41225964-f993-43c1-8547-00263df3dae5.jpg

Küçə incəsənətində Azərbaycan koloriti: Qraffiti ölkə mədəniyyətini necə təbliğ edir?

Baxış sayı: 316 dəfə baxılıb.

Şərq və Qərbin unikal birləşməsi olan qədim şəhərin – Bakının küçələri çoxdan
müxtəlif özünüifadə formaları üçün meydana çevrilib. Onlardan ən parlaq və
mübahisəli olanlardan biri qraffitidir. Qədim məscidlər və qala indi cəsarətli
rəsmlər və qəliz yazılarla örtülmüş rəngarəng fasadlarla kontrast təşkil edir.
Bunları hasarlarda, binaların divarlarında və hətta tərk edilmiş obyektlərdə
görmək olar. Burada strit-art (müasir şəhər incəsənətinin istiqaməti. Bura
qraffiti, posterlər, trafaretlər, quraşdırmalar daxildir – red.) sadəcə
incəsənət deyil: bu, gənclərin şəhərin tarixi və mədəniyyəti ilə dialoqu,
sürətlə dəyişən dünyada öz kimliyini bəyan etməyin özünəməxsus üsuludur.

Maraqlıdır ki, Bakı qraffitisi Avropa və Amerika üslublarından fərqli
xüsusiyyətlərini qoruyub saxlayır. O, əsasən milli mədəniyyət və digər ənənəvi
motivlərdən ilhamlanıb ki, bu da ona təkrarolunmaz kolorit verir. Bakıda küçə
incəsənətinin inkişafı şəhərin mədəni həyatının bir hissəsinə çevrilir, onun
ritmini, sosial problemlərini və unikal gələcək baxışını əks etdirir.

Şəhər mədəniyyətinin bu yeni dövrü hələ də mübahisə mövzusu olaraq qalır:
kiməsə görə bu vandalizm aktıdır, kiməsə görə açıq səma altında qeyri-formal
qalereyadır. Amma yalnız bir şey dəqiqdir ki, qraffitiyə biganə qalmaq mümkün
deyil.

Urban mədəniyyətinin bu qolu ilə daha yaxından tanış olmaq üçün mən işlək
yoldan nəzərə çarpmayan, lakin içəridə əlvan rənglərlə dolu olan Bakı
həyətlərindən birinə yollandım. Bu məqalənin qəhrəmanlarını gözləyərkən,
fotojurnalistlə kəşfiyyata, yəni əraziyə baxış keçirməyə çıxdıq. Həyətdə yapon
üslubunda çəkilmiş qaban, “aerodrom” papağında və qırmızı mokasində göyərçin və
onu qovan “qaqaş”, Odri Hepbern, əlbəttə ki, çoxlu teqlər (teqqinq –
qraffitinin bir növüdür, müəllifin imzasının hər hansı səthə, çox vaxt ictimai
yerlərdə sürətlə çəkilməsindən ibarətdir – red.) və bir çox başqa şeylər gördük.

Strit-art dünyasına bələdçilərim “Urban Art Azerbaijan” birliyinin üzvləri,
rayterləri (qraffiti çəkən rəssamlar – red.) “Tovaich295”, “Gore 103”, “Kojo”
və “NE100” oldular. Biz gənclərin əsl adlarını açıqlamamağa söz verdik, öz
növbələrində onlar bizə tamamilə fərqli üslubda iki qraffitinin yaradılmasını
müşahidə etməyə və suallarımızı cavablandırmağa icazə verdilər.

“Barbi”, qoğallar və milli motivlər

Rayterlərin kətan kimi seçdikləri köhnə pilləkənin məhəccərində oturarkən məni
öz yaradıcılıqlarının incəlikləri ilə tanış etməyə başladılar.

“Qraffitinin iki tərəfi var – biri küçə, çirkli və kobud, digəri təmiz, parlaq
və səliqəlidir. Vandalizm və incəsənət arasında balansın qorunması –
qraffitinin bütün mahiyyəti bundadır. Biri digəri olmadan mövcud ola bilməz”, –
hip-hop aktivisti, “Urban Art Azerbaijan”ın təsisçisi “NE100” qeyd edir.

“Elə yerlər var ki, orada çəkmək olmaz, amma çəkmək istəyirsən”, – deyə “Gore
103” bildirib: “Gecə işə çıxmaq və “xarabalıqlarda” yaratmaq məcburiyyətində
qalırsan. Amma artıq orada da polislər tuturlar”.

Geyimlərin kastomizasiyası ilə məşğul olan digər rayter “Kojo” alternativ
haqqında danışdı: “Qaraj tapırsan, sahibi ilə razılaşırsan və irəli. Avropada
isə başqa praktika mövcuddur. “Legal-walls.net” saytı var, “Google Maps” kimi
bir platformadır, orada müxtəlif ölkələrdə leqal divarlar qeyd olunub”.

“Gore 103″ün sözlərinə görə, biz olan həyətdə rayterlərə xüsusi irad
tutmurlar: “Bundan əvvəl burada başqa rəsm var idi. Dağılan divarı təmir edəndə
ətrafı rəngləyiblər, amma qraffitinin özünə toxunmayıblar”.

Doğrudan da, mən qraffitinin yaradılması prosesini müşahidə edərkən, yerli
sakinlər yanımızdan keçirdilər. Bir çoxları maraqla rəsmlərə baxır və hətta
razılıqlarını bildirirdilər.

“Təəccüblüdür ki, müsbət reaksiya verirlər, çünki buna (“Tovaich295″in rəsmini
göstərir) baxırlar. Amma bunu (öz rəsmini göstərir) görəndə başqa reaksiya
olur. Onlar başa düşmürlər və dərhal başlayırlar: “sən etdiyin düz deyil, pis
şeylər çəkirsən” və s.”, – deyə “Gore 103” qeyd edir.

“İnsanlar müxtəlifdir və əlbəttə ki, vəziyyətlər də müxtəlif olur”, – “NE100”
hesab edir: “Kimsə aqressiya göstərə bilər, belə vəziyyətlərdə biz insana başa
salmağa çalışırıq ki, zərər vermirik. Axı, ilk növbədə, aqressiya baş verənləri
başa düşməməkdən yaranır. Çox vaxt həqiqəti çatdırmaq alınır, əks halda biz
dönüb gedirik. Aqressiyaya aqressiya ilə cavab vermək qətiyyən bizim qarşılıqlı
əlaqə üsulumuz deyil”.

“Tovaich295” məhz Azərbaycan mədəniyyətindən ilham alır: “Məndə hər şey Bakı
və milli motivlərlə bağlıdır. Bu yaxınlarda “Barbi” kuklalarını balonlarla
(aerozol boyası ilə – red.) rəngləyib kətana yapışdırdım. Bir də oxşar oğlan
çəkib yazdım ki, “Qoğal özünsən”. Bu həyətdə bir də “Kurlık kurlık” işi var.
Amma əsasən hər şey yerli koloritlədir”.

O hesab edir ki, belə özünəməxsus strit-art xariciləri də maraqlandıra bilər:
“Bizdə bu hələ o qədər inkişaf etməyib, ona görə də yerli koloritli qeyri-adi
işlər mütləq diqqət cəlb edəcək”.

Azərbaycanda qraffitinin inkişafı üçün əsas problemlərdən biri – rəsm çəkmək
üçün leqal divarların çatışmazlığıdır. Bir çox rəssamlar cərimələnmək riski ilə
qeyri-qanuni çəkməyə məcburdurlar. Şəhər hakimiyyəti tərəfindən xüsusi
fasadların ayrılması küçə incəsənətinə təkan verə bilərdi.

“Qeyri-qanuni işlərin sayı azalmamalıdır, eləcə də qanuni işlərin sayı,
genişlənmə bütün istiqamətlərdə getməlidir”, – “NE100” qeyd edir: “Deyə
bilmərəm ki, hökumət tərəfindən bizə doğru ciddi qərarlar var. Tək-tük
kommersiya sifarişləri hesaba alınmır. Biz hələ də leqal divarlara və böyük
fasadlara ehtiyac duyuruq. Üstəlik rəssamlarımız çoxdan ciddi layihələrə
hazırdır”.

Amma Bakı rayterlərinin əsas arzusu – qraffitinin incəsənət kimi tanınmasına
nail olmaqdır. “Hip-hop mədəniyyətinə dövlət tərəfindən dəstək qazanmağa kömək
etmək istəyirik ki, heç bir maneə olmasın”, – “Tovaich295” deyir. O, Bakıda
rəssamların, rəqqasların və musiqiçilərin yaradıcılıq üçün öz leqal məkanının
olacağı urban parkın yaradılacağına ümid edir: “Bu, həm görməli yer, həm də
müəyyən mədəniyyət mərkəzi olardı. Həm ölkəyə yaxşıdır, həm də bizə yaxşıdır,
heç kim mane olmayacaq”.

“Qraffiti və hip-hop mədəniyyətinin inkişafına rəsm çəkmək üçün leqal
divarların olması təkan verə bilər. Kimsə qeyri-qanuni çəkməyi üstün tutur,
bunun öz cazibəsi var. Amma xeyli sayda rəssam var ki, belə yanaşma onlara xoş
gəlmir. Onların istedadı qiymətlidir və hansısa təklifləri və sifarişləri
gözləməklə məcburi olaraq tənəzzül edir. Leqal divar bu problemi həll edərdi və
bir çoxlarına cərimələnmək riski olmadan özünü sınamaq şansı verərdi. Bunda
yalnız hakimiyyət nümayəndələri kömək edə bilərlər”, – “NE100” qeyd edir.

Hələlik bu arzu reallıqdan uzaqdır. Amma Bakı rayterləri təslim olmur və
şəhəri bəzəməyə davam edir, darıxdırıcı şəhər mənzərələrinə həyat və rənglər
əlavə edirlər.

“Sən keçirsən və boz divara baxmırsan, rəsmə baxırsan. Və dərhal elə gəlir ki,
o canlıdır, onda hansısa ruh var, mesaj var”, – “Tovaich295” izah edir.

Bəlkə də nə vaxtsa bu mesaj eşidiləcək və Azərbaycanda qraffiti əsl incəsənət
statusu qazanacaq. Kim bilir, bəlkə də məhz köhnə həyətlərin divarlarındakı bu
cəsarətli şəkillər müasir Azərbaycan mədəniyyətinin yeni üzü olacaq.

Daha çox foto burada: PhotoStock.Az.

Rufina Abdullayeva

Source link