d418b1c6-4d7b-41ce-a99a-087ab34fca29..jpg

“Laçınım mənim” mahnısının sözlərini kim yazıb? – FOTO

Baxış sayı: 546 dəfə baxılıb.

“Laçınım mənim” mahnısının sözlərini kim yazıb? – FOTO

Azərbaycanda Laçın şəhəri günü keçirildi. Laçın dağlarından bu gözəl diyarın
himninə çevrilmiş “Laçınım mənim” mahnısı səsləndi. Laçın həsrəti ilə
yanıb-tutuşan, o dağların eşqi ilə yaşayan şəlalə səsli Məhəbbət Kazımov özü
gedə bilməsə də, səsi getdi göz açdığı torpaqlara. 30 ilə yaxındır dillərdən
düşməyən bu gözəl mahnı necə yaranıb?

Lent.az “Laçınım mənim” mahnısının yaranması haqqında araşdırma aparıb.

Öncə onu qeyd edək ki, mahnı populyarlaşdıqdan sonra onun haqqında “mən
yazmışam” deyənlər çox olub. İllərlə mahnının bəstəkarı kimi Məhəbbət Kazımovu
bilsək də, onun ölümündən çox sonra həmkarı, keçmiş duet ortağı Könül Kərimova
bildirib ki, mahnının musiqisini o bəstələyib, amma vaxtında səsini çıxarmayıb.

Söz yazarı olaraq da ortalıqda bilindiyi kimi, iki yox, hətta üç nəfərin adı
hallanıb. Əslən Laçından olan coğrafiya müəllimi Osman Alıoğlu, tovuzlu polis
Fəxrəddin Rəhimov və Xalq şairi Məmməd Aslan.

Araşdırma nəticəsində mahnının sözlərinin müəllifinin Osman Alıoğlu olduğu
ortaya çıxıb.

Osman Alıoğlu məşhur mahnının yaranmasından danışıb:

“Mən əslən Laçının Mişni kəndindənəm. 65 yaşım var. 1976-81-ci illərdə Bakıda
Lenin adına Pedaqoji İnstitutda coğrafiya ixtisasını bitirmişəm. Hazırda da
müəllim işləyirəm. Laçın işğal olunanda Qubadlıda məskunlaşmışdım. Bu şeir
1993-cü il mayın 17-də Həkəri çayının sahilində yazılıb. Mənim qaçqınlıq
dövründə şeirlərim çox idi. Bu şeirin adı “Laçınım, sevincim, kədərim mənim”
idi. Laçının işğalının birinci ildönümü ilə əlaqədar yazılmışdı. Məhəbbət
Kazımovla tanışlığımız mahnı bəstələndikdən sonra olub. O, mahnını ilk dəfə
1997-ci ilin sonlarında Füzulidə, əsgərlərin qarşısında oxuyub.

O, efirdə oxuyanda, dəftərimi götürüb baxdım ki, mənim şeirimdir, amma
sözlərin yerini dəyişiblər. O vaxtlar bir jurnalist dostum var idi, Məhəbbət
Kazımovla tanış idi, ondan xahiş etdim ki, bizi görüşdürsün. Bilmək istəyirdim,
bu şeiri haradan əldə edib. Burada bir haşiyə çıxım. 1994-95-ci illərdə mən
“Təzadlar” qəzetində altı ay işləmişdim. Laçının işğal günü ilə bağlı qəzetə üç
şeir vermişdim, o şeirlər redaksiyadan yox oldu. Kimsə götürmüşdü. Mən şeirin
Məhəbbət müəllimin əlinə necə keçməsi ilə maraqlandım. Məhəbbət müəllim ilk
görüşdə mənə dedi ki, bu şeiri mənə əslən tovuzdan olan yol polisi Fəxrəddin
Rəhimov verib, dedi ki, araşdıracağam. Sonra Fəxrəddini də çağırdı, məni də,
bizi üzləşdirdi. Yanımızda 15 nəfərə qədər şair də var idi. O məclisdə isbat
olundu ki, şeir mənimdir. Fəxrəddin, sadəcə, sözləri dəyişib. Şeir Fəxrəddinin
əlinə keçib, verib Məhəbbət müəllimin yeznəsinə.

Sonralar Könül xanımın da iddiası səsləndi. Məni təəccübləndirən odur ki, niyə
Fəxrəddin və Könül 2014-cü ilə, yəni Məhəbbət müəllim rəhmətə gedənə qədər bu
söhbəti etmədilər, öləndən sonra danışdılar. Məhəbbət elə şəxs idi ki, əsla
yalan danışmazdı. O, məğrurluğun, kişiliyin rəmzi idi. Nə vardısa, sözü üzə
deyərdi, indi belə insanlar çox azdır. O heç vaxt başqasının beyin məhsulunu öz
adına çıxa bilməzdi. Haqqın tərəfdarı idi o kişi. Sonralar “Min bir mahnı” adlı
bir kitab çıxmışdı, o kitabda “Laçınım mənim” mahnısının sözlərinin müəllifi
kimi şair Məmməd Aslanın adı qeyd edilmişdi. Müəllifin kimliyini bilməyib onun
adını yazmışdılar. Məhəbbət Kazımov mənim də xəbərim olmadan Məmməd müəllimlə
danışmış, o da şeirin onun olmadığını demişdi. O kitabların hamısını satışdan
yığışdırıb, yenidən dərc etdirdi və müəllif kimi mənim adımı oraya saldırdı.
Sonralar da Müəllif Hüquqları Agentliyinə müraciət edərək, bu mahnının
sözlərinin müəllifi kimi mənim adımı yazdırıb. Bir neçə sözün yerini mahnının
ahənginə uyğun olsun deyə dəyişmişdi, onun da razılığını, halallığını məndən
aldı.

O, Könül xanımın yazdığı mahnıya onun gözü bax-baxa “mənimdir” deməzdi. Zəng
vurdu mənə, Könül xanım da yanındaydı, dedi ki, qardaşoğlu, balaca bir
dəyişiklik eləmişik. Cavab verdim ki, o, sadə bir şeirdir, sizin səsiniz onu
gözəl edib, sizə həvalə edirəm. Hələ də qulağımdadır səsi, qayıtdı ki,
başqasının sözünü öz adıma çıxsam, bu, nakişilik olar”.

Osman müəllim adının bəzən mediada Osman Alovlu kimi yazılmasına da münasibət
bildirib:

“Bəziləri elə bilirlər, təxəllüs götürmüşəm. Mən Alovlu deyiləm, sakit bir
kişiyəm, odla, alovla işim yoxdur. Soyadım Alıyevdir, Məhəbbət Kazımov mənim
adımı Müəllif Hüquqları Agentliyinə Alıoğlu kimi təqdim eləmişdi. Hələ bir dəfə
gülə-gülə dedi ki, mənim də adım Möhübbətdir, Məhəbbət eləyiblər. O vaxt
AzTV-də gözəl diktorumuz Roza Tağıyeva onun adını Məhəbbət Kazımov kimi təqdim
etmişdi, sənəddə adı Möhübbətdir, qardaşları Qənimət, Əhliyət də təsdiq
edərlər. Bizim rayonda Məhəbbət kişi adı yoxdur, Möhübbət olub, Məhəbbət
olmayıb”, – deyə o bildirib.

Laçın şəhəri günündə mahnının sözlərini fərqli şəkildə eşitdik, müğənni
Ehtiram Hüseynov “Laçınım mənim”i fərqli sözlərlə oxudu, daha həsrət, ayrılıq
nəğməsi deyildi o. Osman müəllimin bundan xəbəri varmı? Sualı cavablandıran
müəllif bildirib ki, yeni sözləri onun həmyerlisi, jurnalist Şərif Ağayar yazıb:

“Şərifin yazdıqlarını oxudular. Etirazım, iradım yoxdur, əsas odur, Laçın
azaddır. Oraya dönəcəyimiz günü səbirsizliklə gözləyirəm”, – deyə Osman müəllim
qeyd edib.

O hazırda Qaradağ rayonunda, Ümid qəsəbəsində yaşayır. Laçına qayıtmaq daha
ümid, arzu deyil, reallıqdır. Laçın öz sakinlərinə qucaq açıb, yol gözləyir.
Tezliklə bütün ellərində, obalarında ocaqlar tüstülənəcək, toylarında bu hava
səslənəcək. İndi daha nisgili yox, unudulmamalı olan bir tarixi hayqıracaq
“Laçınım mənim”.

Source link