ac0b20df-3139-409a-a038-44ac5e84e566..jpg

Kukla Teatrının direktoru: “Yaşar Nuri 1-2 məşqdən sonra dedi ki, bəlkə kuklasız oynayım?” – FOTO

Baxış sayı: 908 dəfə baxılıb.

Kukla Teatrının direktoru: “Yaşar Nuri 1-2 məşqdən sonra dedi ki, bəlkə
kuklasız oynayım?” – FOTO

Uşaqların dünyası oyuncaqlardan – kuklalardan, teatrın dünyası isə Kukla
Teatrından başlayır. Hər iksinin başlanğıcı kuklalardır. Bəli, yolumuz Abdulla
Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrınadır.“Kaspi”

qəzetinin həmsöhbəti teatrın direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi
Rəşad Əhmədzadədir.

“Uşaqlar ən təmiz tamaşaçıdır”

“Teatr mənim üçün çox önəmlidir”, – deyir Rəşad bəy: “Teatr fəaliyyətinə səhnə
maşinistliyindən başlamışam. Musiqili Teatrda direktor müavini, Kukla Teatrında
direktor vəzifəsinə qədər gəlmişəm. Bütün teatrların istənilən yaradıcı insanı
mənim üçün çox əzizdir. Kukla Teatrı mənə o biri teatrlardan bir az daha
yaxındır. Çünki 1996-cı ildən burada fəaliyyət göstərirəm. Bütün teatrların
aktyorları eyni universiteti bitirib, eyni təhsili alıb. Amma səhnə məsələsinə
gəlincə, Kukla Teatrının aktyorlarının bütün səhnə ömrü, yaradıcılıq həyatı
şirmanın və ya üzlüyün arxasında keçir. Yəni digər teatrlarda 20 aktyor varsa,
ən azı 10-u artıq tanınır. Bizdə isə 25 nəfərdən biri-ikisi tanınır, o da
əsasən çəkildikləri verilişlərin hesabına. Düşünürəm ki, onlara mən tərəfdən
dəstək daha çox olsa, yaxşıdır. Universiteti bitirən uşaqlar bəzən bura
müvəqqəti – 1-2 illik işləməyə gəlirlər ki, sonra başqa teatra getsinlər. Amma
çox vaxt dəvət alsalar da, getmirlər. Yəqin ki, uşaqlarla ünsiyyətdən, uşaqlar
üçün oynamaqdan daha böyük zövq alırlar. Uşaqlar ən təmiz tamaşaçıdır. Onları
aldatmaq, hər hansı maraqsız tamaşanı maraqlı adıyla təqdim etmək də mümkün
deyil”.

“Yaşar Nuri kimi istedadlı aktyorumuz dedi ki…”

Kukla Teatrının aktyorlarının fərqindən, işlərinin çətin tərəflərindən də
danışdı Rəşad bəy: “Plastikası olmayan aktyor bəlkə də başqa teatrlarda işləyə
bilər. Amma Kukla Teatrında bu mümkün deyil. Çünki kuklaidarəetmədə ilk şərt
aktyorun plastikasıdır. Çünki o, istər-istəməz aktyorun kuklasına köçür.
Təsəvvür edin, aktyor səhnəyə çıxmaq üçün tamaşanın sözlərini əzbərləməli,
tələffüzünü müəyyənləşdirməli, səsini dəqiqləşdirməlidir. Üstəlik, 5-6 kq
ağırlığında kuklanı bir saat ərzində səhnədə saxlaya bilməlidir. O qədər məşhur
aktyorlar olub ki, gəlib hər hansısa obrazı canlandırmağa. Amma kuklayla 3-5
məşqdən sonra alınmayıb. Yaşar Nuri kimi istedadlı aktyorumuz “Məşədi İbad”ı
oyanayada 1-2 məşqdən sonra dedi ki, bəlkə kuklasız oynayım? Digər səhnələrdə
aktyorun ancaq özü oynayır, amma burada mimika, intonasiya, jestlər də kuklaya
köçməlidir”.

“Teatr var və həmişə də olacaq”

Rəşad bəy başqa bir məqama da toxundu: “Bəzən deyirlər ki, teatr ölüb! Xeyr!
Belə bir şey yoxdur! Tamaşaların hamısı, demək olar, anşlaqla keçir. Narazılıq
edənlərsə heç vaxt teatra getməyənlərdir. Soruşursan, heç yadına düşmür ki, nə
vaxt teatra gedib. Texnologiyanın yüksək inkişafı dövründə yaşayırıq. Fikir var
ki, bu, teatra, teatrın inkişafına mənfi təsir edəcək. Mən belə düşünmürəm.
Teatr var və həmişə də olacaq. Çünki teatrın öz tamaşaçısı var. Teatr bu
baxımdan bəxti gətirməyən sahədir. Elə təzə nə yaranıb, deyiblər ki, vəssalam,
teatr dəbdən düşəcək. Amma inanın ki, əlində planşetlə zala daxil olan uşaqlar
belə, tamaşa başlayan kimi, planşeti bir tərəfə atıb, maraqla izləyiblər. Yəni
tamaşa yaxşıdırsa, maraqlıdırısa, uşaq ona baxacaq”.

“Bizdə əsas fikir tamaşaçınındır”

“Repertuar əsasən uşaqların reaksiyasına uyğun yenilənir, müəyyənləşdirilir”,
– deyir Rəşad bəy: “Təxminən 10 tamaşadan sonra bəyənilib-bəyənilmədiyini
müzakirə edirik. Xoşa gəlməyən tamaşanı repertuarda saxlamağın mənası yoxdur.
Hazırda dünya və öz klassikamız, üstəlik müasir əsərlərdən ibarət 44 tamaşalıq
repertuarımız var. Rejissorun, bəstəkarın – hamının baxış bucağına hörmətlə
yanaşırıq. Amma bizdə əsas fikir tamaşaçınındır. O bəyənirsə, bilet satılırsa,
deməli, alınıb. Amma tamaşaçı qəbul etməyibsə, deməli, işimizdə bir dəyişiklik
etməliyik. İşimiz digər teatrlardan həm də ona görə fərqlənir ki, biz həm
uşaqları razı salmalıyıq, həm də valideynləri. Çünki valideyn bəyənməsə uşağını
gətirməyəcək, uşaq bəyənməsə, valideyn gətirsə də, içəri girməyəcək. Yəni
işimiz ikiqat çətinləşir. Bizim teatrımız digər teatrlara tamaşaçı hazırlayır.
Axı bura lap balacalar gəlir. Tamaşaçının zövqünü korlamağa haqqımız yoxdur.
Repertuarımız yüz ölçülüb, bir biçilir. İşimiz həm də uşaqlarda teatra sevgi
yaratmaqdır”.

“Teatrın kuklaları bizim üçün canlıdır”

Rəşad bəy deyir ki, teatrın kuklaları bizim üçün canlıdır: “Yaranmağa
başladığı ilk gündən necə hazırlanmasını izləyir, əlinə alır, hiss edirsən. Tam
hazır olana qədər yavaş-yavaş ona alışırsan. Kuklanın bütün mexanizmi aktyorun
fiziki ölçülərinə, əlinə uyğun hazırlanır. Beləliklə, kukla aktyorla
doğmalaşır”.

Rəşad bəy deyir ki, 15 il əvvəl onların hansısa bir festivala getmələri müşkül
məsələ olub: “Tamaşanın videosunu göndərməliydik, seçilsə, müsabiqədən keçsə,
gedə bilərdik. Dəfələrlə ölkəmizdə beynəlxalq teatr festivalları keçirildi.
Xarici ölkə teatrları bizi, biz onları izlədik. Yəni yaradıcılıq mübadiləsi
getdi. Son 5-6 ildə festivallara demək olar ki, müsabiqəsiz gedirik, bizdən heç
video tələb olunmur. Hətta 90 faiz bütün xərclərimizi də dəvət edən tərəf
qarşılayır. Dövlət proqramının bizə daha bir böyük xeyri o idi ki, bəzi
kuklaları xaricdə sifariş etməli olurduq. Amma indi hamısı burada hazırlanır”.

Source link