dcd79bd6-ddd6-40c9-984f-7f99453ef33e..jpg

Keçmiş bələdiyyə sədri: “Affekt vəziyyətdə bacımı öldürmək istəmişəm”

Baxış sayı: 632 dəfə baxılıb.

Keçmiş bələdiyyə sədri: “Affekt vəziyyətdə bacımı öldürmək istəmişəm”

Külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi qəsəbə bələdiyyəsinin
sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə məhkəmə
araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
budəfəki iclas da qalmaqalla başlayıb.

Prosesin əvvəlində zərərçəkmiş Gülnaz Məmmədova və şahid qismində tanınmış
qızı ilə təqsirləndirilən bacılar arasında mübahisə olub. Mübahisə zamanı
zərərçəkmiş və qızı səslərini yüksəldib, A.Əliyeva və İ.Turkutu təhqir ediblər.

Hakim iclası pozduğuna görə şahidi zaldan kənarlaşdırıb, anasına isə
xəbərdarlıq edib: “Rəfiqəlik edəndə, evinə çağırıb qarşısına tortla çay qoyanda
məhkəmədən icazə almışdınız? Hamısı elə sizin qanunsuz yolla pul qazanmaq
tamahınızın nəticəsidir. Məhkəmə zalında sakit olun!”

Prosesin davamında Aytac Əliyevanın vəkili bir sıra vəsatətlə çıxış edib.

Vəkil iş üzrə adı keçən iki müstəntiqin məhkəməyə çağırılmasını, müvəkkilinin
səsi kimi təqdim edilmiş səs yazısının yoxlanılmasını və A.Əliyevanın 10-a
yaxın xəstəlikdən əziyyət çəkdiyini qeyd edərək ev dustaqlığına buraxılmasını
istəyib.

Məhkəmə qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd edib:
“İstintaq təcridxanasının müalicə müəssisəsi var. Ehtiyac yaranarsa, oraya
müraciət etmək olar”.

Digər vəsatətlər isə baxılmamış saxlanılıb. Daha sonra hakim bacılardan qızıl
alverindən qazandıqları pulları nəyə xərclədiklərini soruşub.

Eks-bələdiyyə sədri bu məsələdə də bacısını günahlandırıb:

“İlknurun dediyinə görə qızılları alandan sonra qiymət düşüb, ucuza satıb. Bu
işlərə görə klinikalardan birinin yanında affekt vəziyyətdə bacımı öldürmək
istəmişəm. Mən bacımın səhvlərinin qurbanıyam. Üç universitet bitirmişəm, indi
doktoranturada oxumalıyam, amma gəlib məhkəmədə mühakimə olunuram”.

Prosesin davamında iş materiallarının tədqiqi davam etdirilib. A.Əliyeva sənəd
saxtalaşdırılması epizodu üzrə də ittihamları təkzib edib, sənədlərin
saxtalaşdırıldığı tarixdə bələdiyyə sədri olmadığını deyib: “Orada söhbət
2014-cü ildən gedir. Həmin vaxt da mən bələdiyyə sədri işləməmişəm. Aidiyyətim
olmayan məsələyə görə niyə ittiham olunuram? İki ildir günahsız ola-ola
təcridxanada saxlanılıram”.

Məhkəmə heyəti məzuniyyətə getdiyinə görə proses oktyabrın 10-a kimi təxirə
salınıb.

Qeyd edək ki, bacılar 2021-ci ildə həbs ediliblər. Aytac Əliyeva Cinayət
Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd
hazırlama) maddələri, İlknur Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq)
maddəsi ilə ittiham olunur.

A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığındadır.

Source link