1006f0c3-e94d-4ada-b36a-dbd6b09b80db..jpg

İşxan Verdyan: “Paşinyanı devirə bilərlər” – MÜSAHİBƏ

Baxış sayı: 668 dəfə baxılıb.

İşxan Verdyan: “Paşinyanı devirə bilərlər” – MÜSAHİBƏ

Ermənistan silahlı qüvvələrinin ötən gün şərti Ermənistan-Azərbaycan
sərhədində köhnə Laçın yolu istiqamətində hərbi toqquşmaya səbəb olan
təxribatından əvvəl Ermənistan mediası bir sıra nəşrlərdə rəsmi İrəvanı
xəyanətdə günahlandırıb. İttiham məqamlarından biri də “Qarabağın Azərbaycana
verilməsi”dir. İttihama səbəb şərti sərhəddə Azərbaycan və Ermənistan
sərhədçilərinin yerləşdirilməsidir. Erməni fəal Diana Barikyan qəzəblə bunun
dövlətlərarası pasport nəzarəti anlamına gədiyini deyib.

İrəvanın “Hraparak” qəzeti öz növbəsində qeyd edib ki, baş nazir Nikol
Paşinyan artan narazılıq səbəbindən erməni hərbçilərin qiyam dalğası yarada
biləcəklərindən ehtiyat edir. Hərbçilərin narazılığının səbəbi isə guya
“Ermənistan ərazilərinin qismən Azərbaycana verilməsi”nin həyata keçirilməsidir.

Ermənistanda hərbi çevriliş mümkündürmü? Axı hakimiyyətə hərbi xuntanın
gəlməsi ilə nəticələnən bu tip inqilablar postsovet dövlətləri üçün xarakterik
deyil. Baxmayaraq ki, 1991-ci ildə SSRİ-də Dövlət Fövqəladə Vəziyyət
Komitəsinin qiyam cəhdi olub, lakin bu, tamamilə uğursuzluqla nəticələnib.

Cixisyolu.com-ın bu sualını cavablandıran erməni fəal, sülhməramlı təşəbbüsləri ilə
tanınan bloqerİşxan Verdyan qeyd edib ki, “Hraparak” qəzetinin özünəməxsus
imici var:

– Bu, xəbər deyil, təbliğat nəşridir. Qəzetin məqsədi baş nazir Nikol
Paşinyanı əvəzləməkdir. Ona görə də onlar saxta, uydurma hekayələrdən istifadə
etməkdən çəkinmirlər. Amma insanlar diqqət etdikləri üçün şərh etməyə dəyər.

Hərbi çevriliş yalnız ordunun – sıravi və kiçik zabitlərin silahlı qüvvələrin
ali rəhbərliyə tabe olması ilə mümkündür. Generallar, ordunun yüksək rütbəli
komandirləri köhnə hakimiyyətə, Robert Koçaryana rəğbət bəsləyirlər. Bu hərbi
dayaq əvvəlki sistemdən qalıb.

Keçmiş prezidentlərin dövründən Ermənistan ordusu “dedovşina” və korrupsiyada
boğulur. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra silahlı qüvvələrin
rəhbərliyində müəyyən dəyişikliklər edilsə də, sistemin özü, onun onurğa sütunu
qaldı. Bu generallar, polkovniklər uzun illər adət etdikləri keçmiş rahat həyat
şəraitinin qaytarılmasını istəyirlər. Ona görə də onlar hərbi çevrilişdən
imtina etməzdilər. Bəs sadə xalqdan olan insanlar – əsgərlər və kiçik zabitlər
– buna gedəcəklərmi? Onlar da ailələri kimi, əsasən, Nikol Paşinyanı
dəstəkləyirlər. Generallar əsgərləri ailələrinə qarşı çıxmağa məcbur edə
bilməzlər.

Bəli, 100 general, 200 polkovnik çıxa bilər, qoy lap 1 000 olsun. Əsgər
dəstəyi olmasa, bu nə verəcək?

– Belə çıxır ki, ordunun ali rəhbərliyi çevriliş etmək istəyir, amma aşağı
təbəqələr, əksinə, istəmirlər?

– Bəli. Yuxarıların öz şəxsi mənfəəti var. Onlar milyonlar, evlər, yaxtalar,
villalar qazanmaq istəyirlər. Əgər çevriliş şansı olarsa, o zaman generallar
məmnuniyyətlə bundan istifadə etməyə çalışacaqlar. Amma ordunun aşağı
rütbəliləri buna getməyəcəklər. Ermənistan kiçik ölkədir, hamı bir-birini
tanıyır. Deməli, əsgərlərin valideynlərinə, dostlarına, həmvətənlərinə qarşı
silaha sarılması ehtimalı çox azdır.

– Bəs Ermənistan cəmiyyətində “Ermənistan ərazisinin qismən Azərbaycana
verilməsi” (erməni mətbuatından sitat) ilə bağlı narazılıq var? Və Paşinyanın
Azərbaycanla Ermənistan arasında şərti sərhəddə sərhədçilərin yerləşdirilməsi
ilə bağlı elan etdiyi danışıqlara görə niyə bu qədər neqativlik var?

– Biz indi hər şeyin mümkün olduğu inanılmaz turbulentlik zonasındayıq. Mən
erməni dilində xəbərlərə baxıram və başa düşürəm ki, Ermənistanda sərhəddəki
dəyişikliklərlə bağlı aktiv şəkildə çaxnaşma yaranır. Bildirilib ki,
azərbaycanlılar Ermənistan hakimiyyəti ilə razılaşaraq bir neçə yüz metr
yaxınlaşıblar. Bu, çaxnaşmaya səbəb olmaq üçün əsas götürülür. İstiqaməti
itirib azan Azərbaycan əsgərlərinin hekayəsi isə vəziyyəti gərginləşdirir.
Ermənistanda təxribatdan danışırlar, deyirlər, guya bir neçə qrup olub, ancaq
bir əsgər tapılıb, Azərbaycan Müdafiə Nazirliyi iki əsgərin ərazidə istiqaməti
itirərək azdığını bildirib.

Yazırlar ki, azərbaycanlılar qapımızı döyürlər, bəs siz haradan bilirsiniz ki,
hansı səbəbdən gəliblər? Bəlkə, sabah kimsə qumbara atacaq? Onlar sərhədi necə
keçiblər?

Bütün bunlar partlayış təhlükəli fonda baş verir, hadisələr gözlənilməz
şəkildə inkişaf edə bilər. Təbii ki, sabah Ermənistanda hakimiyyətin
dəyişməyəcəyini iddia etmək məsuliyyətini öz üzərimə götürməzdim. Nikol
Paşinyan heç vaxt belə zərbə altında olmayıb. Sonra da rusiyalı politoloqlar
var ki, erməni mətbuatına müsahibə verirlər, deyirlər ki, Rusiyanın hər dediyi
edilməlidir, itaətkar olmaq lazımdır. Deməli, bir daha deyirəm, Ermənistanda
son dərəcə partlayış təhlükəli vəziyyət yaranıb, Paşinyanın reytinqi isə xeyli
düşüb, bundan sonra da düşəcək.

Bundan əlavə, hesab edirəm ki, Azərbaycan əldə etdiklərində dayanmaq fikrində
deyil, hələ də mübahisəli zonalar var, danışıqlar gedir (söhbət Ermənistan
Respublikası ərazisindəki bir neçə Azərbaycan anklavından gedir – red.).
Sərhədin haradan keçəcəyi bəlli deyil, bəlkə, yenə də hansısa kəndlərdən, yaxud
əkin yerlərindən olacaq. Beləliklə, təəssüf ki, eskalasiya potensialı hələ də
var. Mən bunda Ermənistan üçün real dövlətçiliyin itirilməsi təhlükəsini
görürəm, Nikol Paşinyan isə sadəcə olaraq, devrilə bilər.

Nair Əliyev

Source link