Jurnalist öldü, nazir istefa verdi

Jurnalist öldü, nazir istefa verdi

Baxış sayı: 3. 299 dəfə baxılıb.

Slovakiyanın mədəniyyət naziri Marek Madyariç jurnalist Yan Kutsyakın ölkədə böyük əks səda doğurmuş qətlindən sonra istefa verib.

ÇıxışYolu.Com-ın  “Euronews”-a istinadən verdiyi xəbərə görə, nazir vəzifədən getmək qərarını canlı yayım zamanı elan edib.

“İstefa vermək mənim müstəqil qərarımdır. Jurnalistin öldürülməsindən sonra, mən daha KİV-dəki vəziyyətə nəzarət edən mədəniyyət naziri vəzifəsində qala bilmərəm” –deyə Madyariç bildirib.

Qeyd edək ki, qətlə yetirilmiş jurnalist Slovakiyalı siyasətçilərin İtaliyanın “Ndranqeta” mafiyası ilə əlaqələrini araşdırırdı. Kutsyakın ölümündən əvvəl əldə etdiyi məlumata görə, Avropa birliyinin ölkədə ekoloji kənd təsərrüfatının inkişafı üçün ayırdığı vəsaitin bir hissəsi mafiyanın “cibinə” gedib.

Jurnalist eyni zamanda vergi maxinasiyaları haqqında material üzərində işləyib. Onun qətlindən bir gün sonra Koşitse şəhərinin vergi müfəttişliyi binasında müəmmalı şəkildə yanğın baş verib.

27 yaşlı Yan Kutsyak və onun rəfiqəsi Martin Kuşnirovanın meyitləri bazar günü Velka-Make əyalətindəki evlərində aşkarlanıb. Polisin müstəntiqlərinə görə, əsas versiya “sifarişli qətldir”. İstintaq çərçivəsində artıq ölkədə 20-dən çox insan dindirilib, jurnalistin Çexiya və İtaliyadakı həmkarları və dostları ilə əlaqə yaradılıb.

Hökumət cinayətin üstünü açmağa kömək olacaq hər hansı məlumat üçün 1 milyon avro mükafat vəd edib.

www.ÇıxışYolu.Com