03f7f6fd-4f45-4687-b8e7-75d9ed851ad1..jpg

Körpələrə işgəncə verilən “Sevgi evi” sığınacağının rəhbərinin MƏHKƏMƏSİ başladı

Baxış sayı: 1. 249 dəfə baxılıb.

Körpələrə işgəncə verilən “Sevgi evi” sığınacağının rəhbərinin MƏHKƏMƏSİ
başladı

Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” qadın
və uşaq sığınacağının rəhbəri Könül Qasımova barədə Cinayət Məcəlləsinin 133-cü
(əzab vermə) maddəsi ilə başlanılan cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında Daxili İşlər Nazirliyinin
(DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu
Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, 10 may 2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov
qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə
verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən
sığınacağın rəhbəri Könül Qasımova barədə cinayət işi açılaraq araşdırma
aparılırdı. Bir neçə ay sonra qalmaqallı olayla gündəmə gələn “Sevgi evi”nin
müvəqqəti bağlandığı, sığınacaqdakı uşaqların isə ailə üzvlərinə və yaxınlarına
təhvil verildikləri bildirilmişdi.

Bu açıqlamanı isə sığınacağın sahibi Könül Qasımovanın atası, Ağdam Rayon İcra
Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov bəyan etmişdi. Amma
sığınacaq bağlanmayıb və indi də fəaliyyətdədir.

Sığınacaq sahibi Könül Qasımova, əvvəl olduğu kimi, indi də sosial
şəbəkələrdəki səhifələrindən “Sevgi evi”nə maddi dəstək göstərmələri üçün
Azərbaycandakı və ölkə xaricindəki xeyriyyəçi şəxslərə çağırışlar edərək,
sığınacağın aylıq kirayə haqqı, kommunal tələbatları və orada yaşayan kiçik
sakinlərinin sosial təminatı üçün hesab kartları paylaşır.

Onu da bildirək ki, “Sevgi evi” sığınacağında “Totu” ləqəbli sağlam uşağın iki
il ərzində döyülərək acınacaqlı hala düşməsi, hətta ölümə tərk edildiyi iddia
olunurdu.

İddialarla razılaşmayan Könül Qasımova ona böhtan atıldığını, ittihamla bağlı
hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdi.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsinə görə nəzərdə
tutulan azadlıqdan məhrumetmə cəzası iki il, ağırlaşdırıcı hallarda iki ildən
beş ilədək nəzərdə tutulur.

Source link