KOBİA sədri: “İnformasiya təhlükəsizliyi sahəsində peşəkar kadrların
yetişdirilməsində maraqlıyıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Sahibkarlıq subyektləri İnformasiya təhlükəsizliyi sahəsində tam şəffaflığa
nail olacaqlar. Bu sahədə peşəkar kadrların yetişdirilməsində maraqlıyıq”.
Cixisyolu.com xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikası Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres
Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılış
mərasimində deyib.
O bildirib ki, KOBİA kibertəhlükəsizlik sahəsində tədris müəssisələrinin də
artmasında, peşəkar kadrların yetişdirilməsində maraqlıdır:
“İnnovasiyalarla, o cümlədən İKT və kibertəhlükəsizlik sahəsində işləyən
sahibkarlara KOBİA tərəfindən startap şəhadətnamələrinin verilməsi mümkündür.
Startap şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, şəhadətnaməni aldıqları
tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və
gəlir vergisindən üç il müddətinə azad edilirlər. Bu sahədə fəaliyyət göstərən
sahibkarlarla bağlı müxtəlif müsabiqələr də keçiriləcək. Bu müsabiqələr barədə
KOBİA-nın rəsmi saytından tanış olmaq mümkündür.
Rəqəmsallaşma, xüsusilə, KOB-lar üçün çox vacibdir. Bu proseslər tam
rəqəmsallaşsa, artıq sahibkarlar heç nədən şikayət etməyəcəklər. Artıq sorğular
da onu göstərir ki, maliyyə məsələləri də rəqəmsallaşmalıdır. Ümumilikdə bu
tədbirin bütün sahələr üçün önəmini diqqətdə saxlamaq lazımdır. Bu gün
kiberhücumlardan müdafiə ilə bağlı yarışda iştirak edən komandalara uğurlar
arzulayıram”.
Könül Cəfərli