdan
danışıb:

– İsveç və Azərbaycan arasındakı ikitərəfli əməkdaşlığı necə
qiymətləndirirsiniz? Ölkələr arasında əlaqələrin yaxşılaşdırılması üçün hansı
tədbirlər həyata keçirilir?

– İsveçlə Azərbaycan arasında ikitərəfli əlaqələr inkişaf edir. Bu əlaqələr
2020-ci ildə hər iki ölkənin paytaxtlardakı mövcudluğunu tamhüquqlu
səfirliklərə qədər artırması ilə əlavə təkan qazanıb. Ölkələrimiz arasında
mütəmadi olaraq yüksək səviyyəli təmaslar aparılır, ötən il isə İsveçin
Bakıdakı səfirliyi diplomatik əlaqələrin qurulmasının 30 illiyini silsilə
mədəni tədbirlərlə qeyd edib.

2023-cü ilin birinci yarısında İsveç Avropa Şurasına sədrlik edir. İsveçin
sədr kimi prioritetlərini belə ümumiləşdirmək olar: Avropanı daha təhlükəsiz,
daha azad və daha “yaşıl” etmək. Söhbət Rusiyanın qeyri-qanuni və əsassız
təcavüzü qarşısında Ukraynaya dəstəyin davam etdirilməsinə xüsusi diqqət
yetirilməsi ilə təhlükəsizlik, rəqabətqabiliyyətlilik, yaşıl enerji və enerji
keçidi, demokratik dəyərlər və qanunun aliliyindən gedir. Bu prioritetlər
çərçivəsində “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycanla
uyğunlaşdırılmış qarşılıqlı fəaliyyət formatlarının hazırlanması gündəmdədir.
Söhbət tərəfdaş ölkələrin Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin
dərinləşdirilməsindən, o cümlədən təhlükəsizliyin gücləndirilməsindən gedir.

İsveç, həmçinin, Aİ-nin regionda davamlı sülhün təşviqinə yönəlmiş
fəaliyyətlərini dəstəkləməyə davam edəcək. Ümid edirik ki, Aİ və Azərbaycan
arasında yeni çərçivə sazişi üzrə danışıqlarda irəliləyiş görəcəyik. Aİ və
Azərbaycan arasında energetika, o cümlədən yaşıl enerji sahəsində keçən il
imzalanmış Anlaşma Memorandumunu nəzərə alsaq, yaşıl keçidə diqqətimiz
Azərbaycan üçün xüsusilə əhəmiyyət kəsb edir. Aprel ayında səfirlik “ADA”
Universitetində xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin, İsveçin
və Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrindəki səfirlərinin, eləcə də İsveç və
Azərbaycanın analitik mərkəzlərinin iştirakı ilə Aİ-Azərbaycan münasibətləri
mövzusunda seminar təşkil edib.

2021-ci ildə İsveç ATƏT-ə sədrlik edib ki, bu da Azərbaycanla bu təşkilat
çərçivəsində əlaqələrin intensivləşməsi demək idi. Burada keçmiş xarici işlər
nazirimizin ATƏT-in fəaliyyətdə olan sədri kimi Azərbaycana səfər etməsi də öz
təsirini göstərib.

– İqtisadi əməkdaşlıq barədə danışardınız. Azərbaycanda neçə İsveç şirkəti var?

– İsveçlə Azərbaycan arasında davamlı mal tədavülü var və iqtisadi
əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür. Azərbaycanda
“Ericsson”, “Oriflame”, “Volvo”, SKF, “Assa Abloy” və “Systemair” də daxil
olmaqla 10-a yaxın İsveç şirkəti var. Əminəm ki, Azərbaycanın Orta Dəhlizin
inkişafındakı artan rolu ilə getdikcə daha çox İsveç şirkəti Azərbaycanı
maraqlı ticarət tərəfdaşı kimi qəbul edəcək.

Səfirliyimiz müvafiq dövlət qurumlarından ibarət nümayəndə heyətlərinin
Stokholma səfəri vasitəsilə də İsveçin “ağıllı” şəhərlər təcrübəsinin
Azərbaycanda tətbiqi imkanlarını araşdırır. Azərbaycan bu istiqaməti inkişaf
etdirir, odur ki, əməkdaşlıq uğurlu ola bilər. Səhiyyə sahəsinə də maraq var.
Bu, perspektivli sahədir və İsveçin tibbi xidmət tədarükçüləri Azərbaycanla
əməkdaşlığı nəzərdən keçirirlər.

– İsveçlə Azərbaycan arasında mədəni əməkdaşlıq haqqında nə deyə bilərsiniz?

– İsveç və Azərbaycanın iki ölkə arasında möhkəm əlaqələr yaradan ortaq tarixi
var. Mən Nobel qardaşlarının Bakıdakı irsini nəzərdə tuturam. Bu ümumi irsin
ikitərəfli münasibətlər üçün əhəmiyyətini qiymətləndirmək çətindir. 2023-cü
ildə Robert Nobelin Azərbaycana ilk səfərinin 150 illiyi tamam olur. Bu
əlamətdar hal müxtəlif tədbirlərlə, o cümlədən Azərbaycan dilində Nobellər
haqqında kitabın nəşri və bu mövzuda sənədli filmin təqdimatı ilə qeyd olunacaq.

Nobellərin irsi çoxşaxəlidir. Onlar təkcə neft yataqlarının işlənilməsi ilə
məşğul olmayıblar, həm də ilk dəfə bizim bu gün korporativ sosial məsuliyyət
dediyimiz şeyi tətbiq ediblər. Bakıda Nobel qardaşları tərəfindən təsis edilən
“Branobel” neft şirkəti təhsil sektoruna, o cümlədən mədəniyyət, sosial rifah
və işçilərinin bərabərliyi sahələrinə sərmayə qoyub ki, bu da öz növbəsində
innovasiyaların, məhsuldarlığın və rəqabət qabiliyyətinin inkişafına töhfə
verib.

Müasir dövrdən danışsaq, Azərbaycan ifaçıları ilə İsveç mahnı müəllifləri
arasında uzun müddət davam edən və çox səmərəli olan əməkdaşlıq mövcuddur,
burada “Avroviziya” mahnı müsabiqəsinin də rolu var. Bu uğurlu əməkdaşlıq hələ
2008-ci ildə başlayıb və 2011-ci ildə “El&Nikki”nin (Eldar Qasımov və Nigar
Camal – red.) ifasındakı mahnının müsabiqədə qalib gəlməsinə səbəb olub.

Təhsil sahəsinə gəlincə, fəxrlə deyə bilərəm ki, hər il çox sayda gənc və
istedadlı azərbaycanlı, həm də İsveç İnstitutunun verdiyi qrantlar sayəsində
İsveç universitetlərində təhsilə başlayır. Tələbə şəbəkəmiz və Məzunlar
Assosiasiyası çox fəaldır və Aİ səviyyəsində gənc Avropa səfirləri kimi onlar
da iki ölkənin bir-birinə yaxınlaşmasında həlledici rol oynayırlar.

– Sizcə, əməkdaşlığın başqa hansı perspektivləri var ki, ölkələr onu inkişaf
etdirməlidirlər?

– İsveçin Bakıdakı səfirliyi gender bərabərliyi məsələlərinə xüsusi diqqət
yetirir. Azərbaycan 1918-ci ildə dünyada qadınlara seçki hüququ verən ilk
ölkələrdən biri olub. Gender məsələləri İsveç hökuməti üçün mühüm istiqamətdir.
Bu ortaq tarixə və ortaq səylərə əsaslanaraq, səfirlik Azərbaycanda qadın
hüquqlarının təşviqi istiqamətində dövlət qurumları, beynəlxalq təşkilatlar,
vətəndaş cəmiyyəti və incəsənət xadimləri ilə əməkdaşlıq edir. Beynəlxalq
Qadınlar Günü, eləcə də noyabr ayında keçirilmiş “Gender əsaslı zorakılığa
qarşı 16 günlük fəallıq” kampaniyası davamlı təbliğat və dialoq üçün imkanlar
yaradıb.

Minatəmizləmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində də qarşılıqlı
maraq var. İsveçin “Swedec” minatəmizləmə agentliyi Azərbaycanın Minatəmizləmə
Agentliyi (ANAMA) ilə birgə tədbirləri müzakirə edir. “Swedec” Bakıda təşkil
edilən minalardan təmizləmə konfranslarında da iştirak edib.

Source link